Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:00
-

“Azərbaycan Dil Qurumu” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə medianın monitorinqini aparıb.

“Azərbaycan Dil Qurumu” İctimai Birliyinin açıqlamasına görə, monitorinq göstərib ki, yazılı və elektron mediada xarici mətbuat, şirkət, restoran, şəxs və sair adların orijinala uyğun şəkildə yazılışı artıq ənənə halını almaqdadır. Məsələn:

Eurovision
Embawood
Star city
Nar Mobile
Mercedes
Thomas De Wall
Michael
Dana Rohrabacher
Human Rights Watch
Gabriel Garcia Marquez
Facebook
The New York Times
Volkswagen
Baku Crystal Hall,
Hyatt Regency.


“Azərbaycan Dil Qurumu” monitorinqə cəlb edilən qəzet və saytlar içərisində “Azadliq.org” saytının bu halı artıq “prinsip olaraq” qəbul etdiyini vurğulayır: “Alınma sözlərin Azərbaycan dilinin fonetik prinsiplərinə uyğunlaşdırılması qaydasına zidd olan bu cür yazılışlarda bəzən Türkiyə türkcəsində olduğu kimi xüsusi isimləri hal şəkilçilərindən ayırmaq üçün kəsmə, apostrof işarəsindən də isifadə edilir.

Məsələn: Michelle`nin (“Azadlıq" qəzeti); H.Clinton’un ölkəsində; Erdoğan’la (“Azadliq.org”)”.

“Azərbaycan Dil Qurumu” ədəbi dil normalarına uyğun gəlməyən və zəruri ehtiyac olmadan əcnəbi sözlərdən istifadəyə də diqqət çəkir. Məsələn:

“novostroyka” - “Azadlıq” qəzeti (11 sentyabr);
“çekist” - “Azadlıq” qəzeti (13 sentyabr);
“obşak”, “xlebnik”, “padlo”, “srok” - “Yeni Müsavat” qəzeti (11 sentyabr);
“dıxaniyem” - “Yeni Müsavat” qəzeti (12 sentyabr);
“kayf” - “Yeni Müsavat” qəzeti (13 sentyabr);
“aktivist” - “Publika.az” (11 sentyabr);
“vetnamka” - “Qafqazinfo.az” (10 sentyabr).


Monitorinq zamanı nitq qüsuru və ya asemantikləşmə nəticəsində yaranmış sözlərdən istifadə halları aşkara çıxıb: “Məsələn: narahatçılıq - “Publika.az” (10 sentyabr);
müsəlmançılıq - “Yeni Müsavat” qəzeti (12 sentyabr). Dərslik və dərs vəsaitlərində “çılıq” şəkilçili sözlər bir qayda olaraq “çı+lıq” və “çılıq” şəklində izah edilir.

Peşə, sənət anlayışı bildirən sözlərdə şəkilçi “çı+ lıq” şəklində parçalanır, mücərrəd məna bildirdikdə isə “çılıq” bütöv şəkildə götürülür, halbuki “çılıq” şəkilçisi bir qayda olaraq ismə artırılır.

Məsələn, qəzetçilik. Narahat, nigaran sözləri sifət olduğuna görə narahatlıq, nigaranlıq şəklində yazılmalıdır”.

“Azərbaycan Dil Qurumu” sayt adlarının yazılışında 3 müxtəlif formadan istifadə olnduğunu bildirir. Məsələn: “Qafqazinfo”, “Media forum”, Lent.az, Publika.Az: “Təklif edirik ki, sayt adları dırnaq işarəsi olmadan, internet ünvanı saxlanılmaqla yazılsın. Məsələn: Qafqazinfo.az, Publika.az, Mediaforum.az, Azadliq.org”.

Monitorinq qrupunda Şahlar Məmmədov (dilçi alim, sədr), Elçin Məmmədov (dilçi alim, üzv) və Anar Niftəliyev (“Azərbaycan Dil Qurumu”, üzv) təmsil olunub.

Sentyabrın 10-dan 17-dək aparılan monitorinqə “Yeni Müsavat”, Azadlıq”, “Şərq”, “525-ci qəzet”, “Bakı xəbər” qəzetləri və “Lent.az”, “Qafqazinfo.az”, “Azadliq.org”, “Publika.az”, “Avropa.az”, “Mediaforum.az”, "Modern.az" saytları cəlb edilib.

"Media forum"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG