Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:10

Buğda ƏDV-sindən qazananlar və itirənlər


Foto: Arxiv
Foto: Arxiv
-
Xaricdən Azərbaycana gətirilən buğda yenidən Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib.

Nazirlər Kabinetinin (NK) sentyabrın 24-də verdiyi bu barədə qərar 1 il qüvvədə olacaq. Belə bir qərar 5 nazirliyin və bir dövlət komitəsinin razılaşdırılmış təkliflərindən sonra qəbul edilib.

Hökumət ƏDV-nin ləğvini çörəyin qiymətinin bahalaşmaması və yarana biləcək qıtlığın qarşısının alınması ilə əsaslandırır. Amma müstəqil ekspertlər hökumətin mövqeyini bölüşmürlər.

İqtisadçı Natiq Cəfərli ümumilikdə çörək istehsalını inhisarçı sahə saymır. Deyir, müəyyən rüşvət proseduralarından sonra istənilən adam bu sahə ilə məşğul ola bilər.

BUĞDA VƏ UN İDXALINA HİMAYƏDARLIQ EDƏN MƏMURLAR

Amma iqtisadçı bunu xaricdən buğda və un gətirilməsinə aid etmir. O, son illər bu sahəyə məmur oliqarxların himayədarlıq etdiyini bildirir və hesab edir ki, 18 faizlik ƏDV-nin ləğvi də daha çox həmin inhisarçılara sərf edir. Natiq Cəfərli çörəklə siyasətin bir-birinə bağlılığı amilini də önə çəkir. Onun fikrincə, elə bu həssaslıqdan istifadə edənlər hökuməti güzəştlərə məcbur edirlər:

«Çörəyin qiymətinin artması hamıya təsir edə biləcək həssas məsələ olduğu üçün hökumət belə bir addım atmağa məcbur olur. Çörəyin qiymətinin sabit saxlanılması fonunda büdcənin ƏDV-yə görə itirdiyi 150 milyon manat hökumətin gözünə o qədər də görünmür. Büdcənin itirilməsi hökuməti daha az maraqlandırır, nəinki cəmiyyətdə yarana biləcək narazılıqlar. Ona görə də, hökumət büdcə itkilərinə razı olaraq bu addımı atır».

İNHİSARÇILARDAN HÖKUMƏTƏ SEÇİM
Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərliyə görə, çörəyin bahalaşmasının sosial narazılıqlara təsir edə biləcək amil olduğunu əsas hədəf götürən inhisarçılar hökumətə iki seçim təklif edirlər:

«Ya ƏDV-ni aşağı salmaq, ya da qiyməti qaldıraraq sosial narazılıqlar üçün zəmin hazırlamaq. Əlbəttə ki, hökumət ikincinin baş verməsində maraqlı deyil».

İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov isə mövsümi olaraq ƏDV-nin ləğv olunmasını ölkənin aqrar siyasətindəki çatışmazlıqlarla izah edir. Deyir, əslində hökumət ƏDV-ni tətbiq etməklə ölkədə taxılçılığın inkişafını stimullaşdırmaq istəyir.

Ekspertə görə, hökumətin bu siyasəti baş tutmadığı üçün dövlət büdcəsi ikitərəfli itkiyə məruz qalır. Bir tərəfdən, hökumət 18 faiz həcmində büdcəyə çatacaq vəsaitdən imtina edir, digər tərəfdən, hər il kənd təsərrüfatına 110 milyon manat yaxın subsidiyalar istənilən nəticəni vermir:

«Bu, hələ son deyil, kənd təsərrüfatı torpaq vergisindən başqa bütün vergilərdən də azaddır. Bununla yanaşı, hər il bu sahəyə 110 milyona yaxın subsidiya ayrılır».

ÖLKƏYƏ BUĞDA İDXALINDA MARAQLI ŞƏXSLƏR
Foto: Arxiv
Foto: Arxiv

Vahid Məhərrəmova görə, büdcənin bu qədər vəsait itirməsinə baxmayaraq, vətəndaşlar keyfiyyətli çörəklə təmin olunmur. Ekspert iddia edir ki, hazırda Qazaxıstandan Azərbaycana idxal olunan buğda 4-cü sinif buğdadan da keyfiyyətsizdir:

«Bu gün hökumət strukturlarında elə adamlar var ki, onlar ölkəyə daha çox buğda idxalında maraqlıdırlar. Təsəvvür edin, hər il 1 milyon 400 min buğda idxal olunur. Hər tonundan 1 manat qalırsa, görün, bu nə qədər vəsaitdir. Heç bir əziyyət çəkmədən, heç bir problemi düşünmədən, bunun həlli ilə bağlı heç bir addım atılmadan kabinetdə oturub milyonlarla vəsaitə sahib olursan».

Vahid Məhərrəmova görə, bu addımı atanlar dünya bazarında qiymət artımını əsas gətirərək çörək qıtlığı ola biləcəyi ilə bağlı ajiotaj yaradırlar. Ekspertə görə, əslində dünyadakı narahatlıq Azərbaycana idxal edilən 4-cü sinif buğda ilə deyil, əsasən 1, 2 və 3-cü sinif buğda növləri ilə bağlıdır.

İDARƏ RƏİSİ: İSTƏYİRİK UCUZLUQ OLSUN

Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev isə iqtisadçıların fikirlərinə etiraz edir. Bildirir ki, hökumətin bu addımı ölkəyə daha çox buğda gətirilməsi və ucuzluq yaradılması ilə
Foto: Arxiv
Foto: Arxiv
bağlıdır:

«Niyə monopolistlər, biz istəyirik ki, qiymət qalxmasın. Biz ehtiyatımızı yaradırıq. Ola bilər, dünyada taxılla bağlı problem olsun. Bu baxımdan da dövlət belə bir addım atır ki, ehtiyat çox olsun. Ölkənin çörəklə təminatında heç bir problem olmasın».

«BİZ HEÇ VAXT ELƏ BUĞDA ALMARIQ»

Qaldı ki, ölkəyə aşağı növ buğda gətirilməsi ilə bağlı iddialara, Sabir Vəliyev bu barədə məlumatların doğru olmadığını deyir:

«Biz heç vaxt elə buğda almarıq. Biz 1-ci və 2-ci sinif buğdalar alırıq. Ölkəyə gətiriləndə ayrı-ayrı qurumlar yoxlayır. Məsələ özbaşına deyil axı. Biz qoyarıq heç belə keyfiyyətsiz taxıl gəlsin ölkəyə?».

Sabir Vəliyev deyir ki, Azərbaycan özünü 85 faiz yerli məhsulla təmin edir, qalan 15 faiz isə əsasən Qazaxıstandan gətirilir. xaricdən gətirilən buğda daha çox ehtiyat fonduna yığılır, bu da gələcəkdə dünyada baş verə biləcək qıtlığın ölkədə hiss olunmaması üçündür.

Rəsmi məlumatlara görə, Azərbaycanın buğdaya olan illik tələbatı 2 milyon 800 min tondur.

Onun 1 milyon 800 min tona yaxınının ölkədə istehsal olunduğu, qalanın isə xaricdən, əsasən Rusiya və Qazaxıstandan gətirildiyi bildirilir.
XS
SM
MD
LG