Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:06
Türkiyənin 8-ci prezidenti Turqut Özalın qəbri açılacaq.
Ankara Baş Prokurorluğu 1993-cü il aprelin 17-də vəfat edən T. Özalın məzarının açılmasına və onun ölüm səbəbinin araşdırılmasına qərar verib.
Baş Prokurorluq bu qərarını Özalın ölümünü araşdıran dövlət qurumu DDK-nın (Devlet Denetleme Kurulu) hesabatı əsasında verib.

T. Özalın gözlənilməz ölümü ətrafında indiyədək mübahisələr var.

QAN ANALİZİ HARA YOXA ÇIXDI?

Ozalın oğlu Ahmet Özal Türkiyənin NTV televiziyasına deyib ki, atasının ölümü ilə bağlı şübhələr 1998-ci ildən başlanır.

O deyib ki, xəstəxanadan onu axtarıblar və deyiblər ki, onlarda onun atasının qan analizi var. “Ancaq bu analizin mənə verilməsini istədiyim vaxt qan töküldü”.

Ahmet Özal daha sonra deyir ki, “bir jurnalist gizli kamera ilə həmin qan analizinin yöxa çıxdığı laboratoriyada olub və deyirdi ki, “həmin qanda insanda olmamalı şeylər vardı”.

Özal deyir ki, bunlar kamera lentində əks olunub.
Bundan sonra atasının ölüm səbəblərini araşdırmağa başlayıb.

"MEYİTİ YARMAQ AĞLIMIZA GƏLMƏDİ" ,,,

Özalın o vaxtki köməkçisi Ekrem Pakdemirli Showhaber.com-a deyir ki, Özal öləndə həkim də tapılmadı, təcili yardım da. Təsadüflər üst-üstə düşdü.

O həmçinin deyir ki, meyiti yardırmaq ağıllarına belə gəlməyib.
Pakdemirli Özalın öldürüldüyünə inanmır, ancaq
onu da istisna etmir ki, bu ölümün arxasında “siyasi güclər, iş adamları, qaçaqmalçılar dayana bilərdi”.

BOMBA VERSİYALAR

Versiyalar isə çoxdur. Türkiyənin Sabah qəzeti bu il iyunun 19-dakı sayında yazırdı ki, Özalın ölümünü araşdıran dövlət qurumu DDK (Devlet Denetleme Kurulu) Özalın ölümü ilə bağlı hesabatını yenicə tamamlayıb.

Orda Özalın xanımı Semra Özala 1998-ci ildə göndərilən bir məktub qeyd olunur. Məktubda deyilirdi : “Türqut Özalı Glikonorinaid adlı dərmanla öldürdülər. Qatil Azərbaycanda . Adı Həsən Əlioğlu”.

Hesabata görə, bunu yazan adam 1998-ci ildə Semra Özalla görüşmək istəyib, ancaq Semra Özal evdə olmayıb.
Onda həmin şəxs bu məktubu yazıb, deyib ki, azərbaycanlıdır, adı da Şəhriyar Purnovruzdur. Qaldığı oteli də deyib.

Ancaq sonra axtaranda oteldə elə adam olmayıb. DDK-nın araşdırmasına görə, həmin vaxt ümumiyyətlə Türkiyədə leqal yolla gəlmiş Şəhriyar Purnovruz adında adam olmayıb.
Onun gəldiyi maşının nömrəsini də hamı görüb. Ancaq sonradan elə nömrəli maşın tapılmayıb.

Bu məlumatda düşünməyə vadar edən o idi ki, Turqut Özal Orta Asiya və Azərbaycana səfərdən dərhal sonra ölmışdü.

HƏSƏN ƏLİOĞLU KİM OLA BİLƏR?

Hesabat çıxandan sonra hamı maraqlanırdı ki, Həsən Əlioğlu kim ola bilər?

Yalnız o yada düşdü ki, DDK-nın hesabatı çıxmazdan 4 ay qabaq fevral ayında Bakıda yerli mediada belə bir xəbər yer almışdı- Türkiyə vətəndaşı 47 yaşlı Həsən Əlioğlu Kandilçi müəmmalı şəkildə ölüb. Hamamdan çıxanda halı pisləşib və keçinib.

Ancaq bunlar arasında doğrudanmı əlaqə var?

EKSPERT RƏYİ

Şərq-Qərb Araşdırmaları Mərkəzinin Rəhbəri Ərəstun Oruclu bu azərbaycanlı versiyası barədə deyir:

“Mən Azərbaycan və ya Orta Asiya izinə inanmıram. Əgər bu zəhərlənmə hətta məlum olsa ki, faktdır, bu zəhərləmədə Azərbaycan və ya Orta Asiya hökumətlərinin heç bir marağı və ya əli ola bilməzdi.

Ancaq hər hansı prezidentə və ya baş nazirə qarşı üçüncü dövlətin ərazisində sui-qəsd etmək, bu, artıq texniki məsələdir. Böyük dövlətlər bunu edə bilərlər və edirlər.
Özü də nəzərə alsaq ki, 1993-cü ildə - il yarım idi ki, müstəqillik qazanmış ölkələrin ərazisində bunu etmək asan idi.

Azadlıq Radiosu: “Sizcə, hesabatda çəkilən adlar realdırmı? Həsən Əlioğlu adında adam doğrudanmı var? Yəni bu işdə əli olan adamınmı adıdır?”

Ərəstun Oruclu: Bunu istintaq göstərəcək. Əsas odur ki, ip ucu var. İstintaq müəyyən edəcək ki, Bakıda ölən Həsən Əlioğlu Kandilçi kim imiş, Bakıya niyə gəlibmiş?
Qaldı ki, Şəhriyar Purnovruza, belə bir məktub yazıb, altına öz həqiqi adını yazmaq axmaqlıq olardı.
Ancaq adlar yanlış olsa belə, istintaq araşdırcaq.

Azadlıq Radiosu: Bəs meyitin yarılmasının nəticəsi olacaqmı?

Ərəstun Oruclu: O baxır hansı maddələrdən istifadə olunub, əgər doğrudan da zəhərlənmə olubsa. Kəşfiyyatların vaxtilə istifadə etdiyi ritsin maddəsi var.
Onunla zəhərlənən adam bütün əlamətlərinə görə infarktdan ölmüş hesab olunur. Maddənin özü isə 2-4 saata bədəndə suya və karbon qazına parçalanır.

Əgər radiokativ maddələrdən istifadə olunubsa, bu, nəsə tapmağa şans verir, yox , əgər adi zəhərlərdən istifadə olunubsa, 19 ildən sonra nəsə tapmaq çətin ki, mümkün ola.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG