Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:13

Sumqayıtda yanğın zamanı ölənlərin sayı artıb [Video]


Sumqayıtda partlayış və güclü yanğın baş verib
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Sumqayıtda partlayış və güclü yanğın baş verib

-
DAHA BIR NƏFƏRİN MEYİTİ TAPILIB

Sumqayıtdakı «Məişət Malları» ASC-nin ərazisində baş verən partlayışda itkin düşən bir nəfərin cəsədi tapılıb. Bu haqda jurnalistlərə Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev məlumat verib.

Etibar Mirzəyev deyib ki, dünən bir nəfərin cəsədi yanğın içində olduğu üçün o, itkin kimi qeyd olunmuşdu. Bu gün səhər saatlarında onun cəsədi çıxarılıb və təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın qaynaq işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Yanğın saat 03:43-də söndürülüb.

Beləliklə ötən gün partlayışda ölənlərin sayı 3-ə çatıb.

SUMQAYITDAKI PARTLAYIŞLA BAĞLI CİNAYƏT İŞİ AÇILIB

Sentyabrın 17-də Sumqayıtda «Məişət malları» ASC-nin ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb.

Ölümlə nəticələnən hadisə ilə əlaqədar Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi açılıb.

Sentyabrın 18-də Fövqəladə Hallar Nazirliyi (FHN) və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilir ki, sentyabrın 17-də Sumqayıtdakı «Məişət malları» ASC-nin ərazisində 6 yanacaq çənində yanğın baş verib. Partlayış nəticəsində yanğın ətrafa yayılıb.

İlkin araşdırmalarla yanacaq çənlərində aparılan qaynaq işləri zamanı yanğın təhlükəsizliyi və əmək mühafizəsi qaydalarının pozulduğu müəyyən olunub.

Hadisə nəticəsində 2 nəfər ölüb. Bir nəfər itkin düşüb, 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Ölən və xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.

SƏHİYYƏ NAZİRLİYİ: 2 ÖLÜ, 10 AĞIR YARALI

Sumqayıtdakı Səthi Yuyucu Vasitələri Zavodunda baş verən partlayış nəticəsində iki nəfər ölüb, 10 nəfər isə ağır yaralanıb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, xəsarət alanların hamısı hadisə yerinə gələn FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarıdır. Onlardan bir neçəsi evə buraxılıb.

Ölənlərin şəxsiyyəti isə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən müəyyənləşdirilir.

Sumqayıtda baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.


FHN VƏ BAŞ PROKURORLUĞUN BİRGƏ MƏLUMATI: 2 ÖLÜ, 1 İTKİN

Məlumatda partlayışın yanacaq çənlərində aparılan qaynaq işləri zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir:

«Sentyabrın 17-də saat 17:00 radələrində Sumqayıtda yerləşən «Məişət malları» ASC-nin ərazisində 6 yanacaq çənində yanğın baş verib. Partlayış nəticəsində yanğın ətrafa yayılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər itkin düşüb, 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb».

Ölən və xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.

YANAN ÖZƏL MÜƏSSİSƏDİR

Sumqayıt şəhər İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, yanğın «Səthi Yuyucu Vasitələri Zavodu» MMC-də baş verib.

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə Trend-ə deyib ki, partlayış baş verən zavod ARDNŞ-in tabeliyində deyil, o, özəldir.

1 NƏFƏRİN MEYİTİ ÇIXARILIB

Təcili tibbi yardımın hadisə yerində olan əməkdaşı AzadlıqRadiosuna bildirib ki, partlayışda 1 nəfər ölən var. Bu, qaynaqçı Elman Səfərovdur. Onu artıq morqa aparıblar. 6 nəfər isə yaralı var, onlar tüstüdən zəhərləniblər.

PARTLAYIŞA QAYNAQ İŞLƏRİNİN SƏBƏB OLDUĞU BİLDİRİLİR

Hadisə yerində olan Mənzil İstismar İdarəsinin işçisi AzadlıqRadiosunun əməkdaşına bildirib ki, partlayış baş verən müəssisə yağ emalı zavodu kimi fəaliyyət göstərirmiş.

Zavodda 12 çən var. Fəhlələr həmin çənlərin üzərində qaynaq işi apararkən partlayış olub. Sonra daha iki partlayış olub.

NAZİRLİK TƏKZİB EDİR

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna açıqlamasında bəzi KİV-lərdə Sumqayıt şəhər Polis İdarəsinə istinadən partlayışda 6 nəfərin ölməsi ilə bağlı getmiş məlumatları təkzib edib. O deyir ki, Sumqayıt polisindən KİV-lərə elə bir məlumat verilməyib.

PARTLAYIŞIN İLKİN SƏBƏBİ

Yanğına yanacaq çəninin üzərində aparılan qaynaq işlərinin səbəb olduğu güman edilir.

Bu barədə APA-nın hadisə yerində olan müxbirinə şahidlər məlumat veriblər.

Onların dediyinə görə, qaynaq işləri zamanı qəfildən yanğına keçən partlayış baş verib.

Əraziyə Sumqayıt və Bakıdan yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

ARA-SIRA XIRDA PARTLAYIŞLAR OLUR

Hadisə yerində olan sakinlər AzadlıqRadiosuna bildiriblər ki, partlayış saat 18:00 radələrində Sumqayıtın «İnşaatçılar» qəsəbəsində yerləşən köhnə zavodların birində baş verib.

Hazırda hadisə yerində xeyli sayda FHN-nın yanğınsöndürən və təcili yardım maşını var.

Ara-sıra xırda partlayışlar yenə də baş verir.

Keçmiş sovetlər dönəmindən qalan müəssisədə vaxtilə kimyəvi tozlar istehsal olunurmuş.

Xeyli müddət bağlı qalan zavod yenicə təmir edilmişdi.

SUMQAYITDA PARTLAYIŞ

Sentyabrın 17-də Sumqayıtda partlayış olub.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə zavodlardan birində qeydə alınıb. Yanacaq çənində baş verən yanğın partlayışa səbəb olub.

Hazırda yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində tədbirlər görür.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya bildirilib ki, partlayış nəticəsində 6 nəfər ölüb.

Ölənlərin sayının artacağı istisna edilmir.
XS
SM
MD
LG