Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:36
Naxçıvanın Babək rayonundakı Şıxmahmud kənd məscidinin ərazisində ayaqyolu tikilməsinə icazə verilmir. Bu haqda AzadlıqRadiosuna kəndin bir qrup sakini məlumat verib. Onların bildirməsinə görə, məscidin ayaqyolusu dörd il öncə dövlət təmiri zamanı sökülüb və yerində yenisi tikilməyib. Ağsaqqallar deyir ki, bir neçə dəfə öz hesablarına məsciddə ayaqyolu tikməyə cəhd etsələr də kənd icra nümayəndəliyi bunun qarşısını alıb.

Məscidin axundu Cəfər Kərimov da bildirir ki, dəfələrlə həm Şıxmahmud kənd icra nümayəndəliyinə, həm də kəndin bələdiyyəsinə bununla bağlı müraciət etsələr də heç bir xeyri olmayıb:

«AYAQYOLUSUZ MƏSCİD OLAR?»

Arxiv foto

Arxiv foto

«Dövlətimiz dörd il öncə məscidi təmir elətdirdi, ayaqyolunu sökdülər, yenisini qoymadılar. Ayaqyolusuz məscid olar? Məscidin həyətində 6 sot boş yer var. Nə özləri tikirlər, nə də ki, özümüzə tikməyə icazə verirlər. Ağsaqqallar icazə üçün rayon icra hakimiyyətinə, kənd icra nümayəndəliyinə bir neçə dəfə müraciət eləsələr də xeyri olmadı. Elə, dedilər ki, düzələr. Amma, demədilər ki, gedin, tikin. O vaxtdan bu vaxta xəbər yoxdur. Kənd camaatı bələdiyyəyə də müraciət edib. Məsciddə mərasimlər olur, ehsan verilir. Ayaqyolu olmasa hara getməlidirlər. Bizim əlil dindarlarımız var, məscidə gəlmək istəyirlər, ayaqyoluna görə qalıblar».

Məsələyə münasibət öyrənmək üçün əlaqə saxladığımız Şıxmahmud kənd icra nümayəndəsi Əli Aslanov isə kən məscidində ayaqyolunun olmadığını öncə inkar etdi. Lakin, icra nümayəndəsi sual-cavab zamanı etiraf etdi ki, 2008-ci ildə məscid təmir olunarkən tələsdiklərindən ayaqyolunu yenidən tikməyi unudublar:

«O VAXT HEÇ KİM DEMƏDİ, HEÇ KİM YADIMIZA SALMADI...»

- Heç bir problemi yoxdur. Niyə ayaqyolu yoxdur ki?

- Sakinlər deyir ki, qoymurlar tikməyə

- Kim deyir axı? Niyə yoxdur?

- Konkret olaraq, musiqi məktəbinin yanındakı məsciddə ayaqyolu var, ya yox?

- Yox, yoxdur. O vaxt heç kim demədi, heç kim yadımıza salmadı, biz də tikmədik. Problem deyil, gəlsinlər müraciət etsinlər, getsinlər tiksinlər. Bu, mənə gülməli gəlir ki, niyə mənə müraciət eləmirlər.

Elşad Miri

Elşad Miri

İlahiyyatçı Elşad Miri isə hansısa bir məsciddə ayaqyolunun olmamasını anormal hal sayır:

«Bəs görəsən məscid təmir olunarkən orada işləyən fəhlələr ayaqyoluna hara gedirmiş? Bu gün müasir məscidlərimizdə bununla bağlı heç bir problem yoxdur. Orada niyə qoymurlar, heç nə deyə bilmərəm. Bu ağlagəlməz bir şeydir ki, insanlara məsciddə ayaqyolu tikməyə icazə vermirlər. Məscidə tikilməyə icazə verirlərsə ayaqyoluna niyə icazə verməsinlər. Araşdırmaq lazımdı, bəlkə bunun kökündə başqa məsələ dayanır?».

Şərhləri göstər

XS
SM
MD
LG