Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:22

Viktor Hüqonun son közərtisi


Viktor Hüqo

Viktor Hüqo

-

Hüqo hər səhər gəzmək adıyla evdən çıxıb birbaş 21 nömrəli evə gedir, ixtiyarında olan bir neçə saatı sevgilisinin yanında keçirirdi.

Elə məst olmuşdu ki, Viktor Hüqo olduğunu da unutmuşdu...




VİKTOR HÜQONUN SON KÖZƏRTİSİ

(Fəxri Uğurlunun tərcüməsi)


Hüqonun sadiq sevgilisi Cülyetta Drue böyük yazıçını Blanş Lavin adlı gənc qızla tanış edəndə heç ağlına da gəlməzdi ki, özünü neçə illik qısqanclıq əzabına düçar eləyib.

Viktor Hüqoya isə bu görüş ömrünün qürub çağında sevgi deyilən ən böyük xoşbəxtlikdən bir neçə il həzz almaq imkanı yaratdı...

1872-ci ildə Hüqonun 50 ildən bəri ən sadiq sevgilisi və köməkçisi Cülyetta Drue 70 yaşlı Ustadın yazılarının üzünü köçürmək kimi sevdiyi bir işdən əl çəkməli olduğunu anladı.

Revmatizmə tutulmuş bu qadına xəstəlik dəhşətli əzab verirdi. Buna görə də o, gözəl xətti və səliqəsi olan Mariya Blanş Lavin adlı gənc və ciddi bir qız tapdı.

Gənc qız Hüqolar ailəsinə qoşulub böyük romançının yaşayıb-yaratmaq üçün çox əlverişli saydığı Gernsi adasına getdi.

Yazıçının gündəliklərinə əsaslanıb demək olar ki, Gernsi adasına gəldiyi günlərdə Hüqonun Blanşa münasibətində bir qəribəlik yaranmağa başlayıb.

Gözəl qızla təmasda olmaq Hüqonun ürəyini tərpədir və hətta onun həmişəkindən daha coşğun işləməsinə təkan verir.

1872-ci ilin sentyabrından 1873-ün iyul ayına qədər Blanş Alba ləqəbi ilə Hüqonun gündəliklərinin hər səhifəsində görünür.

Öz sirlərini latın və ispan dillərində yazan Hüqo ömrünün sonuncu sevgi romanının bir detalını da olsun, gündəliyindən gizlətməyib.

Hüqo gənclərin həsəd apara biləcəyi bir qızğınlıqla hücuma keçir. Ancaq Blanş hələ təslim olmağa hazır deyil. Yalnız 1873-cü ilin aprelində o özünü böyük yazıçıya bağışladı.

Xəstəliyin toruna düşən biçarə Cülyetta ənənəvi gəzintilərdə Hüqonu müşayiət edə bilmirdi. Onu Blanş əvəz eləyirdi. Onların gəzintisi uzun sürürdü və hər dəfə yol dənizə dirənirdi...

Ancaq günlərin birində Hüqonun gündəliyi Cülyettanın əlinə düşür və hər şey aydın olur.

Yox, o öz sevgilisini heç kəsə güzəştə getməzdi! Qəzəbli göz yaşları Viktorun üstünə yağır və yazıçı qorxa-qorxa özünə haqq qazandırmağa çalışır.

Culyetta Drue

Culyetta Drue

Cülyetta ultimatum verir: "Qız yubanmadan burdan getməlidi!" 1 iyul 1873-cü ildə Hüqo gündəliyinə bu sözləri yazacaq: "Bu səhər Blanş getdi".

Ancaq Viktorla Blanş başqa kələyə əl atırlar. Böyük romantik qeyri-adi bir plan hazırlayır.

Qız gizlicə Gernsiyə qayıtmalıydı. Yazıçı artıq ona ev də tutmuşdu. Gündəlikdə yalnız evin nömrəsi (21) qalıb.

