Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:25

Masallıda diskotekaya etiraz edənlər həbs olundular


Arxiv foto
Arxiv foto
Masallı rayonunda sentyabrın 7-dən, 9-na kimi Beynəlxalq Folklor Festivalı keçirildi. Həmin festivalda xarici ölkələrdən gəlmiş folklor kollektivləri də iştirak edib. Festival qalmaqalsız ötüşməyib. Festivalın ikinci günü bir qrup şəxs Gənclər Evinin qarşısına toplaşaraq, orada diskotekanın keçirilməsinə etiraz edib. Deyilənə görə, həmin şəxslər diskotekanın yığışdırılmasına vaxt da veriblər. Polislər etirazçıları saxlayıblar. Günün sonunda isə onlar sərbəst buraxılıb. Lakin sentyabrın 10-da Araz Quliyev, Ziya Tahirov, Rza Ağalı polisə çağırılaraq yenidən saxlanıblar. Onlar Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddələri ilə - yəni, xuliqanlıqda təqsirli bilinərək barələrində həbs-qətimkan tədbiri seçilib. Masallı məhkəməsi Araz QuliyevəZiya Tahirova 2 aylıq həbs cəzası verib. Rza Ağalının isə azadlığa buraxıldığı deyilir. İttiham olunanlar vəkildən imtina ediblər. Hər ikisi Bakıya həbsxanaya göndərilib.

HƏBS OLUNANLARDAN BİRİNİN DİNİ YÖNÜMLÜ SAYTI OLUB...

Bundan sonra da həbslər davam edib. Sentyabrın 14-də Xalid Kazımov, 15-də Sirac Ağayev, 16-da isə daha bir şəxs həbs edilib.

Həbs edilən Araz Quliyevin qardaşı Azər Quliyev deyir ki, qardaşının dini saytı var. O, folklor festivalı haqqında məlumat əldə etmək üçün Gənclər Evinin qarşısında olub. Onu da digərləri ilə birlikdə həbs ediblər:

«QARDAŞIMIN YANINA BURAXMAYIBLAR»

Masallı rayonu
Masallı rayonu
«Polislər onları döyüb aparıblar, basıblar içəri. Hal-hazırda bu günləri də bir nəfəri aparıblar. Qardaşımın yanına buraxmayıblar. Onun valideyni kimiyəm. Buraxın onun yanına, nə səbəbə bu işlər olub. Deyir, olmaz. Heç kimə heç nə deyə bilmərik. Prokuror birinci günü sanksiya verdi. Onları apardılar. Bakıya aparılanlardan başqa 4 nəfər polisdədir».

Azər Quliyevin dediyinə görə, qardaşının həbsindən sonra saytı da dağıdılıb:

«Saytı var, saytını dağıdıblar. Hazırda üzərində Bakıda işləyirlər, düzələcək bu yaxınlarda».

Azər Quliyev deyir ki, onları xuliqanlıqda günahlandırırlar. O, hesab edir ki, qardaşıgil heç kimə qarşı xuliqanlıq etməyib:

«SİR-SİFƏTLƏRİ, BƏDƏNLƏRİ PİS GÜNDƏ İDİ»

«Orda xuliqanlıq olmayıb. Polis nəfəri olub, onlar bunları döyüblər. Sir-sifətləri, bədənləri pis gündə idi. Heç kim heç nə demir. Onlar nə eləmək istəyirlər bilmək olmur».

Müsavat Partiyası rayon təşkilatın sədri Xasay Səfəroğlu bu hadisələrlə bağlı rayonda narahatlıqların olduğunu söylədi. O, deyir ki, insanların bu və digər məsələlərə münasibət bildirmək hüququ var. Xasay Səfəroğlunun sözlərinə görə, onlar da diskotekaya münasibət bildiriblər. O, həmin şəxslərin həbsini düzgün saymır:

«BİR QRUP EMOSİONAL DİNDAR BUNA ETİRAZ EDİB»

«Orda faktiki diskoteka keçirilib. Bir qrup emosional dindar buna etiraz edib. Amma Xeber44.com saytın rəhbəri ki var - Araz Quliyev – o, informasiya almaq üçün ora gedib. Peşə fəaliyyətini yerinə yetirmək üçün gedibmiş. Bu adamların günahı diskotekaya etiraz etmələri olub. Guya milli, mənəvi dəyərlərdən uzaqdırlar. Orda xarici vətəndaşlar da iştirak edib deyə emosiyaları coşub».

Xeber44.com
Xeber44.com
Xasay Səfəroğlunun dediyinə görə, məsələnin bu qədər şişirdilməsinə ehtiyac yox idi. Onun fikrincə, polislərin müdaxiləsi olmasaydı heç bir qarşıdurma baş verməzdi. O, hesab edir ki, qarşıdurmada maraqlı qüvvələr olub:

«DİNDAR DİNDAR KİMİ AZAD DEYİL, VƏTƏNDAŞ VƏTƏNDAŞ KİMİ»

«Polis bundan təxribat kimi istifadə etməyə çalışıb. Yerindəcə onların döyülməsi göstərişi verilib. O uşaqlar döyülüblər. Bütün bunlar göstərir ki, Azərbaycanda demokratiya sahəsində problemlər var. Dindar dindar kimi azad deyil, vətəndaş vətəndaş kimi azad deyil. Bu hallar problem yaradır».

Qafqaz Müsəlmanları İdarəsi sədrinin cənub bölgəsi üzrə qazisi Hacı Mirqiyas Ağa həbs edilən şəxslərin hərəkətini düzgün saymır. Onun sözlərinə görə, tutulanlar özlərini İmam Musey Heyəti hesab edirlər. Onun fikrincə bu dəstənin də məqsədi İslamı parçalamağa, dəyərdən salmağa xidmət edir. Ancaq həbs edilənlərin yaxınları bu iddiaları rədd edirlər.

Hacı Mirqiyas Ağa:

«BİRİ VƏHABİLİK YARADIR, BİRİ KRİŞNAÇILIQ YARADIR, BİRİ MEHTİÇİLİK...»

«Gəlib burda başqa-başqa qruplar yaratmaq dinə də, tərbiyəyə də zidd olan şeydir. Biri vəhabilik yaradır, biri krişnaçılıq yaradır, biri Mehtiçilik yaradır, biri nurçuluq yardır, biri İmam Musey Kazımın adı ilə heyət yaradır. Bunlar İslama lazım olmayan şeylərdir. Bunların İslamdan xəbərləri yoxdur. İslamçı ona deyərlər ki, dini təbliğat aparsın. Yəni, ruhani olsun. Hər küçədən keçən deyir mən islamçıyam, belə şey yoxdur. Bu həm dövlətçiliyimizə, həm müstəqilliyimizə, həm şiə məzhəbimizə xələl gətirən şeylərdir».

Orxan Mansurzadə
Orxan Mansurzadə
Qazinin sözlərinə görə, Azərbaycanda din dövlətdən ayrıdır. Buna görə də kiminsə islamın adı ilə gedib hansısa tədbirə etiraz etməsi yol verilməzdir. O, deyir ki, bu adamların həbsi gözlənilən idi.

Məsləyə aydınlıq gətirmək üçün Masallı rayon icra Hakimiyyətinə üz tutduq. İcra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı ümumi şöbəyə müraciət etməyimizi məsləhət gördü. Lakin ümumi şöbədən suallarımıza cavab ala bilmədik. İcra hakimiyyətinin rəsmi saytına etdiyimiz müraciət də cavabsız qaldı.

Masallı rayon Polis Şöbəsinin rəis müavini Əlifağa Kazımov isə bu barədə məlumat almaq üçün Daxili İşlər Nazirliyin mətbuat xidmətinə müraciət etməyimizi məsləhət gördü. Mətbuat xidmətinin şöbə rəisi Orxan Mənsurzadə Masallı rayonunda həbslər olduğunu təsdiq etdi. Orxan Mansurzadənin sözlərinə görə, bu barədə ətraflı məlumat verəcəklər.
XS
SM
MD
LG