Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:43
-
«Oradakı şəraitsizliyi gözlə görmək lazımdır. Adicə bir saatlıq görüşə gedəndə tozdan çöldə dayana bilmirik. Nəfəs almaq mümkün deyil. İstər qış olsun, istər yay, orada insan yaşamaz. Qidanı da evdən göndəririk. Çünki vəziyyəti bərbaddır».

Bunu 14 saylı cəzaçəkmə yerində həbsdə saxlanan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin həyat yoldaşı Kəmalə İsgəndərli deyir.

VİCDAN MƏHBUSLARININ SAYINA GÖRƏ LİDER

Sentyabrın 12-də bir qrup keçmiş məhbus «Siyasi məhbuslarsız Azərbaycan» adlı təşkilat yaradıb. Təşkilatın koordinatoru Oqtay Gülalıyev deyir ki, onların əsas işi həm ölkədəki «siyasi məhbus»ların vəziyyətini, həm də cəzaçəkmə yerlərindəki şəraiti diqqətdə saxlamaqdır:

«Biz qanunsuz həbsdə olan məhbusların hüquqlarının müdafiəsi ilə yanaşı, həbs yerlərində saxlanma şəraitinin yaxşılaşdırılması və oradakı şəraitin müəyyən standartlara cavab verməsinə nail olmağa çalışacağıq».

Arif Hacılı

Arif Hacılı

Təşkilatın yaradıcılarından olan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, yeni qurum ölkədəki vəziyyəti olduğu kimi çatdırmaq üçün yaradılıb:

«Ölkədə bir tərəfdən siyasi məhbuslar azadlığa buraxılır, digər tərəfdən yeni siyasi məhbuslar yaranır. Hakimiyyətin bu siyasəti onunla nəticələnib ki, Azərbaycan hal-hazırda vicdan məhbuslarının sayına görə dünyanın aparıcı ölkələrindən birinə çevrilib. Biz də öz növbəmizdə çalışacağıq ki, Azərbaycanda siyasi məhbus probleminin həllinə töhfələrimizi verək».

HƏBSXANALARIN YEMƏK SİYAHISI

AXCP fəalı Babək Həsənov deyir ki, onlar bütün məhbusların hüquqlarını qoruyacaqlar:

«Cəzaçəkmə müəssisələrində vəziyyət çox acınacaqlıdır. Acınacaqlı dediyimizdən də çox acınacaqlıdır. Cəzaçəkmə müəssisələrində bütün ölkədə olduğu kimi hüquqa söykənən idarə sistemi yoxdur. Oradakı vəziyyət quldarların qullarla rəftarına oxşayır. 14 və 16 saylı cəzaçəkmə müəssisəsində olmuşam. Yeməkxananın qarşısında məhbusların yeyəcəyi yeməklərin siyahısı asılmalıdır. Həmin siyahı yox idi. Soruşanda deyirdilər ki, rəisin otağındadır. Çingiz Qənizadə

Çingiz Qənizadə

Rəisdən soruşanda ki, siyahı haradadır, deyirdi «niyə maraqlanırsınız ki?». Yemək siyahısı məhbuslara göstərilmirsə, oradakı yeməyin vəziyyətindən danışmağa dəyməz».

TƏŞKİLAT YARATMAQ DƏBİ

Millət vəkili Çingiz Qənizadə isə deyir ki, indi cəzaçəkmə müəssisələrində islahatlar gedir. Vəziyyət 10 il bundan əvvəlki kimi deyil:

«Bu, dəb halını alıb. Məhbəsdən çıxan hər bir şəxs gəlib bir təşkilat yaradır. Belə hesab edir ki, nələrisə dəyişə biləcək. Cəzaçəkmə müəssisələrində islahatlar gedir. Bu və ya digər formada narazı qaldığımız məqamlar var. O ki qaldı siyasi məhbuslara, ölkədə bir siyasi məhbus varsa, bu da narahatçılıq doğurur».

«BU, QEYRİ-CİDDİ MÜNASİBƏTDİR»

Faiq Qurbanov

Faiq Qurbanov

Ədliyyə Nazirliyinin insan haqları şöbəsinin müdiri Faiq Qurbanov isə keçmiş məhbusların fikirləri ilə razı deyil:

«Hər şeyi qara görmək düzgün deyil. Xeyli işlər, islahatlar gedir, infrastruktur yaradılır. İndi demək ki, hər şey pisdir, vəziyyət acınacaqlıdır, belə olmaz. Yəqin ki, onu deyənlər özlərinə diqqəti cəlb etmək istəyirlər. Bu, qeyri-ciddi münasibətdir. Bu sahədə köklü islahatlar gedir, cəmiyyət də bunun şahididir. Bunu beynəlxalq nüfuzlu təşkilatlar da vurğulayırlar».

Yeni yaradılmış təşkilat mütəmadi olaraq «qara siyahılar» da tərtib edəcək. Bu siyahıda məhbusların hüquqlarını pozan müəssisə əməkdaşlarının adları salınacaq.

Ötən il İctimai Palatanın 2 aprel aksiyasında həbs olunmuş bir qrup müxalifətçi bu ilin iyununda əfv olunub. Hüquq müdafiəçisi Vidadi İsgəndərli, AXCP üzvü Şahin Həsənli isə həbsdə qalıb.

Şərhləri göstər

XS
SM
MD
LG