Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:05

Pakistanda Mehriban Əliyeva adına məktəb açılıb


Pakistanın Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən 2007-ci ildə inşa edilərək 2012-ci ildə yenidən əsaslı təmir olunmuş Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva adına qızlar məktəbinin açılış mərasimi keçirilib.

XİN-nin rəsmi saytının məlumatına görə, mərasimdə Pakistanın təhsil, informasiya və yayım naziri, fövqəladə hallar katibi, həmçinin Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, eləcə də media nümayəndələri iştirak ediblər.

Səfir məktəbin 5 əlaçı şagirdinə Heydər Əliyev Fondu tərəfindən aylıq təqaüdlərin ayrıldığını bildirib.

Pakistanın təhsil naziri Sadiq Dar 2005-ci ildə baş vermiş zəlzələdən sonra Azərbaycanın Pakistana yardım edən ilk ölkələr sırasında olduğunu qeyd edib və təbii fəlakət zamanı dağılmış 150 nəfərlik məktəbin yerində 500 nəfərlik müasir məktəbin inşa olunduğunu vurğulayıb. Sadiq Dar görülən işlərə görə Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib və məktəbə onun adının verilməsi barədə qərarı iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin sonunda hər bir şagirdə Heydər Əliyev Fondunun adından məktəb ləvazimatları ilə dolu çantalar, səfirlik tərəfindən İslamabadda dərc edilmiş kitablar və iki ədəd kompüter hədiyyə edilib.
XS
SM
MD
LG