Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:42

1 Mart hadisələrində təqsirləndirilənlərin məhkəməsi davam edir


-
Quba hadisələrində təqsirli bilinənlərdən 9 nəfərinin növbəti məhkəməsi davam edir. Hakim Etibar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən qismində 16 polis əməkdaşı iştirak edir.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin nümayəndəsi Aftandil Məmmədlinin AzadlıqRadiosuna verdiyi məlumata görə, 9 nəfərdən 2-si həbsdədir. Qalanlarından isə başqa yerə getməməklə bağlı iltizam alınıb

«Həbsdə olan Səxavət Vahidi ilə Xəyyam Yunusov öz ifadələrində onlara qarşı irəli sürülən ittihamlarla özlərini qismən təqsirli bildiklərini dedilər. Amma onlar sabit icra başçısının evinin yandırılmasında və polisə xəsarətlə bağlı ittihamları qəbul etmirlər».

A.Məmmədli ötən prosesdə olduğu kimi, polislərin ziddiyyətli ifadələr verdiyini deyir:

«Polislərin hamısı deyir mən sol ayağımın pəncəsindən xəsarət almışam. Necə olur ki, hamısı elə sol ayağından xəsarət alır».

Quba hadisələri ilə əlaqədar 30 nəfər məsuliyyətə cəlb edilib. Onlardan 12-si həbs edilib, 18 nəfər barəsində başqa yerə getməməklə bağlı iltizam alınıb. 1 Mart Quba hadisələrinə görə təqsirləndirilənlərə istintaq dövründə ağırlaşdırıcı ittihamlar irəli sürülüb. İndi həmin şəxslər əmlakı qəsdən məhvetmə, ictimai qaydanı pozma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddələri ilə ittiham olunurlar. Zərərçəkənlər əsasən polislərdir.

İndiyə qədər iki qrup üzrə 17 nəfər məhkəmə qarşısına çıxarılıb.

İttiham təsdiqlənərsə, həmin şəxslər 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG