Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:02

«Binə»də kütləvi zəhərlənmədən bir gün sonra


-
«Binə» Ticarət Mərkəzində sentyabrın 17-də addımbaşı ayran, qatıq içən gözə dəyirdi. Ticarət Mərkəzinin işçiləri bir gün əvvəl baş vermiş kütləvi zəhərlənmənin təsirindən hələ də qurtarmadıqlarını deyirlər.

Sentyabrın 16-da «Binə» Ticarət Mərkəzində qeydə alınmış kütləvi zəhərlənməyə ticarət mərkəzində quraşdırılmış generatorlar səbəb olub.

«İŞÇİM DEDİ YER YOXDUR, NÖVBƏDƏ GÖZLƏYİRİK»

Ticarət Mərkəzində müraciət etdiyimiz əksər satıcılar «işlərini itirmək» narahatlıqlarından müsahibə verməkdən imtina edirdilər. Müsahibəyə razılaşanlar isə ad və soyadlarını təqdim etməməyimizi istədilər.

Mərkəzi gəzdikcə hələ də bəzi mağazalarda dəm qazının iyi hiss olunurdu. Zəhərlənmiş işçilər xəstəxanadan evlərinə dönsələr də, işləyəcək vəziyyətdə olmadıqlarını deyirlər.

Mağaza sahibi Əli bu gün satıcısının yerinə özü işləməli olub:

«İşçini dünən xəstəxanaya aparmışdılar, indi evdədir. Səhər-səhər zəng eləmişdi, dedi özünü pis hiss edir, işə gələ bilmir. 200 nəfərin zəhərləndiyini eşitmişdim mən dünən. Çünki dünən xəstəxanayla əlaqə saxladım, işçim dedi ki, hələ yer yoxdu, biz növbədə gözləyirik».

Ticarət Mərkəzi

Ticarət Mərkəzi

İŞIQLAR TEZ-TEZ KƏSİLİR

Satıcılar deyirlər ki, «Binə» Ticarət Mərkəzində elektrik enerjisi tez-tez kəsildiyi üçün generatorlar işə salınır. Generatorların uzun müddət qapalı məkanda işləməsi isə insanların kütləvi zəhərlənməsinə gətirib çıxarıb.

Burda zəhərlənmə faktı ilk hadisə deyil, bir neçə ay əvvəl generatorlardan çıxan dəm qazı daha az insanı zəhərləndirib deyə, diqqət çəkməyib.

Elektrik enerjisinin dayandırılması ilə əlaqədar «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev mediaya açıqlama verib. Onun dediyinə görə, «Bakıelektrikşəbəkə» tərəfindən bazarın elektrik enerjisinin təminatı dayandırılmayıb:

«Biz «Binə»dəki sayğacımıza qədər olan məsafəyə cavabdehik. Ondan o tərəfə qarışmırıq, buna hüququmuz da yoxdur. Obyektin öz energetik briqadası var. Onlar bizim quraşdırdığımız sayğacdan sonra çəkilən kabellərə cavabdehlik daşıyırlar. Görünür, nəsə daxili problem olub deyə, ticarət mərkəzinin elektrik enerjisi dayandırılıb».

«ADAM VAR 300 MANAT İŞIQPULU VERİR»

Satıcılar da bildirirlər ki, işıqlarını kəsən «Bakıelektrikşəbəkə» deyil, ticarət mərkəzinin Dəm qazından zəhərlənənlərin hamısı evlərinə buraxılıb

Dəm qazından zəhərlənənlərin hamısı evlərinə buraxılıb

rəhbərliyidir:

«Mən 90 manat işıqpulu verirəm. Sayğac yoxdur. Niyə «Sədərək»də var, bizdə yoxdur? «Sədərək»də sayğac var deyə, dostlarımız deyir ki, aya 9-10 manat pul verirlər işığa. Bu lampalar nə yazır ki?! Amma biz 40 manat kondisionerə, 50 manat da işığa veririk. 90 manatı mən verirəm. Adam var burda 300 manat verir. İşıqpulunu da müəyyənləşdirirlər lampa hesabına».

«Binə» Ticarət Mərkəzində mağazalardan işığa görə tutulan rüsumun necə hesablandığını aydınlaşdıra bilmədik. Mərkəz rəhbərliyi istintaq tədqiqatına cəlb edildiyindən suallarımıza cavab verəsi məsul şəxs tapılmadı.

«Binə» Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov AzadlıqRadiosuna bunları deyib:

«Elektrikin kəsilməsi bizim ticarət mərkəzi tərəfindən olmayıb. Prokurorluq hələ araşdırma aparır. Sahibkarların iddiaları barədə isə heç bir məlumatım yoxdur, araşdırma gedir».

300-400 MANATA GENERATOR AL, 5-6 MANATLIQ BENZİN

Söhbətləşdiyim satıcıların fikrincə, rəhbərlik hər gün azı 2 saat işıqları kəsməklə özünə burdan da qazanc götürür. İşıqsız satıcılar isə məcbur olub generatordan istifadə edirlər:
Zöhrab İsmayıl

Zöhrab İsmayıl


«Mən bu qədər mal vurmuşam, mən malı satmalıyam da, sezon söhbəti var. Qaranlıqda dükana girən olmur. Bu dəqiqə işığı söndürüm, bura olur cəhənnəm. Kimin nəyinə gərəkdir gedib 300-400 manat verib generator alsın və ona da hər gün 5-6 manatlıq benzin alsın. Bir ay bundan əvvəl ailəm bura gəlmişdi, anam səhərə qədər yata bilmədi baş ağrısından».

Sahibkarlar deyirlər ki, onlarla Ticarət Mərkəzi arasında hüquqi qüvvəsi olan iş müqaviləsi yoxdur. İmzalanmış yeganə razılaşma sənədinin isə üstündə «müvəqqəti arendaya verilir» qeydi var ki, burda da «müvəqqəti» deyiləndə hansı dövrlərin əhatə olunduğu qeyd olunmayıb.

İqtisadçı-ekspert Zöhrab İsmayılın fikrincə, «Binə» Ticarət Mərkəzində sahibkarlar və rəhbərlik arasında yaşananlar qanunsuzluğun, korrupsiyanın göstəricisidir:

«İş yerinin, hər bir sahibkarlıq obyektinin texniki cəhətdən, təhlükəsizlik baxımından hansısa standartlara cavab verməsi lazımdır. İndiki münasibətlər anormaldır, korrupsiyadır, məqsəd pul toplamaqdır. Onlar arasında işgüzar əlaqələrin şərtlərini müəyyənləşdirən müqavilələr olmalıydı, amma ticarət mərkəzlərində bu formal xarakter daşıyır».

«Binə» Ticarət Mərkəzində dəm qazından zəhərlənənlərin hamısı evlərinə buraxılıb. Bu barədə AzadlıqRadiosuna Kliniki Tibbi Mərkəzdən məlumat veriblər. Amma bildiriblər ki, sentyabrın 17-də onların bəziləri yenə xəstəxanaya müraciət ediblər.
XS
SM
MD
LG