Hər səhər gəzmək adıyla evdən çıxıb birbaş 21 nömrəli evə gedir, ixtiyarında olan bir neçə saatı sevgilisinin yanında keçirirdi.

Elə məst olmuşdu ki, Viktor Hüqo olduğunu da unutmuşdu. Bu balaca şəhərdə hamının bir-birini tanıdığı da yadından çıxmışdı.

Və günlərin birində Blanşın yaşadığı evə gələndə yan-yörəsindəki adamların pıçıldaşdığını eşitdi: "Bu - müsyö Hüqodu". Yazıçı öz həyəcanını ispan dilində gündəliyinə köçürür: "Camaat məni tanıyır. Blanşı yola salmaq lazımdı".

...Sonra qızı gəmiylə yola salır, ancaq adada duruş gətirməyib tezliklə özü də Parisə gedir.

Blanş onun qonşuluğundakı ailə pansionunda yaşayırdı. Gizli və sakit xoşbəxtlikdən həzz alma dövrü yenə başlanır və yenə bu sakitliyi Cülyetta pozur.

Hüqonun gündəliyində o günün sarsıntıları bircə sözə yığılıb: "Dəhşət".
Bir gün evə dönəndə masanın üstündə Cülyettanın xəttiylə yazılmış bir məktub görür. O hər şeyi bildiyini və çıxıb getdiyini yazmışdı. 67 yaşlı Cülyettanın xasiyyəti elə əvvəlki kimi idi...

Beləcə, iki sevginin arasında qalan Hüqo tanış-bilişlərə teleqram göndərib Cülyettanı soraqlayır. Onu itirmək qorxusu bir müddət Blanşı unutdurur.

Bir yandan da Blanş müsyö Hüqonun soyuqluğundan narahat olub ümidsizliyə qapılır.

Nəhayət, bir dostundan Cülyettanın Brüsseldə olduğunu öyrənir. Cülyettaya bir-birinin ardınca teleqramlar göndərir. Qayıtmağını xahiş edir.

Cülyetta əvvəl etiraz eləyir, sonra isə razılaşır. Hüqo sevincdən və səbirsizlikdən başını itirir:

"8.15-də mən artıq şimal vağzalındayam. Qatar isə 9.05-də gələcək... Biz görüşdük. Bədbinlik ömrünü xoşbəxtliyə bağışladı. Mən onu meydanın küncündəki restorana apardım, gecəysə biz bir yerdə yatmışdıq. Həftəni gözəl keçirdik..."

İki gündən sonra isə yenə Blanşın ağuşundaydı. Alba ləqəbi gündəlikdə yenə görünməyə başladı.

Ancaq bir gün Hüqo Cülyetta ilə söhbətində çaşıb ona: "Mənim əziz Blanşım..." deyə üz tutur.

Bu, əsl partlayış idi. Cülyetta hikkəsindən özünə sığışmırdı. Bu dəfə öz rəqibiylə mütləq haqq-hesabı üzməliydi.

Bütün vasitələrə əl atmaq lazımdı, bu halda bütün vasitələrə bel bağlamaq olar.

Qızın özüylə də, anasıyla da danışmaq pis olmaz. Hüqonun qızıyla yeznəsini də bu işə qoşmaq lazımdı.

Yeznəsinin onsuz da yazıçıdan zəhləsi gedirdi və tez-tez onu nəvələrinin üzünə həsrət qoyacağıyla hədələyirdi.

Viktor Hüqo bundan çox qorxurdu...

Bu dəfə Viktor öz sevgilisindən biryolluq aralanmalı oldu.

1 oktyabr 1879-da gündəliyinə bu sözləri yazmışdı: "M-l Blanş - 500 frank". 17 dekabr 1879: "Blanşın toyu. O, dekabrın 2-də ərə gedib. Mənə məktubla bildirdilər".

Günün bütün mövzuları

XS
SM
MD
LG