Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:03

Həştərxanda Azərbaycan-Rusiya Dostluq körpüsü açılıb



Sentyabrın 12-də Həştərxanda Azərbaycan və Rusiya Dostluq körpüsünün təntənəli açılışı olub. Mərasimdə Azərbaycan prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva da iştirak edib.

Mərasimdə məlumat verilib ki, piyadalar üçün Dostluq körpüsü Həştərxanda Heydər Əliyev parkını I Pyotr meydanı ilə birləşdirir. Sürahisinin ornamentlərində Bakının və Həştərxanın rəmzləri - Qız qalası və Həştərxan Kremli əks olunan körpünün uzunluğu 50 metr, eni isə 6 metrdir. Körpü sakinlərin şəhərdəki kanalın bir sahilindən digərinə keçməsini asanlaşdıracaq.

körpünün inşası barədə qərar 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana səfəri zamanı qəbul edilib. O zaman Rusiyanın bu şəhərində Heydər Əliyevin abidəsi açılmışdı. Körpünün tikintisi Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilib. Amma tikintiyə nə qədər pul xərcləndiyi haqqında rəsmi məlumat verilmir.

Fondun dəstəyi ilə Heydər Əliyev parkında "Arzu" uşaq əyləncə şəhərciyinin də açılışı olub. Ümumi sahəsi təxminən 1200 kvadratmetr olan şəhərcikdə 7 böyük və bir neçə kiçik attraksion quraşdırılıb. Hazırda parkın ərazisində uşaq kafesinin tikintisi davam etdirilir.

AzərTAc dövlət informasiya agentliyi həmçinin xəbər verir ki, sentyabrın 12-də Həştərxan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni təqdim edilib.
XS
SM
MD
LG