Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:20
-

..Dünyadakı dinlərdən ancaq biri fanatizmə bulaşmamışdır. Bu, Çin bilgələrinin dinidir...


VOLTAİRE


FANATİZM

(Pamflet)

Ruscadan Araz Gündüz çevirib


Qızdırma xəstəliyinin doğurduğu anlaqsızlıq, hikkədən doğan quduzluq nə deməkdirsə, xurafatdan törəyən fanatizm də, elə o deməkdir.

Kimsə, nəyə görəsə, coşub özündən çıxırsa, qarabasmaların gerçəkliyinə, yuxunun çin çıxacağına inanırsa, fantazaiyasını öncəgörmə kimi qavrayırsa, belələri entuziastlar, kor-koranə inanc sahibləridir. Onlar yalançı vurğunluğun çaşdırdığı kimsələrdir.

Kimlərsə, özünün bu sayağı anlaq pozğunluqlarını, başqalarını öldürməklə gerçəkləşdirməyə çalışırsa—fanatikdir.

Romadan çıxıb Nürnberqə gedən Jan Dias Roma papasının Qiyamət günündən öncə ortaya çıxacaq antixrist olduğuna ürəkdən inanırdı, onun antixristdə olası bütün yırtıcı özəlliklərin daşıyıcısı olduğunu düşünürdü: o, bu qavramı ilə entuziast idi.

Romadan onun ardınca yollanan doğma qardaşı, doğrudan da Tanrıya olan sevgisinə görə onu öldürən Bartolemeo Dias isə mövhumatçılığın bütün tarixi boyunca yaratdığı ən iyrənc bir fanatik idi.

Protestantlığı kafilik sayan fanatik Jacques Clement keşiş paltarında saxta sənədlərlə guya mühüm məlumatı çatdırmaq üçün kral 3-cü Henry-nin qəbuluna düşür. Əbasının altında gizlətdiyi xəncərlə kralı ölümcül yaralayır. Zərbə elə qəfil olur ki, mühafizəçilər krala kömək edə bilmir.

Protestantlığı kafilik sayan fanatik Jacques Clement keşiş paltarında saxta sənədlərlə guya mühüm məlumatı çatdırmaq üçün kral 3-cü Henry-nin qəbuluna düşür. Əbasının altında gizlətdiyi xəncərlə kralı ölümcül yaralayır. Zərbə elə qəfil olur ki, mühafizəçilər krala kömək edə bilmir.

Polivekt böyük bir dini bayram günü, məbədə gəlib oradakı bütün bəzəkləri qoparıb atmış, heykəlləri sındırmışdı, o, Dias təki qorxunc olmasa da, ancaq qanmazlıqda ondan geridə qalmayan bir fanatik idi.

Hersoq Fransua de Gezi, Vilhelmi, Oran prinsini, krallar: III Henrixlə IV Henrixi, bir sözlə bu kimi çoxlu kimsələri öldürənlər—ruhunu iblisə satmış, Diasın yoluxduğu quduzluğa tutulmuş yaramazlardır.

Ən iyrənc fanatizm örnəyini isə onların sıralarına qoşulmaq istəməyən yurddaşlarını öldürən, doğrayan, evlərinin pəncərələrindən aşağı tullayan, parça-parça eləyən, Paris burjuaları göstərmişdilər.

Soyuqqanlı fanatiklər də olur: bunlar isə, suçları yalnızca onlar kimi düşünməmək olan kimsələrə ölüm kəsən hakimlərdir; bu hakimlər, insanlıq qarşısında, o biri fanatiklərdən qat-qat artıq suçludurlar, yer üzündə onlardan da alçaq kimsələr yoxdur, onlar: Klement, Şatel, Ravalyak, Jerar, Damen kimi fanatiklər sayağı başlarını itirəcək bir quduzluğa qapılmadıqlarından sağlam düşüncələrinin səsinə qulaq asıb düzgün hökmlər verə bilərdilər.

Beyin, fanatizm qanqrenasına yoluxubsa, bu artıq sağalmaz bir xəstəlikdir.

Mən keçmişlərdə, çox böyük çılğınlıqla Müqəddəs Parisin möcüzələrindən danışan kimsələri görmüşdüm, onlar danışdıqca qızışıb özlərindən çıxır, gözləri alışıb yanmağa başlayır, bədənlərini əsməcə tutur, üzlərində ağıl itirməyin əlamətləti görünməyə başlayırdı: bu anda kimsə onların dediklərini dansaydı, onu yerindəcə öldürərdilər.

Bu yoluxucu xəstəlikdən qurtulmağın tək yolu, insanlar arasında birindən o birinə keçib yayılan fəlsəfi ruh ola bilər, bu arac,–xəstəliyi yüngülləşdirir, insanları sağaldır, xəstəliyin gücləndiyi durumları aydınlaşdırır: bu xəstəlik gücləndimi, gərək oradan baş götürüb qaçasan, haradasa bir uzaq yerdə, havanın arınıb saflaşmasını gözləyəsən.

Qanunlarla dinlər bu, ruhun taunu adlana biləcək düşkünlüyü aradan qaldırmaqda gücsüzdürlər; din onsuz da ruhun aclığını doyuracaq sağlam yeyəcəkləri ortaya çıxara bilmir, fanatizm taununa yoluxmuş ruhlara gəlincə, din onlar üçün ağuya çevrilir.

Bu qaragünlü fanatiklər: kral Eqlonu öldürmüş Aodu; onunla bir yasdığa baş qoyan Olofernin başını kəsən Yudifi; kral Aqaqanı parça-parça doğramış Samuili, bir örnək olaraq, sayqı ilə anmaqdadırlar.

Oranlı Vilhelm Balthasar Gerard tərəfindən yaxın məsafədən atış açmaqla öldürülür, 10 iyul 1584

Oranlı Vilhelm Balthasar Gerard tərəfindən yaxın məsafədən atış açmaqla öldürülür, 10 iyul 1584


Onlar keçmişlərdə sayqı ilə anılan bu örnəklərin, bu gün necə də iyrənc göründüyünü anlamaq istəmirlər; beləliklə də, onları yanlışa qapılmaqda suçlayan dinin özündən güc alıb bir az da qızışırlar.

Qanunlar, bu quduzluq tutmasına qarşı nəsə eləməkdə büsbütün gücsüzdürlər; burada qanunun araya girmək istəməsi, sizin—acıqdan azğınlaşıb başını itirmiş birisinə, onun qanunla davranmadığını anlatmaq istəyinizə bənzəyərdi.

Bu adamların inamına görə, onların ürəyinə dolmuş müqəddəs ruh, bütün qanunlardan üstündür, bundan doğan çılğınlıq—onların boyun əyməli olduqları, tək qanundur.

Birdən kimsə qayıdıb sizə desəydi: o, insanların yox, ancaq Tanrının sözünə qulaq asır, sizi öldürməklə də Tanrının buyuruğunu yerinə yetirir, – sizin ona deməyə bir sözünüz qalardımı?

Fanatiklərinin cilovu, çox vaxt, fırıldaqçı adamların əlində olur, onların əlinə xəncəri də bunlar verirlər; deyilənə görə, dağlarda yaşayan bir Qoca bu sayaq fanatiklərə cənnəti bu dünyada dadızdırarmış, sonra da bu dadı damaqdan getməyən yaşamda sonsuzlara kimi ömür sürə bilməyin tək yolunun, onun dediyi adamı öldürmək olduğunu onlara aşılayarmış, elə bu dediyimiz fırıldaqçılar da, o Qocanın tayıdırlar.

Dünyadakı dinlərdən ancaq biri fanatizmə bulaşmamışdır. Bu, Çin bilgələrinin dinidir.

Fəlsəfi baxışlara gəlincə, onlar bu tauna yoluxmamaqla yanaşı onu sağaltmaq üçün dərmanlar da düzəldirlər, bu fəlsəfi baxışlar, insanların ruhunda bir toxdaqlıq yarada bilirlər, fanatizm isə ruhun toxdaqlığı ilə uyuşmayan bir durumdur.

Bu, ibliscəsinə quduzluğun, sürəkli olaraq bizim müqəddəs dinimizə korluq verməsi isə insanların ağılsızlığı ucbatından baş verir, ona görə də, bu işdə biz ancaq onları qınamalıyıq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG