Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:45
-

“Onlar tatarları çiy ət yeyən və daim bir yerdən başqa yerə köç edən vəhşi qəbilə kimi təsvir edirlər...”

Bunu tatar tarixçisi və yazarı Vahit İmamov deyir.

Onu qəzəbləndirən isə Rusiyada çəkilmiş və sentyabrın 20-ə premyerası təyin edilmiş yeni filmdir.

“Orda” adlanan filmdə Rusiyanı özünə tabe etmiş monqol-tatar ordusunun əsgərləri qəddar, kəmağıl varlıqlar kimi təsvir edir.

Film özünü Qızıl Orda dövlətini quranların varisi sayan və hazırda əsasən Tatarstan bölgəsində yaşayan müsəlmanlar tərəfindən birmənalı qarşılanmayıb.

İmamov deyir ki, “Orda”dan əvvəl də belə filmlər çəkilib, məsələn “Müdrik Yaroslav” kimi.

Onun fikrincə, bütün bu filmlərdə məqsəd Rusiyanı bir slavyan, xristian dövləti kimi tanıtmaqdır.

“Ruslar həmişə çalışıblar ki, özlərini ən “sivil” xalq kimi təqdim etsinlər. Qeyri-ruslar “Müdrik Yaroslav” və s. kimi filmləri, çətin ki, qəbul etsinlər”.

İmamov narazıdır ki, Tatarstan hakimiyyəti belə filmlərə cavab olaraq heç bir addım atmır.



“Orda” filminə 12 milyon dollar xərclənib.

Filmin çəkilməsi zamanı bahalı dekorasiyalar yaradılıb, orta əsrlərə aid çoxlu sayda kostyumlar tikilib.

Gözlənilir ki, filmə xərclənən pul özünü doğruldacaq və filmin kinoteatrlarda nümayişi xeyli tamaşaçı toplayacaq.

Amma yəqin ki, Tatarstanda yox

Çingiz xanın ordusuna qoşulan və 13-15-ci əsrlərdə Avrasiyada böyük ərazilərə nəzarət etmiş Qızıl Ordanın yaradılmasında iştirak edən tatarların varislərinin sayı təxminən 6 milyon nəfərdir və onlar əsasən Rusiyanın ən zəngin bölgələrindən olan Tatarstanda yaşayırlar.

Bir çox tatarlar filmdən narazıdırlar. Onlar düşünürlər ki, film Qızıl Orda tarixini saxtalaşdırır və onu yalnız zorakılıq, acgözlük və avamlıq simvolu kimi təqdim edir.

Filmi Pravoslav Ensiklopediyası adlanan təşkilat maliyyələşdirib.

Bu həmin təşkilatdır ki, Pravoslav dəyərlərini və onun müqəddəslərini təbliğ edən filmlər çəkir.

Filmin rejissoru Andrey Proşkin özünə haqq qazandırır, deyir ki, bu, sadəcə tarixi mövzuda yaradılmış bir bədii əsərdir və Qızıl Orda dövründəki tarixi hadisələri olduğu kimi təsvir etməyi qarşısına məqsəd qoymayıb.

“Filmin Tatarstanda nə reaksiya doğuracağı barədə proqnoz vermək çətindir. Bu, insanların xətrinə dəyə bilər. Ola billər. Neyləyə bilərik ki?”.

Amma narazılar arasında filmin məsləhətçisi də var.

Vadim Rudakov deyir ki, onu 3 il qabaq Qızıl Orda dövrü üzrə ixtisaslaşan alim kimi Vadim Rudakov

Vadim Rudakov

filmdə məsələhətçi olmağa dəvət ediblər. O, filmdə həmin dövrün ab-havası, insanların yaşayış və geyimi ilə bağlı dəqiq təsəvvür yaratmağa kömək etməli idi.

Rudakov deyir ki, filmi çəkəcək şəxslərlə ilk görüşdən çox nikbin qayıdıbmış, düşünürmüş ki, axır ki, Qızıl Orda dövrü haqda dolğun təsəvvür yaradan bir film yaradılacaq. Monqol-tatar dövlətinin o dövrdə regional hakimiyyətlərin formalaşdırılması, poçt-yol şəbəkəsinin qurulması, siyahıyaalma, ordu quruculuğu sahəsindəki xidmətləri qeyd ediləcək.

Amma ssenari hazır olandan sonra Rudakov dəhşətə gəlir

Onun verdiyi tövsiyələrin əksəriyyəti nəzərə alınmır, monqollar aşağılanır.

“Filmdəki bəzi monqol obrazlarının insani keyfiyyətləri var. Amma ümumilikdə onlar haqqında qaniçən, əzazil, şərə xidmət edən acgöz məxluq təsəvvürü formalaşdırılır. Onların zarafatları da şit və axmaq zarafatlar kimi verilir. Bir sözlə, hər şey sovet kinematoqrafının köçərilər və monqol-tatarların təsviri ilə bağlı ən pis ənənələri ruhundadır”.

Amma narazılıqlara baxmayaraq “Orda” filminə bu yay Moskva Film Festivalında mükafat veriblər. Həm ən yaxşı rejissor işinə görə, həm də ən yaxşı qadın roluna görə (aktrisa Roza Xayrulina).

Filmin çəkilişi zamanı Həştərxan yaxınlığında Qızıl Ordanın paytaxtı Saray-Batı “yenidən tikilib”.

Dekorasiyaların Həştərxan yaxınlığında qurulmasını Rudakov tövsiyə edibmiş.

Amma onun sözlərinə görə, filmi çəkənlər bu məsələdə də stereotiplərdən qurtula bilməyiblər - Saray –Batını sırf şərq şəhəri kimi rekonstruksiya ediblər. Beləliklə də, Orda haqda təsdiqini tapmış bir çox faktları təhrif etmiş olublar.

Rudakov deyir ki, film yaradıcılarının məqsədi pravoslav inancının Qızıl Orda hökmranlığına son qoyulmasında mühüm rol oynadığını qabartmaq olub. Filmdə metropolit Aleksey tatarların Moskvaya həmləsinin qarşısıının alınmasında həlledici rol oynayır.

Son illərdə Rusiya hökuməti film sənayesinə “milli, dini ideya”nın təbliği üçün böyük dəstək verir.

Bu günlərdə Mədəniyyət naziri Vladimir Medinski deyib ki, onlar yalnız Rusiya ərazisində çəkilmiş və məzmunu hökumətin təsdiqindən keçən filmlərə maliyyə vəsaiti ayıracaq və vergidən azad edəcəklər.

Filmin meydana çıxması həm də Tatarstanda tatar dilində tədrislə və müsəlmanların ibadəti ilə bağlı məhdudiyyətlərin narazılıq doğurduğu vaxta təsadüf edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG