Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:47

Səfir: «Müsəlman ölkəsi Azərbaycanın modelini Qərb dəstəkləməlidir»


ELİN SÜLEYMANOV AMERİKA YƏHUDİ KOMİTƏSİNDƏ ÇIXIŞ EDİB

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Amerika Yəhudi Komitəsində çıxış edib. Məlumatı Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyi yayıb.

Məlumatda deyilir ki, sentyabrın 13-də Amerika Yəhudi Komitəsinin Vaşinqton ofisində Azərbaycanla bağlı tədbir keçirilib. Tədbirdə ABŞ-dakı yəhudi icmasının tanınmış nümayəndələri, diplomatlar, region üzrə ekspertlər, akademik dairələrin nümayəndələri iştirak edib.

Səfir Elin Süleymanov çıxışında Azərbaycanın regionun inkişafına töhfə vermək arzusu və iqtidarında olduğunu bildirib. O, prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun inkişafına və Azərbaycanın bu prosesdə rolunun artırılmasına şəxsən diqqət göstərdiyini isə xüsusi vurğulayıb. Səfir dünyəvi bir müsəlman ölkəsi olaraq Azərbaycanın təqdim etdiyi modelin Qərb dövlətləri, o cümlədən ABŞ tərəfindən dəstəklənməsinin vacib olduğunu da deyib.

Elin Süleymanov Azərbaycan-ABŞ münasibətlərinə də toxunub. O, strateji tərəfdaşlığın regional təhlükəsizliyin möhkəmləndirilməsi, beynəlxalq terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra nəhəng iqtisadi layihələrin reallaşması baxımından əhəmiyyətindən danışıb.

Səfir həmçinin Azərbaycan-İsrail münasibətlərinə də toxunub. Elin Süleymanov hər iki xalqın dost olduğunu, iki dövlət arasında inkişaf edən əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
XS
SM
MD
LG