Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:17

Qəzaların səbəbi nədir - nəzarətsizlik yoxsa təxribat?


-
Son vaxtlar Azərbaycanda bir-birinin ardınca bir neçə qəza, partlayış və yanğın baş verib. Sentyabrın 16-da «Binə» Ticarət Mərkəzində dəm qazından 150-yə yaxın adam zəhərlənib.

İnsan tələfatı ilə nəticələn hadisə isə sentyabrın 17-si Sumqayıtda olub. «Məişət malları» müəssisəsində yanğınla müşayiət olunan partlayışda 3 nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Baş Prokurorluğun sentyabrın 18-də yaydığı birgə məlumatda hadisənin qaynaq işləri zamanı yanğın təhlükəsizliyi və əmək mühafizəsi qaydalarının pozulması səbəbindən baş verdiyi bildirilir.

200 MÜFƏTTİŞ VƏ 2 MİLYONDAN ARTIQ İŞLƏYƏN

Hadisə yerində Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri də araşdırmalar aparmaqdadırlar.

Xidmətin rəis müavini Məhərrəm Məhərov AzadlıqRadiosuna deyir ki, həmin müəssisədə sonuncu dəfə nə vaxt olduqlarını xatırlamır. Bütün sahələri əhatə etmək iqtidarında olmadıqlarını deyən xidmət əməkdaşı baş verən hadisəyə görə işəgötürəni günahkar sayır:

«Biz plakatlar çap edib hər yerə yayırıq. Düzdür, bütün Azərbaycanı əhatə edəcək plakatlarımız da yoxdur. Biz əsasən müəssisələrə bir-iki nüsxə veririk ki, çoxaldıb iş yerlərindən assınlar. Müfəttişliyin respublika üzrə cəmi 200 müfəttişi var. 200 müfəttiş 2 milyondan artıq işləyənin hamısının yanında durmaq imkanında deyil. İşəgötürənin birbaşa vəzifəsidir ki, işçisinin əmək hüquqlarını qorusun, onun əməyinin mühafizəsini təmin etsin. İşəgötürən bilavasitə bu məsələyə məsuliyyət daşıyır. İndi biz həm də araşdırırıq ki, sonuncu dəfə orda bizim əməkdaşlar nə vaxt olub, orda nəzarət olub, olmayıb».

Digər bir yandan, Məhərrəm Məhərov qəzalardan tam sığortalanmanın da mümkünsüz bir iş sayır. Hesab edir ki, bu, tək Azərbaycanda deyil, bütün dünyada ciddi problemdir:

«Hər il dünyada istehsalatda 2 milyon 300 mindən artıq adam ölür. Bu, bütün inkişaf etmiş və etməmiş ölkələrdə də belədir. Beynəlxalq Əmək Təşkilatı hər gün bu məsələ ilə bağlı təlimlər keçirir, ancaq hələlik bu problem qalır».

DEPUTAT KƏŞFİYYATDAN ŞÜBHƏLƏNİR
Zahid Oruc

Zahid Oruc


Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc isə son vaxtlar baş verənlərə texniki şərtlərin pozuntusu kimi baxmır. O, daha çox xarici kəşfiyyatdan şübhələnir:

«Mən bunun heç bir halda təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyini düşünmürəm. Qətiyyən bu mövqeyi də bölüşmürəm. Əlbəttə, mənim bu dediklərim cəmiyyətdəki xofu gücləndirmək hədəfi də güdmür. Amma hadisələrin üst-üstə strateji önəm daşıyan, kütləviliyə malik olan müəssisələrdə baş verməsi sübut edir ki, iqtisadi və texnika sahəsindəki kəşfiyyat çox fəal şəkildə hərəkətdədir».

Zahid Oruc hesab edir ki, onun irəli sürdüyü ehtimallar haqda Azərbaycanın xəfiyyə orqanlarında da məlumatlar olmamış deyil. Onun fikrincə, ola bilsin, təhlükəsizlik və ya təxribatçıları tam ifşa etmək baxımından, cəmiyyətə yetərli məlumat verilmir».

«İNDİ BU SAHƏDƏ DƏRƏBƏYİLİKDİR»

«Fövqəl» Assosiasiyasının prezidenti Həbib Ocaqov isə hadisələrin ancaq texniki təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən baş verdiyini deyir. Hesab edir ki, sovet dövrü ilə müqayisədə indi tikinti və istehsal müəssisələrində təhlükəsizlik qaydalarının təminatı müqayisəyəgəlməz dərəcədə aşağıdır:

«Nəzarət bir, məsuliyyətsizlik iki. İndi təkcə zavod və müəssisələr deyil, liftlərə, evləri istiliklə təmin edən qazanxanalara baxan yoxdur. Liftlərin «trosu»nu yoxlayan yoxdur. Nəzarət olmadığına görə tez-tez qəzalar baş verir. Çünki vaxtı keçir, amma yoxlayan yoxdur. Ümumiyyətlə, dərəbəyilikdir».

Foto: Arxiv

Foto: Arxiv

«BU HADİSƏLƏRDƏN XAL QAZANMAQ LAZIM DEYİL»

Baş verən hadisələrdə kəşfiyyat izi olması barədə deyilənlərə isə Assosiasiya prezidenti heç inanmır. Deyir, yanacaqla dolu çən üzərində qaynaq işi aparılırsa, qapalı ticarət mərkəzində benzinlə işləyən, dəm qazı yaradan generatorlar işlədilirsə, bunun hansısa kəşfiyyatla bağlanması düzgün deyil:

«Biz bu kimi məsələlərdən qurtarmalıyıq, bu hadisələrdən xal qazanmaq lazım deyil, xalqı mühafizə etmək lazımdır».

AÇILAN CİNAYƏT İŞLƏRİ NƏ DEYİR?

Sov vaxtlar baş verən hadisələrlə bağlı açılan cinayət işlərində və verilən rəsmi açıqlamaların heç birində kəşfiyyatla bağlı ehtimallar öz əksini tapmayıb.

Belə ki, sentyabrın 17-də Sumqayıtda baş verən partlayışla əlaqədar Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanıb.

«Binə» bazarındakı kütləvi zəhərlənmə üzrə istintaq isə səhlənkarlıq maddəsi ilə aparılır.

Şərhləri göstər

XS
SM
MD
LG