Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:35

«Crystal hall», sən kiminsən?


«Crystal Hall»
«Crystal Hall»
-
«Eurovision 2012»yə ev sahibliyi edən və Azərbaycan hökumətinə 105 milyon manata başa gələn «Crystal Hall» 3 aydır ki, dincəlir. Daha düzü, dincəlirdi. İndisə bu konsert kompleksində üç dünya ulduzunun konsertinə hazırlıq gedir. Jennifer Lopez, Rihanna və Shakira bu zalda solo-konsertlə çıxış edəcəklər.

Təşkilatçı şirkətin əməkdaşı Zaur Darabzadə AzadlıqRadiosuna deyir ki, ən ucuz və ən bahalı – 30 və 230 manatlıq biletlər satılıb artıq. Kassada yalnız 80 və 125 manatlıq biletlər qalır.

Əslində biz konsertdən çox «Crystal Hall» haqda danışmaq istəyirik. Bir neçə aydan bir qapılarını tamaşaçıların üzünə açan «Crystal Hall» hökumətə milyonlara başa gəlib. İldə bir neçə konsert və ya tədbir üçün milyonlar xərcləməyə dəyərdimi? Binaya qoyulan vəsait necə və neçə vaxta gəlirə çevriləcək?

Suallarımızı vermək üçün rəsmi qurumlara müraciət edirik. İş də burda dolaşığa düşür.

DÖVLƏT BAYRAQ İDARƏSİNİNDİR?

Əmlak Məsələləri Dövlət Komitəsi də, Mədəniyyət və Turizm Nazirliyi də, Bakı şəhər İcra Hakimiyyəti də sorğumuza belə cavab verir: «Bu tikili bizim balansımızda deyil».

Kimin balansındadır? Buna da «bilmirik» cavabı ilə kifayətlənirlər.

Binanın yerləşdiyi Səbail rayon İcra Hakimiyyətinə də zəng vururuq. Yarım gün gözlətdikdən sonra deyirlər ki, Dövlət Bayraq İdarəsinin ərazisində olduğu üçün onlardan soruşun. Həmin idarə də bizə cavab verə bilmir. Bu dəfə 109-a zəng vurub «Crystal Hall»dan telefon
Əbülfəs Qarayev
Əbülfəs Qarayev
nömrəsi istəyirik:

«Bizdə onların telefonu yoxdur. Birləşmiş kassanın nömrəsini verəcəyəm sizə. Konsertə görə zəng vurmaq istəyirsiz?».

«BİNA ÖZƏL SEKTORA AİDDİR»

Bu dəfə «Crystal Hall»a üz tuturuq. Amma dörd bir yan çəpərləndiyindən və mühafizəçilərlə əhatə olunduğundan Bayraq Meydanından o yana gedə bilmirik.

Axtarışı internetdə davam etdiririk. APA-nın iyun ayında yaydığı bir məlumat gözümüzə dəyir. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib ki, «Crystal Hall» Mədəniyyət və Turizm Nazirliyinin balansında deyil:

«Bu məkanın dövlət müəssisi kimi fəaliyyət göstərməsi düzgün deyil. Çünki arena özəl sektora məxsusdur».

Nazir daha sonra bildirib:

«Çalışmaq lazımdır ki, ora gəlir çox gəlsin. Zal dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilməz, çünki dövlətin onu maliyyələşdirməyə gücü çatmaz. Ona görə də, özəl sektor kimi fəaliyyəti daha məqsədəuyğundur».

«Crystal Hall»
«Crystal Hall»
«HÖKUMƏTİN BELƏ FİKRİ VARIYDISA...»

Əbülfəs Qarayevin dediyi özəl sektoru necə anlamalı? Konsert kompleksini konkret hansı şirkət, qurum idarə edir? Bu haqda bircə kəlmə də yoxdur. Bu yöndə araşdırmalarımız davam edəcək. Ancaq Azərbaycanda birinci dəfə deyil ki, dövlət belə addım atır. AzadlıqRadiosunun araşdırmaları zamanı bəlli olmuşdu ki, Bakı Avtovağzalı da, bir neçə olimpiya kompleksi də dövlət vəsaiti hesabına tikilsə də, sonradan özəl əllərə verilib. Bunda məqsəd nədir?

İqtisadçı Natiq Cəfərli:

«Hökumətin belə fikri varıydısa, öncədən elan edəydi ki, Bakıya belə bir konsert kompleksi lazımdır. Bütün şirkətləri bu layihədə iştiraka dəvət edəydi. Gələcəkdə isə hökumət kompleksin yerini pulsuz verə bilərdi, müəyyən infrastrukturun qurulmasına dəstək verə bilərdi. Amma tikintini və binanın saxlanmasını özəl şirkət üzərinə götürə bilərdi. Sonradan qoyduğu vəsaiti əldə etdiyi qazancla çıxara bilərdi».

Natiq Cəfərli
Natiq Cəfərli
YA AÇIQ TENDER OLUNMALIYDI...

Natiq Cəfərli deyir ki, dövlət vəsaiti hesabına tikilən obyekt haqda rəsmilər məlumatı açıqlamağa borcludur. Yəni, konsert kompleksinin hansı şirkətə, hansı şərtlərlə verilməsi mütləq deyilməlidir. Ortadasa belə icarə müqaviləsi hələlik yoxdur. O zaman belə çıxır ki, dövlət hesabına tikilən obyektin gəlirini gələcəkdə hansısa özəl şirkət götürəcək? Natiq Cəfərli deyir ki, dövlət balansında olan qurumların özəl sektora verilməsi və ya satılması qanuna uyğundur. Amma...

«Ya açıq tender elan olunmalı idi, ya da Əmlak Komitəsi onun səhmdar cəmiyyətə çevrilməsi ilə bağlı elan verməliydi. Ya da açıq satışa çıxara bilərdi. Bunun heç birini etməyibsə, ancaq özəl sektora verilibsə, bu, açıq-aşkar dövlət vəsaitinin kor-koranə, kontrolsuz xərclənməsinə dəlalət edir. Çox güman ki, «özəl şirkət»in hakim ailəyə və ya oliqarx məmura yaxın adama aid olacağı üzə çıxacaq».

«Crystal Hall»da bir həftə sonra keçiriləcək konsertin təşkilatçılarına da sual edirik: «Konsert vermək üçün kiminlə, hansı şirkətlə müqavilə bağlamısız?». Onların cavabı bir az əsəbi olur:

«Bu, sizin nəyinizə lazımdır? Biz mətbuata heç bir açıqlama vermirik. Bütün məlumatlar «Facebook» səhifəmizdədir».
XS
SM
MD
LG