Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:05

«Polis dələduzluq cinayətini ört-basdır edir»


Arxiv foto
Arxiv foto
Uzun müddət başqa ölkədə yaşayan və Azərbaycana qayıdaraq ev-eşiyə sahib olmaq istəyən dinləyicimiz Məhərrəm Məhərrəmov «Qaynar xətt»ə şikayət edib ki, dələduzluqla üzləşib. Onun sözlərinə görə 3 il əvvəl yaxın qohumunun vasitəsi ilə tanış olduğu və ev alqı-satqısı ilə məşğul olan Zahir Əliyevdən ev alıb. Ancaq 1 aydan sonra həm evi, həm də ödədiyi pulları ilə vidalaşmalı olub. Bu necə baş verib şikayətçi danışır:

«Ev üçün 37 min dollar vermişəm. İçərisinə yığışandan 5 gün sonra Zahir Əliyev gəldi dedi ki, evə başqa müştəri tapmışam, o, evi baha qiymətə almaq istəyir, sənin pulunu qaytarım, evdən çıx. Mən evə köçəndən sonra evin şəraitsizliyi, nəmişliyi üzə çıxdığına görə Zahir Əliyevlə dərhal razılaşdım. O, mənə 13 min dollar verdi, dedi ki, pulun qalanını da yaxın günlərdə verəcək. Ancaq bir neçə gündən sonra dedi ki, fikrimi dəyişmişəm, evi satmalı olmadım, 13 min dolları qaytar. Mən də pulu qaytardım. 1 ay da keçdi, Zahir Əliyev yenə evimə gəldi, dedi, evi 62 min dollara almaq istəyən var, sən evdən çıx, o adamı yerləşdirim evə, ondan pulu alıb sənə verəcəyəm. Zahir Əliyevlə məni calaşdıran yaxın qohumum dedi ki, arxayın ol, etibarlı adamdır, səni aldatmaz. Mən də inanıb evdən çıxdım. O vaxtdan evdə başqası yaşayır, özüm qalmışam qapılarda, Zahir Əliyevdən də pulumu ala bilmirəm».

Məhərrəm Məhərrəmov deyir ki, Zahir Əliyev ona borclu olması barədə öz xətti ilə yazılmış iltizam da verib. Ancaq bu iltizam notarius tərəfindən təsdiqlənmədiyindən heç bir hüquqi əsası yoxdur. Bununla belə, Zahir Əliyevin ona borclu olduğunu təsdiqləyən şahidlər var.

«EV ÜÇÜN TAM ÖDƏNİŞ ETMƏMİŞDİLƏR... »

Zahir Əliyev «Qaynar xətt»ə bildirib ki, ev alqı-satqısı ilə məşğul olur.
Deyir, 3 il əvvəl Məhərrəm Məhərrəmova yox, onun yaxın qohumuna 37 min dollara ev satıb. Həmin şəxs evin pulunu tam ödəmədiyinə görə, evi ona qaytarıb:

«Onlar evin pulunu tam ödəyə bilmədilər, mən də satdım başqasına, o adam hələ evin pulunu verməyib. Məhərrəm Məhərrəmovun qohumuna 23.500 dollar borcum var. Çünki dediyim kimi, ev üçün tam ödəniş etməmişdilər. Evi alan şəxsdən pulu alıb o adama qaytaracağam».

Məhərrəm Məhərrəmov deyir ki, danışıqlarla pullarını Zahir Əliyevdən ala bilmədiyini görüb hüquq-mühafizə orqanlarına şikayət edib. İndi o, həm də polis müstəntiqindən şikayətçidir. Hesab edir ki, Suraxanı rayon Polis İdarəsinin müstəntiqi Əflatun Səlimov Zahir Əliyevdən rüşvət alaraq, işi ört-basdır etməyə çalışır:

«Araşdırdım ki, Zahir Əliyevdən başqaları da polisə şikayət edib və Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır, mən də Binəqədi Rayon Prokurorluğundakı materialların Suraxanı Rayon Polis İdarəsinə göndərilməsini tələb etdim. Materiallar həmin Polis İdarəsinə gedəndən sonra Zahir Əliyevi 3 gün tutub saxladılar, ancaq sonra qardaşı zaminə buraxdırdı. İndi də azadlıqdadır. Pulum qaytarılmır, şikayətim araşdırılmır, o, cinayət məsuliyyətinə cəlb olunmur. Polis ondan rüşvət alıb, işi ört-basdır edir. Mənə də deyir ki, bu iş mülki işdir, get ver məhkəməyə. Axı mən niyə məhkəməyə getməliyəm? Mən ona borc verməmişəm, məni aldadıb, evdən çıxardıb, evi başqasına satıb, mənim də 37 min dollarımı dələduzluq yolu ilə mənimsəyib. Burda cinayət tərkibi var».

DİN-İN MÖVQEYİ

Orxan Mansurzadə
Orxan Mansurzadə
Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə:

«Əgər iddia olunduğu kimi şikayət araşdırılmasaydı, yaxud ört-basdır edilsəydi, o zaman Suraxanı Rayon Prokurorluğunda faktla bağlı CM-in 178.2 (Dələduzluq) maddəsilə cinayət işi başlanardımı? Hazırda həmin cinayət işi Suraxanı Rayon Polis İdarəsinin adıçəkilən müstəntiqinin icraatındadır. Əflatun Səlimov tərəfindən zəruri olan istintaq hərəkətləri həyata keçirilib, Məhərrəm Məhərrəmov cinayət işi üzrə zərərçəkən şəxs kimi tanınıb, müstəntiq tərəfindən Zahir Əliyev barəsində isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib. Bu yaxınlarda istintaq yekunlaşdırılaraq cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək. Ona görə də M. Məhərrəmovun Suraxanı Rayon Polis İdarəsi və müstəntiq barədə söylədiklərinin heç bir hüquqi əsası yoxdur».
XS
SM
MD
LG