Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:19

Məhkəmə Nigar Yaqublunu yenə həbsdə saxladı [Video]


-
Abşeron rayon məhkəməsi Müsavat üzvü Nigar Yaqublunun həbsinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəkillərin müraciətini təmin etməyib.

Məhkəmə qarşısına yığılan Müsavatçı gənclər hakimin qərarını etirazla qarşılayıblar. «İstefa» şüarları səsləndirən gənclərlə polis arasında qarşıdurma olub.

N. Yaqublu avqustun 25-də Müsavat üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzası ilə əlaqədar saxlanıb. Sentyabrın 11-də barəsində 2 aylıq həbs qərarı çıxarılıb.

Nigar Yaqublu

Nigar Yaqublu

Mərhum Aydın Acalovun oğlu Rəşad Acalov istintaqa müraciət edərək atasının ölümü ilə bağlı heç kəsdən şikayətçi olmadığını bildirib.

DİN-nin yaydığı məlumatda qəzaya uğrayan avtomobili sürücülük hüququ olmayan N. Yaqublunun sürdüyü qeyd edilir.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.2-ci (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Məcəllədə bu əmələ görə, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

BAŞ PROKURORLUQ: NİGAR YAQUBLUNUN ƏMƏLİ TAM SÜBUTA YETİRİLİB

«Yol-nəqliyyat hadisəsini sürücülük hüququ olmayan Nigar Yaqublunun törətdiyi və sükan arxasında məhz onun olduğu təkzibedilməz dəlillərlə sübuta yetirilib».

Bunu «Trend»ə müsahibəsində Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

R.Usubov mərhum Aydın Acalovun oğlu Rəşad Acalovun avtomobil qəzası ilə əlaqədar N.Yaqubludan şikayətçi olmamasını deməsinə də münasibət bildirib:

«Qanunvericiliyə əsasən, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad edilə bilər. N.Yaqublunun törətdiyi cinayət əməli isə az ağır cinayətlər kateqoriyasına aiddir və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması onu cinayət məsuliyyətindən azad etmir. Bununla yanaşı, CPM-nin 106-cı maddəsində zərərçəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun olmadığı qeyd edilib. Rəşad Acalov istintaq zamanı Aydın Acalovun hüquqi varisi qismində dindirilib və ona qanunun yuxarıda qeyd olunan tələbləri izah edilib».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG