Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:43

Erdoğan'la Əliyev nədən danışırlar?


İlham Əliyev və Recep Tayyip Erdoğan
İlham Əliyev və Recep Tayyip Erdoğan
-
«Bir millət iki dövlət arasında viza olmamalıdır. Bunun səbəbini Türkiyə cəmiyyətinə də anlatmaq çətindir. Azərbaycanla Türkiyənin münasibətləri istər mənəvi, istərsə də hüquqi baxımdan o qədər əsaslıdır ki, aradakı viza rejimi absurd görünür».

Bunu AzadlıqRadiosuna Türkiyə sənətçisi Ahmet Şafak deyib. Onun fikrincə, Azərbaycanla Türkiyənin beynəlxalq münasibətləri də digər dövlətlərinkindən xeyli yüksəkdir. İllərdir rəhbərləri bu qədər yaxın olan başqa dövlətlərə də rast gəlinmir:

«Əlbəttə ki, bu viza rejimini Türkiyə kimi Azərbaycan da aradan qaldırmalıdır. Düzdür, Azərbaycan vizanı bizə girişdə verir. Bu, bir imtiyazdır, bilirik. Amma artıq bütün dünya da qəbul edib ki, Azərbaycanla Türkiyənin münasibətləri sıradan iki dövlətin münasibəti deyil. Ona görə də, vizanı aradan qaldırması heç bir zaman Azərbaycanın hüquqi prinsiplərinə də zidd olmaz. Bizim xahişimiz bu vizanın aradan qaldırılmasıdır. Bunu türk toplumuna anlatmaq da çətindir. Bir yolunu tapıb Azərbaycanın da Türkiyə kimi vizanı aradan qaldırması lazımdır».

Ahmet Şafak deyir ki, onun Azərbaycana tez-tez gələn Türkiyə vətəndaşları, sənətçilər, iş adamları ilə də bu mövzuda söhbətləri olub. Bu məsələ onları da çox narahat edir.

RƏSMİ MƏLUMAT

Sentyabrın 11-də Türkiyənin Baş naziri Recep Tayyip Erdoğan Azərbaycana ikigünlük səfərə gəlib. Səfərdə onu Türkiyənin Xarici İşlər, Enerji və Təbii Qaynaqlar, İqtisadiyyat və digər nazirləri müşayiət edir. Prezident İlham Əliyevlə Recep Tayyip Erdoğan Qəbələdə görüşüblər. Onların birgə sədrliyi ilə Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının (SƏŞ) iclası keçirilib.
İlham Şaban
İlham Şaban

İclasda Strateji Əməkdaşlıq Şurasının ötən ilki qərarlarının reallaşması, eləcə də iki ölkə arasında siyasi, iqtisadi, hərbi və enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulurdu. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılmalıydı.

MƏNƏVİ DƏYƏRLƏRDƏN DƏMİR BORULARA

Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının (SƏŞ) iclasında enerji öndə gedən məsələ olmalıdır:

«Artıq elan edilib ki, Türkiyə dövlətinin 100 illiyinədək olan dövrdə - yəni 2023-cü ilədək ARDNŞ-in bu ölkənin enerji sektoruna yatıracağı layihələrin ümumi dəyəri 17-18 milyard dollara çatacaq. Azərbaycan Türkiyədə investisiya qoyuluşuna görə 3-cü yerə qalxacaq. Təbii ki, bu da Azərbaycan tərəfdən çox böyük bir nailiyyət olacaq».

İlham Şaban əlavə edir ki, Azərbaycanın müstəqilliyinədək, eləcədə müstəqilliyin ilk onilliyində Azərbaycanla Türkiyəni mənəvi dəyərlər birləşdirirdisə, ikinci onillikdə artıq bu ölkələri daha çox dəmir borular bir-birinə sıx şəkildə bağlayır. Bu ölkələri indi iqtisadı baxımdan və ondan qaynaqlanan digər məsələlərdə bir birindən ayırmaq artıq mümkün deyil.
Rasim Musabəyov
Rasim Musabəyov

İlham Şaban da deyir ki, arada bu qədər çeşidli əməkdaşlıq əlaqələri olduğu halda Azərbaycanın Türkiyə ilə viza rejimini aradan qaldırmaması suallar yaradır.

BİRİNCİ TÜRKİYƏ İLƏ MÜZAKİRƏ OLUNASI MƏSƏLƏLƏR

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov isə düşünür ki, Strateji Əməkdaşlıq Şurasının (SƏŞ) iclası çərçivəsində müzakirəsi elan olunmuş istiqamətlər ikinci dərəcəli məsələlərdir. Əliyevlə Erdoğan arasında əsas danışıqlar regiondakı gərginlik və təhlükəsizliklə bağlıdır:

«İran ətrafında vəziyyət gərginləşir. Suriya problemi isə İranla Türkiyənin toqquşmasına gətirib çıxara bilər. Bir tərəfdən də Rusiya bölgəyə təzyiqlərini artırır. Artıq Rusiya mətbuatı yazır ki, Qərb İrana müdaxilə edərsə, Rusiya Cənubi Qafqazda hərbi nəzarətini bərpa etməlidir. Təbii ki, bütün bu məsələlər Azərbaycan üçün təhlükəlidir. Nəzərə alınsa ki, Türkiyə Azərbaycanın qardaş, dost, strateji müttəfiqidir, demək, bu məsələlər birinci növbədə Türkiyə ilə müzakirə olunmalıdır. Çünki çətin vəziyyət yaransa, Türkiyədən başqa Azərbaycana əl uzadacaq başqa qüvvə yoxdur».

Rasim Musabəyov deyir ki, Erdoğan'ın bu səfəri iki ölkənin siyasətinin indiki vəziyyətə uyğunlaşdırılmasına da xidmət edir. Söhbət mövcud risklərin azaldılması üçün Azərbaycanın özünü necə aparması və Türkiyənin hansı şəraitdə hansı köməyi göstərə biləcəyindən gedir.
XS
SM
MD
LG