Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:45
-

Azadlıq küsəyəndir... arzulanan, sevilən olduğunu hiss etməyincə, əmin olmayınca üz çevirər, onun yolunda şəhid olan, həbslərə gedənlərin dəvətini qəbul edib gedər...


Zümrüd Yağmur


AZADLIQ – QADIN KİMİ


Azadlıq ehtiyacdır. Özünü bilmək ehtiyacı, istək və arzularına boy vermək imkanıdır.

Azadlıq - genişlikdən, sərhədlərin uzaqlığından qorxmadan, bacara bildiyin qədər sahib olmaq, gedə bildiyin qədər getmək iradəsidir.

Azadlıq - kimsənin verəcəyi pay, hansısa təzim olunanın lütfü də deyil. O, haqdır, Tanrının özündən başqa kimsəyə qulluq izni vermədiyi yaşamaq haqqı... Haqq anlayışı olmayan azadlığı anlaya bilmir. Bu üzdən haqqın düşüncələrdən, qəlblərdən axıb yerə - ayaqlar altına düşdüyü məmləkətimizdə azadlığı tanıda, sevdirə bilmirik. Çünki azadlıq hüquqdan, qanunların verdiyi imkanlardan öncə insanın ruhunda, düşüncəsində var olmalıdır.

Azadlıq öz dəyərini bilir, ona görə də gəlişi nazlıdır.

Azadlığın nazını oxşamaq üçün əzablara, çətinliklərə dözmək, fədakarlıqlarla ona can atmaq, səbirlə gəlişini gözləmək, gərəkirsə ayaqları altına qırmızı qan xalılar döşəmək gərəkdir. Tarixdə öz qanı ilə azadlığın gəldiyi yolları süsləyən xalqlar bu gün azadlığın verdiyi nəşə və zövqlə keçmişin acıları üzərində xoşbəxtlik qalası ucaldıblar.
Azadlıq dua kimidir...

Onun nə zaman qəbul olunacağı, nə zaman arzudan gerçəyə çevriləcəyini kimsə bilməz. Ancaq istənməyən dua qəbul edilmədiyi kimi, uğrunda mübarizə aparılmayan, sidq ürəklə arzulanmayan azadlıq istəyi də gerçəkləşə bilməz. Bizlər xalq olaraq dualarımızda özümüzə, övladlarımıza sərvət, cansağlığı istəsək də azadlıq istəyirikmi?
Azadlıq kövrəkdir, utanqacdır.

İstənmədiyi yerə gəlməz, arzulanmadığı könüldə qərar tutmaz. Məmləkətimizə arzuladığımız azadlığı bizimlə birgə bu ölkənin torpağını, suyunu, havasını paylaşan çoxmu insan istəyir? Çoxmu insan azad olmadığı üçün özünü əzilmiş, həqarətə uğramış sayır?

Nyu-Yorkda Azadlıq heykəli

Nyu-Yorkda Azadlıq heykəli

Azadlıq geniş üfüqlər müjdəçisi olduğu üçün qəfəsləri sevməz, darlıqlara sığmaz.

Məmləkətimizdəki qadağaların, basqı və çərçivələrin qalxması üçün öncə azadlığı köksümüzə sığışdıra bilməliyik. Nə qədər ki, köksümüzdəki qəfəsləri qaldıra bilməmişik, içimizdə azadlığın sığacağı meydanları ona verə bilməmişik, küçələrimizdə, meydanlarımızda azadlıq sədalarını da eşidə bilməyəcəyik.

Azadlıq qürurludur...

... hökm etməyi sevər, ancaq əsla əzməyi, aşağılayıb sındırmağı qəbul etməz. Azadlığın hökm etməsi üçün bizlər şər və zülm qarşısında təzim edərək, itaət etməyə son qoymalıyıq ki, sərvətin, ehtirasın və təkəbbürün hökmünə son qoyulsun. Bunu bacarmasaq, azadlığı əsla bu ölkədə qarşılaya bilməyəcəyik.

Azadlıq küsəyəndir...

... arzulanan, sevilən olduğunu hiss etməyincə, əmin olmayınca üz çevirər, onun yolunda şəhid olan, həbslərə gedənlərin dəvətini qəbul edib gedər. Azadlıq uğrunda döyüşdə qurban gedən hər can, bu dünyaya əlvida deyən hər şəhid xalqın azadlığa yazdığı, göndərdiyi bir dəvətnamədir.

Azadlıq həsrətini çəkdirmədən vüsalının şirinliyini daddırmaz.

Onun üçün illərlə həsrət duymalısan, ona qovuşmaq xəyalı və arzusu ilə yatıb qalxmalısan, hər sınağa, çətinliyə usanmadan dözməlisən. Və günlərin bir günü çəkdiyin çilənin əvəzini bu dünyanı səndən ötrü cənnətə çevirərək qaytaracaq.
Azadlıq qadın kimidir, güclü iradəni və əyilməzliyi sevər.

Qadağa, sədlər qarşısında geri çəkilməyən, haqqını İlahi ərməğan kimi qoruyan insanın qəlbində ona həmdəmlik edər, tək buraxmaz, dar gününün, təkliyinin sadiq dostu olar, öz şöləsi ilə qaranlığa düşüb azmaqdan, bilinməzlərə düçar olmaqdan qoruyar.
Min kölənin içində də səni azad tutar.

Azadlıq öz sərhədi ilə azğınlıq qarşısında sədd çəkər. Hüquq, əxlaq dəyərləri ilə birinin üstünlük, hökmranlıq iddiasına düşüb digərinin azadlıq sərhədlərini işğal etməsinə, ona rahatsızlıq verməsinə müsaidə etməz.

Azadlığın qoruduğu sərhədlərimizin yoxluğu üzündəndir ki, “mənimdir” deyə sahib olma hüququndan, “poza bilməzsiniz” demək haqqından məhrumuq.

Yeni Müsavat

Şərhləri göstər

XS
SM
MD
LG