Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:13

Iran mollaları Salman Rüşdinin qətli üçün mükafatı artırdılar


Hindistan - müsəlman etirazçılar Salman Rushdie-nin müqəvvasını yandırırlar. 19 fevral 1999

Hindistan - müsəlman etirazçılar Salman Rushdie-nin müqəvvasını yandırırlar. 19 fevral 1999

-

İrandakı "15 Xordad Fondu"nun rəhbəri Həsən Sanei Britaniya yazıçısı Salman Rushdie-nin öldürülməsi üçün mükafatı təxminən 500 min dollar artırdığını bəyan edib.

Beləliklə mükafat fondu 3,3 milyon dollara çatıb.

Fond bildirir ki, onun belə bir addım atmasına səbəb Amerikada Məhəmməd peyğəmbər haqda çəkilmiş və onu satiraya hədəf edən son filmdir.

Hazırda bir sıra müsəlman ölkələrində filmə etirazlar davam edir. Liviyada isə belə iğtişaşlar Amerika səfirinin öldürülməsi ilə başa çatıb.

"15 Xordad Fondu"nun yaydığı bəyanatda deyilir ki, "nə qədər ki Salman Rushdie öldürülməyib peyğəmbəri təhqir edən belə filmlərin çəkilişi dayanmayacaq".

Fond əlavə edib ki, indi fitvanın icra edilməsi üçün "ən münasib vaxtdır".

1989-cu ildə İranın ali dini lideri Xomeyni yazıçının qətli üçün fitva vermişdi.

Rushdie-ni "Şeytan ayələri" kitabına görə kafir elan etmişdilər.

Yazıçı kitabda İslamı, Məhəmməd peyğəmbəri təhqir etməkdə ittiham olunurdu.

O zaman bir sıra müsəlman ölkələrində kitaba qarşı etirazlar iğtişaşlara çevrilmiş və ölənlər olmuşdu.

Rushdie ölüm hədələrinə görə təxminən 10 il gizlənməyə məcbur olmuşdu. Onu Britaniya polisi qoruyurdu.

90-cı illərin sonunda İran bildirmişdi ki, daha fitvanın icrasına çalışmayacaq.

Son illərdə Rushdie Qərb ölkələrində sərbəst gəzməyə, ədəbiyyat tədbirlərində iştirak etməyə başlamışdı.

Amma bir müddət əvvəl o, Hindistandakı Caypur ədəbiyyat festivalına getmək planını oradakı radikal islamçıların ölüm hədələrinə görə ləğv etmişdi.

"15 Xordad Fondu"nun adı 1963-cü ilin xordad ayında baş vermiş hadisələrlə bağlıdır.

1963-cü il iyunun 5-6-da İranda Ayətulla Xomeyninin həbsinə etiraz olaraq kütləvi aksiyalar keçirilmişdi.

Onu İran şahı, Amerika və İsraili sərt tənqid edən nitqinə görə tutmuşdular.

Bu etirazlar yatırılsa da, İranda İslam inqilabına aparacaq böyük hərəkata təkan vermiş oldu.

Salman Rushdie-nin "Şeytan ayələri" kitabı ilə bağlı qalmaqal bir sıra ölkələrdə onun bütün əsərlərinin qadağan edilməsi ilə nəticələnib.

Onun ən gözəl romanı "Gecə yarısı uşaqları" adlanır.

Bu romana görə o, ingilisdilli ölkələrin nüfuzlu "Buker" mükafatına layiq görülüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG