Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:49
Neftçaladan sahibkar Natiq Hüseynov «Qaynar xətt»ə şikayət edib ki, rayonun icra hakimiyyəti və ekologiya nazirliyinin həmin rayon üzrə şöbəsi onun sahibkarlıq fəaliyyətinə əngəllər yaradır.

«BRAKONYERƏ BALIQ TUTMAQ OLAR, SAHİBKARA YOX»

«1990-cı ildə həbsə düşmüşəm, 2 il həbsdə olmuşam. Sağlamlığımı həbsxanada qoymuşam. Ciyərim vərəm, böyrəyimin biri yox, mədəmdən də iki dəfə əməliyyat olunmuşam. «Azərbaycanın azadlığı uğrunda mübariz» fəxri adı almışam. Şikəst adamam, balalarımı acından öldürməmək üçün 2007-ci ildə «Hacı Natiq» Məhdud Məsuliyyətli Cəmiyyət yaratmışam, qanuni şəkildə balıqçılıqla məşğul oluram. Daha doğrusu, məşğul olmağa çalışıram, ancaq imkan vermirlər. İcra hakimiyyəti deyir pul ver, Ekologiya Nazirliyinin rayon şöbəsi deyir pul ver. Dənizdə 250 motorlu qayıq var, qanunsuz balıq tuturlar, rüşvətlərini verib işlərini aşırdırlar. Mənə isə eyni işlə qanuni şəkildə məşğul olmağa imkan vermirlər».

Sahibkar deyir ki, balıqçılıqla məşğul olmaq üçün hər ilin dekabr ayında 1 illik kvota alınmalıdır. Ancaq rüşvət vermədiyinə görə ona kvota verilmir:

«Keçən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bir erkək balıq, bir də ana balıq vermişdim. Erkəyi sənədləşdirdilər, ancaq ana balığı yox. Qanuna görə, növbəti il üçün kvota əldə etmək üçün tutduğun kürülü balığı onlara təhvil verməlisən. Ancaq məndən qəsdən qəbul eləmədilər ki, kvota ayırmasınlar. Qanuni yolla işini qurmaq istəyirsən, qarşına hasar çəkirlər, min bir əngəl yaradırlar. Adamı özləri vadar edirlər ki, əyri yollara əl atasan. Mən də and içmişəm ki, ölsəm də rüşvət verən deyiləm».

Natiq Hüseynovun sözlərinə görə, ona kvota ayrılmadığına görə balıqçılıqla məşğul ola bilmir. Əlindən isə başqa iş gəlmir ki, məşğul olsun.

SAHİBKARLIQ FƏALİYYƏTİNƏ ƏNGƏLİ KİM YARADIR?

Natiq Hüseynov deyir ki, sahibkarlıq fəaliyyətinə əngəl yaradan səbəblərdən biri də Neftçala rayon İcra Hakimiyyətinin başçısının ona olan qərəzli münasibətidir:

«İcra başçısı təzə gələndə mənim sahibkarlıqla məşğul olmaq üçün dəniz kənarında əvvəlki icra başçısından sərəncamla aldığım torpağımın sənədini öz sərəncamı ilə ləğv eləmişdi ki, torpağı özünə götürsün. Mən də məhkəmə yolu ilə onun sərəncamını ləğv etdirib torpağı öz mülkiyyətimə qaytara bilmişəm. İndi mənə sahibkar kimi fəaliyyət göstərməyə imkan vermir».

Neftçala rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirdilər ki, Natiq Hüseynovla icra hakimiyyəti arasındakı torpaq mübahisəsi məhkəmə yolu ilə həll olunub. İcra hakimiyyəti başçısının vətəndaşa qarşı nə qərəzi var, nə də qurum adamların sahibkarlıq fəaliyyətinə qarışmır. Natiq Hüseynov problemini Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə həll etməlidir. Nazirliyin Neftçala rayon şöbəsindən isə bildirdilər ki, Natiq Hüseynov kvota üçün şöbəyə rəsmi müraciət etməyib. Əgər müraciət edərsə və kvota ayrılması üçün sənədlərini təqdim edərsə, şöbə sahibkara növbəti dekabr ayında kvota ayırmağa hazırdır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG