Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:27
-

Sentyabrın 22-si gecə saat 1 radələrində Astara rayon Polis İdarəsinin əməkdaşlarının Ərçivan kəndində əməliyyat keçirdikləri deyilir.

Bu haqda AzadlıqRadiosuna kənd sakinləri danışıblar. Onların sözlərinə görə, Ərçivandan bir neçə nəfər saxlanaraq rayon Polis İdarəsinə aparılıb. Həmin şəxslərin narkotik saxlamaqda şübhəli bilindikləri güman olunur.

Həbslərdən dərhal sonra kənd sakinləri Astara rayon Polis İdarəsinin qarşısına yığışaraq saxlananların buraxılmasını tələb ediblər. Ərçivanlıların bir neçə saat davam edən aksiyası nəticəsiz qalmayıb, təxminən gecə saat 4-də Astara rayon Polis İdarəsinin rəisi Rəşid Səfərov hadisə yerinə gəlib. Onun müdaxiləsindən sonra saxlananlardan ikisi azad edilib.

Hadisənin şahidi olan Xalid Məmmədovun dedikləri:

«5-6 nəfər qara maskalı əllərində avtomat qonşunun pəncərəsini sındırıb evə girdilər və iki əmioğlunu, Farizlə Aslanı apardılar. Bundan sonra biz onların azad olunması tələbilə polis idarəsinin qabağına getdik. Gecə saat 3-ə qədər proses davam etdi. Saat 4-də polis rəisi Rəşid Səfərov gəldi. Sonra onlar azad olundu. Məlum oldu ki, əməliyyat keçirənlər həmin şəxsləri səhvən tutublar. Onlar başqa bir adamı tutmalıymışlar, səhvən qonşuya giriblər».

Xalid Məmmədovun dediyinə görə, saxlananlardan üçüncüsü – Babək adlı kənd sakini də az sonra azad edilib.

Astara rayon Polis İdarəsindən isə hadisə ilə bağlı AzadlıqRadiosuna danışmaq istəməyiblər. Bildiriblər ki, bu haqda məlumat vermək onların səlahiyyətinə aid deyil.
Əhali arasında dolaşan söz-söhbətə görə, bu günlərdə qonşu İran İslam Respublikasından Ərçivan kəndinə külli miqdarda narkotik maddə keçirilib. Hüquq-mühafizə orqanlarının da kənddə buna görə əməliyyat keçirdikləri güman olunur. Amma rayon Polis İdarəsindən bu məlumatı nə təsdiq, nə də təkzib edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG