Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:21

Çəmənzəminli sürgündə hansı xəstəlikdən öldü? (4-cü yazı)


Sevda İsmayıllı
Sevda İsmayıllı
-

Yusif Vəzir həyat yoldaşı Bilqeyis xanıma yazırdı:

«Əziz Bulqi... əgər imkanınız varsa, bağlama barədə ərizə yazıb xahiş edin, mənə böyük kömək olar, xüsusən tütün cəhətdən…"


Ziya Bünyadov “Qırmızı terror” kitabında yazır ki, Yusif Vəzir Azərbaycanın repressiyaya məruz qalan bir qrup elm və mədəniyyət xadimlərinin verdiyi ifadə əsasında həbs olunub...


Sevda İsmayıllı


BÖYÜK YAZIÇI HAQQINDA KİÇİCİK QEYDLƏR

(Dördüncü yazı)
əvvəli burda


SUXOBEZVODNOE KƏNDİNDƏ KİM XOŞLUQLA YAŞAR Kİ?

Ötən yazıda qeyd etdiyim kimi, əvvəlcə Yusif Vəziri Ürgəncdən Bakıya - Keşlə həbsxanasına gətirirlər. 6 aya yaxın burada saxlanılır.

Ziya Bünyadov “Qırmızı terror” kitabında yazır ki, Yusif Vəzir Azərbaycanın repressiyaya məruz qalan bir qrup elm və mədəniyyət xadimlərinin verdiyi ifadə əsasında həbs olunub.

Ziya müəllim onu da vurğulayır ki, başqa dustaqlardan fərqli olaraq işin içində Yusif Vəzirin repressiya qurbanlarının adət etdiyimiz qoşa şəkli yoxmuş, ancaq barmaq izləri varmış… (düzü, o şəkilləri görəndə həmişə qorxuram).

Kamran Məmmədovsa Yusif Vəzirin 6 ay Bakıda həbsxana həyatı sürməsindən bir kəlmə də yazmır.

Sovet senzurasının sayəsində araşdırıcı 1940-cı ilin yanvarından 1943-cü ilin yanvarınadək yazıçının Qorki vilayətinin Suxobezvodnoe kəndində “yaşadığı”nı deyir…Əslində 6 aylıq həbsdən, istintaqdan sonra onu sürgün etmişdilər.

Azərbaycan yazıçılarının I qurultayının iştirakçıları. Sağdan: Rəşid bəy Əfəndiyev, V.Vişnevski, A.Şirvanzadə, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, ayaq üstə (sağdan sola): Qurviç, M.Rəfili, C.Cabbarlı, Qantəmir (Əfəndiyev), M.S.Ordubadi, Əhməd Cavad, Səməd Vurğun, M.Hüseyn. 13 iyun 1934.
Azərbaycan yazıçılarının I qurultayının iştirakçıları. Sağdan: Rəşid bəy Əfəndiyev, V.Vişnevski, A.Şirvanzadə, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, ayaq üstə (sağdan sola): Qurviç, M.Rəfili, C.Cabbarlı, Qantəmir (Əfəndiyev), M.S.Ordubadi, Əhməd Cavad, Səməd Vurğun, M.Hüseyn. 13 iyun 1934.


İSTİNTAQ--“AĞ YALAN”

1940-cı il fevralın 26-da yazıçının ittiham edilməsi barədə çıxan qərarda deyilirdi:

1. 1919-cu ildə Müsavat hökumətinin konsulu vəzifəsində işləyərkən ingilis-fransız və Türkiyə təşkilatları ilə əlaqədə olmuşdur.

2. Fəal, peşəkar müsavatçı kimi qeyri-leqal Müsavat təşkilatının rəhbər özəyinə məxsus olmuş və 1927-ci ildə müsavatçılarla milli təmayülçülərin yaratdıqları antisovet blokuna keçmişdir.

3.Öz həmfikirləri arasında müntəzəm olaraq əksinqilabi görüşləri təbliğ etmiş və 1931-ci ildə Azərbaycanın əksinqilabi-millətçi təşkilatının tərkibinə daxil olmuşdur.


Ziya Bünyaov yazır ki, bu qərarla tanış olduqdan sonra Yusif Vəzirov aşağıda öz əli ilə yazıb, altında imza atıb:

“Mənə verilən üç maddədən ibarət ittihamlar ağ yalandır. Mən özümü günahkar hesab etmirəm”

Martda keçirilən 4 istintaqda da Yusif Vəzir ittihamları qəti şəkildə rədd edib.

SON MAAŞ…

Ziya müəllim yazır ki, 1940-cı il aprelin 3-də Yusif Vəzirov ərizə ilə müstəntiqə müraciət edir:

“Xahiş edirəm mənim əmanət kitabçamın həyat yoldaşıma çatdırılmasına icazə verəsiniz. Çünki ailəm iki aydan çoxdur ki, kənardan heç bir maddi yardım almır”.

Yusif Vəzir Çəmənzəminli
Yusif Vəzir Çəmənzəminli
Ürgəncli müəllimin əmanət kitabçasında 4 min manat pul varmış. Bu pul ailəsinə verilir…

VƏZİROV YUSİF MİRBABA OĞLU…

1940-cı il aprelin 16-da ittiham qərarı çıxarılır. 3 gün sonra ittihamnamə SSRİ DİN yanında Xüsusi müşavirədə baxılmaq üçün göndərilir.

İyunun 11-də Xüsusi müşavirə Vəzirov Yusif Mirbaba oğlunu antisovet fəaliyyətinə görə islah-əmək düşərgəsində 8 illik həbs cəzasına məhkum edir…

Ziya müəllim yazır ki, Yusif Vəzirin istintaq işinə 13 şəxsə verilən hökmlər barədə arayışlar tikilibmiş - Hüseyn Cavid, Əhməd bəy Pepinov, İsmayılzadə Mikayıl Müşfiq, Ruhulla Axundov, Böyükağa Talıblı, Hacıkərim Sanılı və s.

SÜRGÜN… BETLUQA ÇAYININ SAHİLİNDƏKİ MƏZAR

Doğrudan da, bir kəndin ki, adı Suxobezvodnoe (quraq və susuz) olsun, orada necə «yaşamaq» olar ki?

Üstəlik, həyatın ən böyük ağrı-acılarını görmüş, saysız itkilərdən keçmiş 56 yaşlı orqanizmlə?

Yusif Vəzir hələ Bakıda olanda pis mənzil şəraiti üzündən ürəyinin və gözünün sıradan çıxdığını yazırdı. Amma deyilənə görə böyük ədib sürgündə də boş dayanmayıb.

Quru və susuz yerdə də yazıb-yaradıb. Və yazdıqlarını düşərgə növbətçisinə ötürə bilib. Növbətçi də onu torpaqda basdırıb. Sonradan onun çürüdüyünü, siçovul yediyini görüb yandırıb. Əlyazmalar da yanırmış…

Görəsən, Yusif Vəzir ömrünün son günlərində nə yazıb? Ağır şəraitdə, aclıqda, xəstəlikdə şuxluğunu, həyatsevərliyini saxlaya bilibmi? Heyhat! Bunu heç vaxt bilməyəcəyik.

Pellaqra xəstəliyi (Vikipedia)
Pellaqra xəstəliyi (Vikipedia)
Bilinən ancaq budur ki, «Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansıyasındakı həbs düşərgəsində vəfat edib. Səhəri gün - 1943-cü il yanvarın 4-də Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. 1956-cı ildə Yusif Vəzirə bəraət verilib».

PELLAQRA? BU NƏ XƏSTƏLİKDİR?

Təsadüfən bu suala da cavab tapdım. Kamran Məmmədov monoqrafiyasında Yusif Vəzirin pellaqra xəstəliyindən vəfat etdiyini yazır. Bu nə xəstəlikdir?

Axtarış verdim. Bu, avitaminoz ailəsindən olan xəstəlikdir. Uzun müddət pis qidalanmaqdan yaranır. Sovet həbs düşərgələrində tez-tez rast gəlinirmiş.

İndi də bəzi aclıq çəkən ölkələrdə bu xəstəlik var. Nə qədər ağır olsa da, bir az da irəli getdim. Xəstəliyin əlamətlərini bilmək istədim. Beləcə, ömrünün sonlarında böyük yazıçının hansı əzablardan keçdiyini öyrəndim - Oyanıqlıq, əsəbilik, dermatit, dərinin yara tökməsi, yuxusuzluq, zəiflik, ətrafların iflic olması və anlamadığım bəzi simptomlar… Müalicə olunmasa, xəstəlik 4-5 ilə ölümlə nəticələnir.

Bu xəstəliyə tutulan Yusif Əfəndi daha az yaşaya bilib.

Ən ürək göynədən cəhət odur ki, Yusif Vəzirin məzar yeri bilinmir…

Amma bizim sevdiklərimizin məzarını tapıb Vətənə gətirmək təcrübəmiz var axı?..

SON MƏKTUB—TAMAM SƏNİN YUSİFİN…

Bu məktub 1941-ci ilin 30 dekabrında yazılıb. Amma ailəsinə 1942-ci il 25 mayda çatıb. İnternet əsrində bu «sürət» ə gülməkdən başqa çarə var? Yusif Vəzir həyat yoldaşı Bilqeyis xanıma yazırdı:

«Əziz Bulqi, mən sağ və salamatam. Yeganə nigarançılığım səndən və uşaqlardandır. Taleyin bizi birləşdirəcəyi günü gözləyirəm. Əgər imkanınız varsa, bağlama barədə ərizə yazıb xahiş edin, mənə böyük kömək olar, xüsusən tütün cəhətdən… Sizin məktubu aldım. Bizim günəşimiz hələ yayda parlayacaq. Uşaqların sağ-səlamətliyi və yaxşı oxumaları qaydasındadırsa, mən şad olaram. Sağlamlığınızı qoruyun. Qohum və tanışlara salam. Bərk-bərk öpürəm sizi.

Tamam sənin Yusifin… »

Hər halda, ac qalmağı barədə burada ipucu var…

ÇOX DA TƏRİFLƏMƏ MƏNƏ VƏTƏNİ!

Türkiyədə "Əli və Nino" Çəmənzəminlinin imzası ilə çap edilib.
Türkiyədə "Əli və Nino" Çəmənzəminlinin imzası ilə çap edilib.
Bu, Çəmənzəminlinin Vətənə göndərdiyi son məktub idi…Vətən dedim, qeyri-ixtiyari ağlımdan «Vaqif» pyesində Qacarın söylədiyi söz keçdi :

«Çox da tərifləmə mənə Vətəni, Bu qılınc olmasa, yeyərlər məni!»

Yusif Vəzirin nə qılıncı, nə topu-tüfəngi vardı. Bir «Vətən» deyən ürəyi, bir də lap uşaqlıqdan Vətənin dərdlərini duyan və yazan iti qələmi vardı. Elə o üzdən də, onu «yedilər»…

YUSİFİ QARA YELLƏR APARDI…

Yazıçının kiçik bacısı Əzət xanım (Onun dörd bacısı olub, Ziya müəllimin ömür yoldaşı Tahirə xanım Yusif Əfəndinin bacısı qızıymış) yüz yaşadək yaşayıb. Kamran Məmmədov 95 yaşın tamamında onu ziyarət etdiyini yazıb. Əzət xanım Yusifin gülən çöhrəsini heç vaxt yadından çıxarmadığını söyləyib:

“Yusif başqa qardaş idi, adamların naxşı idi. Yusifə çatan oğul görməmişəm, görmərəm də. Gözəl insan idi” . “Əgər qardaşım “qara yelə” düşməsəydi, lap indi də sağ olardı—deyib…

Bu həmin Əzətdir ki, yazıçı Şuşada “Bir cavanın dəftəri” adlandırdığı gündəliyində onun haqqında yazırdı:

“Əzət tərtəmiz qızdır, əliaçıqdır. Evdə qalmaqal salmaqdan xoşlanır. Avropa həyatı çox xoşuna gəlir. Savadlı olmaq istəyir. Buna görə də, Azərbaycan əlifbasını acgözlüklə öyrənir. Zəhmətsevəndir. Səadəti var-dövlətdə deyil, insanlıqda görür…”.

DÜNYANIN ƏN GÖZƏL SEVGİ ROMANINI KİM YAZIB?

5-6 il əvvəl “Əli və Nino” barədə ilk verilişlər hazırlayanda, AzadlıqRadiosunun Praqa bürosundan bir faks aldım. Rövşən Qəmbərov göndərmişdi. Mustafa Türkəqul adlı bir azərbaycanlı mühacirin məqaləsiydi. 70-ci illərdə ABŞ-da yazılan məqalədə romanın Çəmənzəminliyə məxsus olduğu inamla sübuta yetirilirdi. Türkəqul romanın ilk dəfə 1937-ci ildə çap olunduğunu, araya Dünya Müharibəsi düşdüyü üçün unudulduğunu, Jenia Gramanın 1970-ci ildə onu ingilis dilinə tərcümə etdiyini və bundan sonra romanın çox məşhurlaşdığını yazırdı. Romanda Azərbaycanın çox həssas bir dövrü əhatə olunduğundan, o da “əsərin müəllifi sayılan Qurban Səid kimdir”—sualına cavab axtarmaq fikrinə düşür və cavabı tapır.

“ƏLİ VƏ NİNO”NUN AZƏRİ TÜRKCƏSİ İLƏ YAZILDIĞI "MUHEKKEKDİR"!

Onun yazdığına görə, əlində yazıçılıqdan başqa peşəsi olmayan (bir yabançının vəkillik etməsi qayət çətin bir məsələdir) Yusif Vəzir Avropada da yazıb-yaratmaqla məşğul olur. Bütün Avropa məmləkətlərini gəzir. Türkəqul “Əli və Nino”nun da həmin dövrdə yazıldığını bəyan edir. Və əlavə edir ki, bu əsərin mövcudluğunu Üzeyir Hacıbəylinin Fransada yaşayan qardaşı Ceyhun bəy Hacıbəyli də bizə söyləyib (!). Türkəqul “Əli və Nino”nun “Azeri türkcesi ile yazıldığı mühekkekdir”-- deyir. “Sonradan Yusif Vəzir bu əsəri bir alman dostunun köməyi ilə almanca yazır. Sonradan əsərin almancasını Avstriyanın mərkəzindəki bir nəşriyyat evinə təklif edir.Vyanadakı nəşriyyat şirkəti sahibi Toll ailəsindən indi yalnız cənab Toll-un arvadı Xanım Toll həyatdadır”.

XXANIM TOLLUN CAVAB MƏKTUBU

Türkəqul (sonradan aydın oldu ki, Betti xanımın da bu məktubdan xəbəri var. Sən demə, bu prosesə Vaşinqtonda yaşayan Yusif Qəhrəman adlı mühacir də qoşulubmuş) Xanım Tolla məktub göndərir. Cavab məktubunda Xanım Toll yazır ki, “1920-ci illər idi. Cavan və gözəl bir kişi mətbəəyə gələrək ərimlə uzun-uzadı danışdıqdan sonra bir əlyazması buraxıb getdi. Gələn adamın ərimlə nə danışdığını bilmirəm. Amma sonra həmin gözəl kişini də, onun əlyazmasını da tamam unutduq…1937-ci ildə bazarımız çox kasad olduğundan, həmin əlyazmanı nəşr etdirmək qərarına gəldik. Əsər çox əski alman dilində yazıldığından, onun üzərində bəzi düzəlişlər apardıq və çap etdik”.

Amma Betti xanım yazır ki, əsərin 1971-ci ildə türkcəsi çıxanda bu mülahizələr önsözdə (Semih Yazıçıoğlu yazıb) verilib və bundan bir il sonra xəbər tutan xanım Toll sözündən
Betty Blair
Betty Blair
dönüb. Azərbaycanlılara belə bir söz demədiyini iddia edib…Bəs məktub? Görəsən, Türkəqulun arxivində o məktub dururmu?

YUSİF QƏHRƏMAN EVİNDƏ DİRİ-DİRİ YANDI…

Türkəqulun arxivini deyə bilmərəm, deyəsən Yusif Qəhrəmanın arxivində mühüm sənədlər, kitablar olub. Mən illlər öncə həmin azərbaycanlı Yusif Qəhrəman haqqında mərhum Mehdi Məmmədovdan eşitmişdim. Mehdi müəllim Vaşinqtinda onunla görüşmüşdü və sonra ölüm xəbərini almışdı. Onun faciəli həyat tarixçəsinə Mirzə Xəzərin iki il əvvəl “Mediaforum” saytına müsahibəsində də rast gəldim:

” “Amerikanın səsi” radiosunda Yusif Qəhrəman adlı jurnalist işləyirdi. O, Qazaxdan, Qəhrəmanovlardan idi, Vaşinqtonda yaşayırdı. Deyirdi ki, məndə “Əli və Nino”nun müəllifin imzası ilə olan nüsxəsi var. Onun çox böyük kitabxanası vardı. Amma sonradan onun evi yandı, həm özü o hadisədə həlak oldu, həm də dediyi o tarixi faktlar, kitabxana külə döndü. Mənə deyirdi ki, Azərbaycanın tarixi barədə çoxlu kitabları var, onlar da məhv oldu. Vaxtında insanlar öz tarixlərinə, öz keçmişlərinə sahib çıxmayanda nəticə belə olur”.

“ƏLİ VƏ NİNO” AZADLIQRADİOSUNDA…


Əsərin Çəmənzəminliyə məxsus olduğunu “yəqinləşdirən” Azərbaycan mühacirləri 1970-ci illərdə onu Azərbaycan türkcəsinə çevirib (tərcüməçi o vaxtlar Münhendə yerləşən radionun əməkdaşı Məcid Musazadə idi) AzadlıqRadiosunda səsləndirməyə başlayıblar.

Yeri gəlmişkən, Türkəqul həmin məqaləsində romanın ingilis dilinə tərcüməsini bəyənib və yazıb ki, “bəzi adların yanlış verilməsinə, bəzi cümlələrin əslindən fərqli çevrilməsinə baxmayaraq, tərcüməni uğurlu saymaq olar. Ən mühümü odur ki, tərcüməçi Çəmənzəminliyə xas olan satirik və yumorlu təbir və istilaları ingilisdilli oxuculara çatdıra bilmişdir”.

TƏŞƏKKÜRLƏR, BETTİ XANIM!

Mustafa Türkəqul Azərbaycanın Əlyazmalar Fondunda bu əsəri Çəmənzəminlinin yazması haqqında “ipucu” ola biləcəyini də yazır. Həmin “ipuclarını” həm yazıçının araşdırıcıları, həm də uzun illər sonra daha cəsarətlə “Azerbaijan internasional” jurnalının baş redaktoru Betti Blair çözələdi və.. Türkəqulun gəldiyi nəticəni təsdiqlədi…O, Çəmənzəminlinin “Əli və Nino”nun müəllifi olmasına dair düz 101 dəlil sadaladı! Jurnalın bir nömrəsi bu mövzuya həsr olundu. Daha bir nömrədə ayrıca Çəmənzəminlidən bəhs olunacaq. Xanım Bettiyə bu əzablı işinə görə təşəkkürlər!

XRİSTOFOR! MƏNİ TANIMADIN? 17 İL QABAQ BİR MƏKTƏBDƏ OXUMUŞUQ?!

Yazıçının Fransa gündəliyində maraqlı bir qeyd də var. Paris yaxınlığındakı Klişi şəhərindəki zavoddan işdən qovulan (zavod fəhlələrinin tətilində iştirak etdiyi üçün) Yusif ac-susuz vaxtlarında şəhəri dolaşarkən Bakıda Realni Məktəbdə oxuduğu sinif yoldaşına rastlaşır. Xristofor onun vəziyyətini soruşanda deyir: “Burada bir rus mühərriri var, qaçqınlardandır. Onunla dostlaşmışam. Bir qəzetə şərq məktubları yazır. Onu tanıyırlar, məlumatın çoxunu məndən alır, əvəzinə qazandığının 25 faizini mənə verir. Birtəhər dolanıram. Bombeydən vurub Pekindən çıxır, Kəlküttədə olur, Sinqapuru gəzir. Indi Tehrandadır. Rza şahın adamları ilə danışıq aparmalıdır”

Bu təsadüfi görüşün baş verdiyi il Lev Nissimbaumun 20 yaşı vardı. Görəsən, o 1925-ci illərdə Parisdə “mühərrirlik “ etməyib ki? Bioqrafiyasına baxıram—o zaman Berlin Universitetinin tələbəsiymiş və ədəbi fəaliyyətə təzə-təzə başlayırmış. Lap belə olmasa da, bu “təcrübəsinin” (biliklərini satmaq) olduğunu nəzərə alsaq, Çəmənzəminlinin “Əli və Nino”nu kiməsə vermədiyini hardan bilək?

ALTUNBAŞ

Lev Nissimbaumun bu adda əsəri var. Elə Çəmənzəminlinin də bu adda kinossenarisi var. Amma ssenari bəyənilsə də, çəkilməyib. Çünki artıq «Studentlər» romanı tənqid olunmuşdu. Kamran Məmmədov yazır ki, bu ssenari məzmun gözəlliyi və yüksək bədii səviyyəsi ilə fərqlənir. Mingəçevir Su Elektrik Stansiyasına həsr olunan ssenari «Altunsaç» adlı bir Azərbaycan əfsanəsindən qaynaqlanır. Bu nə qəribə təsadüfdür? Bu əsərlər arasında bir əlaqə varmı?

VƏZİROVLAR

Sən demə, Yusif Vəzirin ulu babası Mirzə Əliməmmədağa Qarabağ hökmdarı İbrahimxəlil xanın vəziri olub. Və daha bir maraqlı nüans. 1797-ci ildə Şuşanı tutanda Ağa Məhəmməd Şah Qacar İbrahimxəlil xan tərəfindən yenicə Türkiyəyə səfir təyin olunan Mirzə Əliməmmədağanı öldürtdürür...

Tarix necə təkrar olunur. Yusif Vəzir də Türkiyədə səfir idi. Yeri gəlmişkən, Yusif Vəzirin nəvəsi və adaşı da (Orxan Çəmənzəminlinin oğlu) hazırda diplomatdır və inanırıq ki, babalarının aqibəti onu heç zaman izləməyəcək.

ÖZÜNÜ MƏHV EDİB ADINA KÜÇƏ VERDİLƏR…

Yazını bitirdim. Əvvəl-axır bitməliydi… Səbrini basıb 4 hissəni oxuyanlara, “bəyəndim” düyməsini basanlara və şərh yazanlara təşəkkürlər!

Sizi bilmirəm, mən bu böyük yazıçını daha yaxından tanımaqdan məmnun oldum. Və yazını bitirəndən sonra xeyli yüngülləşdim. Bundan sonra onun əsərlərini ikinci dəfə başqa gözlə oxuyacağam.

Bir şeyi deməyi unutdum. Mən 22 ildir ki, Bakıda Yusif Vəzir Çəmənzəminlinin adını daşıyan küçədə yaşayıram…

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG