Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:33

Gəncədə Nizaminin ev muzeyi dağılmaq üzrədir... (VİDEO)


Gəncədə Nizaminin ev muzeyi dağılmaq üzrədir...
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Gəncədə Nizaminin ev muzeyi dağılmaq üzrədir...

İllər əvvəl Gəncədə şəhərin simvolu olan qırmızı kərpiclərdən balaca bir ev tikildi. Tikinti zamanı hər şeydə qədimilik yaradılmalı, baxanları əsrlər əvvələ qaytarmalı idi. Elədə böyük olmayan bu kürsülü ev həm də tarixə çevrilməli idi. Çünki dünyaca ünlü şair Nizaminin həyatını əks etdirəcək filmə ev sahiblik və şahidlik edəcəkdi. Bina da tikildi, Nizami filmi də çəkildi. Gəncədə sırf bu filmin çəkilişləri üçün 1980-ci ildə tikilmiş bina isə indi bərbad hala düşüb, quşlara, siçovullara yuva olub. Baxmayaraq ki, bina film çəkiləndən 2 il sonra Nizaminin ev muzeyi adını alıb.

Bina memarlıq üslubuna görə, orta əsrlərdə Gəncədə tikilmiş evləri xatırladır. Binada Nizami Gəncəvinin yaşadığı dövrə uyğun yaşayış mühiti yaradılıb. Xanalar tipli otaqlar, divarlarda kümbəz formalı kitab rəfləri və taxtadan naxışlı şüşəbənd və sair...

İndi yırtıq döşəmələr, bərbad halda olan tavan, bir-birinə güclə söykənən aşınmış kərpiclər baxımsızlıqdan məhv olsa belə içəridə tarixi bir məkan ab-havası duyulur.

Lakin binaya olan laqeyd münasibət açıqca görünür. Tarixçi etnoqraf Səyyaf Paşayev deyir ki, dahi şairin adına və elə dəyərli bir filmə xətir binaya qayğı göstərilməli, təmir edilib saxlanılmalıdır. Onun fikrincə, bu gələcək nəslə həm tarixi həm də film mədəniyyətinin bir töhfəsi kimi qalmalıdır:

«ONUN İÇİNDƏ HOVUZ QURULDU, AĞAC ƏKİLDİ...»

«Nizami kinofilmi çəkiləndə o dövrün yaşayış evini xatırladan bir tikili kimi dekorasiya məqsədilə tikilib bu ev. Onun içində hovuz quruldu, ağac əkildi, kürsülü 2 otaqlı ev düzəldi ki, Nizami burada yaşayıb. Sonradan onu elədilər ev muzeyi. Arxasında da bina tikdilər, muzey işçiləri orada oturdu. Sonralar muzeyin fəaliyyəti tamamilə dayandı. O dekorasiya şəklində tikilsə də qalmağı məsləhətlidir. O dövrü əhatə edir. Gələcəkdə orada film və sair çəkmək olar. Nizami günlərində həyətdə rəqslər edərdilər. Bu kimi tədbirlərdə istifadə olunsa yaxşı olar».

Nizaminin ev muzeyi hələ də Gəncə Şəhər Mədəniyyət İdarəsinin balansındadır. Muzeyin direktoru Gülcamal Mehdiyeva isə deyir ki, o simvolik bir tikili idi, heç bir tarixi əhəmiyyəti yoxdur. Əlavə edir ki, həmin muzey tamamilə söküləcək:

«HAZIRDA NİZAMI MƏQBƏRƏSİ YAXINLIĞINDA YENİ MUZEY BİNASI TİKİLİR»

«O, bina 1980-ci ildə Nizami filminin çəkilişi üçün tikilib. Heç bir tarixi abidə filan deyil. Hazırda Nizami məqbərəsi yaxınlığında yeni muzey binası tikilir. Bu bina isə söküləcək».

Taxta pilləkənli bu evdə çəkilmiş, Nizami Gəncəviyə həsr olunmuş filmdə o uzaq illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapıb. Nizami obrazını Müslüm Maqomayev, Pəri obrazını isə Həmidə Ömərova oynamışdı. Eldar Quliyevin rejissorluq etdiyi tarixi bioqrafik janrlı filmdəki bir çox tarixi məqamlar Ziya Bünyadov və Rafiq Əliyevin məsləhətlərinə əsasən səhnələşdirilib.

Hazırda isə Gəncədə Nizami Gəncəvinin yubileyi ilə əlaqədar bədii gecələr silsilə tədbirləri keçirilir. Üstəlik bir neçə xarici ölkələrdə Nizami yaradıcılığının nümayişi də aparılır.
XS
SM
MD
LG