Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:43

Cavanşir Yusifli. Yeni nəslin MUSTAFASI


Cavanşir Yusifli
Cavanşir Yusifli
-

Mən “Mustafa” romanını təsadüfi saymıram.

O, düşünülüb, daxili hərəkət planı cızılıb, müəyyən məqamlarda bu planın olmasına işarə edən detallar gözə dəyir, ancaq... düşünülən bir çox şeylər əyaniləşməyib. Məsələn, romanda səhifədən-səhifəyə sel kimi axan düşüncələr, fikirlər xaotikdir, şüur axını deyil, şüur axını effekti yaradan, bədii məntiqə söykənməyən, bəzi məqamlarda az qala maraq oyandıran detal və məlumatların yığınıdır...

Bu romanda müxtəlif mərhələlərdən keçən adi insan ömrünün sosial və mənəvi qayələr yolunda necə puç olması göstərilir. Hər şey düzgün seçilib və yazılıb, müəllif texnikanı əla bilir...



Tənqidçi Cavanşir Yusifli bu məqaləsi ilə yazıçı Qan Turalının "Mustafa" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Cavanşir Yusifli


Yeni nəslin MUSTAFASI


“Ən yeni ədəbiyyat” seriyasından Qan Turalının “Mustafa” romanını oxudum. Əsər məndə ən müxtəlif aspektlər baxımından xoş təəssüratlar oyatdı.

Ancaq mən bir ciddi məsələni bəri başdan qabartmaq istərdim: yaradıcılıq arasıkəsilməz prosesdir, o anlamda və dərəcədə ki, burada təsadüfi heç nə olmasın. Kənaraçıxmalar belə bu ərazidə dəmir məntiqlə şərtlənir.

Bizim nəsr prosesində müşahidə etdiyim bir neçə cəhət haqqında burda qısa şəkildə danışsam, elə düşünürəm ki, “Mustafa” romanının təhlilinə də körpü salmış olaraq, ən azı ona görə ki, Qan Turalının ilk nəsr mətni olan bu roman bütün problematikası və poetikası etibarı ilə həmin qüsur və çatışmazlıqların çevrəsindədir.

Fikrimcə, bizim nəsr prosesində təsadüfilik qanunauyğunluğu ifrat dərəcədə üstələyir. Bir az əvvəl müzakirə etdiyimiz romanlarda mövzudan tutmuş poetik cəhətlərin toplusuna qədər ən əsas komponentlər təsadüfidir, ... çünki mətnin özü təsadüfidir, yaranmayıb, meydana gəlməyib, düşünülməyib, sadəcə yazılıb.

Bu əsərlərin içərisində bu cəhətlə az-çox dərəcədə fərqlənən mətnlər əslində ya kino effektindən, ya (ən pisi-!) roman yazmaq ehtirasından qaynaqlanan tam təsadüfi əsərlərdir.

M.M.Baxtinin roman janrı haqqında müxtəlif təsadüflərdə söylədiyi fikirləri xatırlayın – roman bir bütöv kimi müxtəlif dilli və müxtəlif səsli hadisədir. Yəni, onun mükəmməl planı və sistemi olmalıdır! Məhz bu məqamda müəllifləri tənqid etdikdə ya sənin haqqında “dediyi anlaşılmır” damğası işlədilir, ən yaxşı halda isə “fikirlərində səmimi deyil, qərəzlidir” deyirlər. Və yazı, mətn yaratmaq sahəsində istedadı olmayanlar bir də gördün ədəbi intriqalarda halay gedirlər. Nə isə...

Mən “Mustafa” romanını təsadüfi saymıram. O, düşünülüb, daxili hərəkət planı cızılıb, müəyyən məqamlarda bu planın olmasına işarə edən detallar gözə dəyir, ancaq... düşünülən bir çox şeylər əyaniləşməyib. Məsələn, romanda səhifədən-səhifəyə sel kimi axan düşüncələr, fikirlər xaotikdir, şüur axını deyil, şüur axını effekti yaradan, bədii məntiqə söykənməyən, bəzi məqamlarda az qala maraq oyandıran detal və məlumatların yığınıdır.

Başqa sözlə, informasiya çox, bu tipli roman üçün hava və su kimi gərəkən analitika yox dərəcəsindədir.

Ancaq hər şey heç də belə deyil. Başlanğıc sətirlərdən tutmuş “slow life” hissəsinə qədər keçilən yolda qısa zaman çərəyinin üç hissəsi – universitet həyatı, sevgi, yalqızlıq, inqilabi fəaliyyətə cəhd, həbsxana və müəllimlik dövrü, daxili keçidləri istisna etməklə normal təhkiyə strukturuna malikdir.

“Mustafa” romanının təhkiyəsi elə qurulub ki, sanki o, hansısa yarımçıq, yaxud itmiş mətnin içini doldurmağa xidmət edir.

Bu məşhur üsul-bəhanə (itiyin axtarılması...) dünya ədəbiyyatının neçə-neçə şah əsərinin canındadır.

Bu məqam – “Ay işığı” hekayəsi ilə yazılan romanın baş-başa gəlməsi təhkiyə ölçüsünü dolğunlaşdırır, təsvir məqamlarında nələrinsə xatırlanması (... bu vəziyyətdə liftə
Qan Turalı
Qan Turalı
minməsi italyan müdafiəsini yarıb qol vurmağa bərabər idi, italyanları yox, futbolu sevirəm...), yəni təhkiyəçinin başına gələn olaylarla daxilini nizamlayan “materialın” (mütaliə ehtirasının) qarışıb çarpazlaşması mətni sona qədər müşayiət edən bir ritm ölçüsü yaradır.

Məhz bu ritm ölçüsü, yaxud əyrisi ideya ilə formanı bir nöqtəyə düyür. Həyatda hər addımbaşı uğursuzluqla üzləşən Mustafanın obrazı hərəkətlə hərəkətsizliyin, eşqlə ölümün sərhədində qərar tutur.

Düz yol, əbədi həyat çeşməsi ... ilğım kimidir, bütün göstərilən və nişan verilən yerlərdə yoxdur, tapılmır, həyatının hər bir dönəmində müşkülə düşən qəhrəman xəyalında qurduğu şeylərin həyatda sökülməsinin şahidi olur.

Bu qəmli əhvalatın Mustafanın taleyindəki təsiri ölçüyə gəlməzdir, Mustafanın sarsıntıları, bir cəhəti qeyd edək ki, klassik niyyət daxilində götürülmür, yəni bu, heç də belə deyək, doxsanıncı illər nəslinin düçar olduğu sıxıntılar kimi ümumi fonda təsvir edilmir...

Mətnin mərkəzində fərdi tale, insanın dünyaya yadlaşması, sosial təcrid mühiti, tipindən asılı olmayaraq insanın məğlubiyyətə məhkumluğu... Bu ideya ən müxtəlif sitatlar, mütaliədən yadda qalan, Mustafanın inandığı, həyatda yıxılarkən əlindən tutan kitablardan eşidilən pıçıltılar fonunda şərh edilir.

Əslində bu sitatlar da əsas mətnə kənardan qoşulan, Mustafanın ömrünün kəsilib atılan, məhv olan hissəsinin qırıntıları kimidir.

“Mustafa” romanının məziyyətləri haqqında çox danışmaq olar, siyasi roman kontekstinə yaxınlaşmaqla təqdim edilən mətn, fikrimizcə, yalnız yuxarıda qeyd etdiyimiz cəhətlər baxımından qüsurludur. Müəllifin mövcud baza ilə gələcəkdə daha mükəmməl əsərlər yarada biləcəyinə inanıram.

Bu romanda müxtəlif mərhələlərdən keçən adi insan ömrünün sosial və mənəvi qayələr yolunda necə puç olması göstərilir. Hər şey düzgün seçilib və yazılıb, müəllif texnikanı əla bilir,.... bütün bunları dedikdən sonra yuxarıdakı “təsadüfilik” sözünü bir də xatırlatmaq istərdim.

Düzgün seçilən yol (üsul, üslub...), düzgün seçilən metod və mətn yaratmaq planı səni ənənəvi forma-məzmun bütövlüyü haqqında cəfəngiyatı arxa plana keçirir.

Məna formadadır, məsələ formanın necə seçilməsindən asılıdır, ancaq bütün bunları əyaniləşdirmək üçün xalis nasir istedadı və səriştəsi tələb edilir.
XS
SM
MD
LG