Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:01

Praqada «20 il sonra keçmiş sovet respublikalarında demokratiya» müzakirə edilir


Azerbaijan - Comenius Society Presents conference logo, 10Sep2012
Azerbaijan - Comenius Society Presents conference logo, 10Sep2012
-
ŞƏRQ QƏRBƏ ÇATA BİLƏCƏKMİ?

Keçmiş sovet respublikaları müstəqil olduqları son 20 ildə demokratiya sarıdan hardan-hara gələ bildilər? Şərq Qərbə çata biləcəkmi? Sovet şinelindən çıxmış Şərqi Avropa ölkələri başqa sabiq kommunist respublikalarından niyə daha çox irəli gedə bildillər?

Azərbaycanda da medianın, siyasi təhlillərin ənənəvi mövzuları olan bu sualların cavabını sentyabrın 11-i və 12-də Çex Respublikasının paytaxtı Praqaya toplaşan ictimai fəallar müzakirə edirlər.

Müzakirələrdə Latviya prezidenti, Gürcüstan, Ermənistan, Belorusdan ictimai liderlər, Çexiya rəsmiləri, Avropanın fikir mərkəzlərinin təmsilçiləri iştirak edir.
Azərbaycandan da toplantıda millət vəkili Asim Mollazadə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Xarici İşlər Nazirliyinin Humanitar Problemlər departamentinin müdiri Əlmirzamin Əsgərov qatılıb.

Konfransda keçmiş sovet məkanı ölkələrinin son 20 ildə demokratiya doğru nə qədər yol gedə bildikləri, daha sürətli addımlamaları üçün ideyaları müzakirə olunur.

ASİM MOLLAZADƏDƏN NƏSİL DƏYİŞİKLİYİ RESEPTİ

Azərbaycandan Demokratik İslahatlar Partiyasının sədri, millər vəkili Asim Mollazadə toplantıda çıxışında dedi ki, sovet rejimi azadlıq, demokratiya istəyən Şərqi Avropa ölkələrini Azərbaycan və başqa digər respublikalar kimi ərazi itkiləri, etnik müharibələrlə cəzalandırıla bilmədi. Ona görə indi həmin ölkələrin demokratiyası, Cənubi Qafqaz, ya da Orta Asiyadakı demokratiyada daha irəlidir.

Asim Mollazadə
Asim Mollazadə
Çıxışında daha çox gənc nəslin təhsilinə, müasir təfəkkürlü menecerlərin hazırlanmasına Avropadan dəstək istəyən Asim Mollazadə AzadlıqRadiosuna müsahibəsində də bildirdi ki, Azərbaycanda demokratiyanın daha çox inkişafına nəsil dəyişikliyi lazımdır:

- Sovetləşməni, Sibir sürgünlərini, Kulakı görməyən Mərkəzi Avropa ölkələri islahatları o biri keçmiş sovet respublikalarından daha sürətlə həyata keçirə bildilər. Demokratiya, insan hüquqları, qanunun aliliyi istiqamətində bütün keçmiş sovet ölkələrində oxşar problemlər var. Deməli, bu ölkələrin cəmiyyətlərində çox dərin, ciddi islahatlara ehtiyacı var. Bu, bəlkə vaxt aparacaq, məncə, nəsil dəyişikliyinə ehtiyac var.

Asim Mollzadə hesab edir ki, Gürcüstanın demokratik islahatlar, korrupsiya ilə mübarizə sahəsində uğurları ABŞ-da təhsil almış gənc mütəxəssislərdən ibarət komandanın bu işdə çalışmasıdır. Millət vəkili Şərqi Avropa və ABŞ-ı Azərbaycanda da belə mütəxəssislərin hazırlanması işində Bakıya yardımlara çağırır.

- Bizi daha yaxşı başa düşən, bizimlə eyni zindandan çıxmış ölkələr bizə köhnə Avropadan daha tez dəstək verə bilərlər. Ümidvaram ki, həm Mərkəzi Avropa, həm də ABŞ bizə bu sahədə dəstəyini göstərəcək. Azərbaycan xalqı da bundan daha çox bəhrələnən və sürətlə inkişaf edəcək. İslam və türk dünyası üçün öz tarixi liderlik missiyasını davam etdirə biləcək.

BƏS, AZƏRBAYCAN NİYƏ TƏHSİL ÜÇÜN AVROPA YOX, ÇİNƏ TƏLƏBƏ GÖNDƏRİR

ABŞ, Qərb ölkələrində oxumuş gənc mütəxəssislərin dövlət işlərinə yaxın buraxılmamaları, onların bəzilərinin həbsə atılması barədə tənqidlər haqqında sualımıza Asim Mollazadənin cavabı:

- Harvardı bitirmiş bir nəfərin həbsini əsas kimi götürməməliyik...

- Həbs edilən təkcə Harvard məzunu Bəxtiyar Hacıyev deyildi, xarici ölkələrdə təhsil almış Adnan Hacızadə, Emin Milli də tutulmuşdu...

- Onların həbsi universitet oxuduqları üçün deyildi, tam başqa məsələlər idi. Mənim şəxsi mövqeyim də o idi ki, onlar haqsız həbs edilmişdilər. Onların azadlığa buraxılmaları üçün mən də mübarizə aparmışam.

Demək istədiyim təkcə xaricdə təhsillə bağlı deyil, mən bizim iqtisadi imkanlarımızın bu illər ərzində ölkədə təhsil sisteminin yenidən qurulmasına sərf olunmamasından daha çox narahatam. Amma əlbəttə, hökumətin tələbələri xarici ölkələrə göndərməsi də müsbət addımdır.

- Amma indi tənqidlər səslənir ki, Azərbaycan hökuməti gənclərin ideoloji təsirlərə düşməmələri arqumenti ilə onları ABŞ, Avropa universitetlərinə deyil, Çindəki universitetlərə göndərir...

- Bilirsiz ki, artıq dünyanın 100 qabaqcıl universiteti arasında Çin universitetləri də var. Çinə, Malayziyaya, Sinqapura tələbə göndərməkdə pis bir şey yoxdur.
Dediyim odur ki, biz öz təhsil sistemimizi yeniləməliyik ki, mütəxəssisləri özümüzdə, həm də daha çox yetişdirə bilək.

Məncə, biz məsələlərə təkcə ağ və qara rənglərdə baxmamalıyıq. Başqa rənglər də var.

Azərbaycanda ciddi problemlərdən biri də siyasi mədəniyyətin yetərincə formalaşmamağıdır. Ölkədə siyasi mədəniyyətin yüksəldilməsinə ehtiyac var.



XARİCİ İŞLƏR NAZİRLİYİNİN TƏMSİLÇİSİ AVROPADA DA İNSAN HAQLARI PROBLEMLƏRİNİ QABARDIR

Toplantıda rəsmi Bakını təmsil edən Xarici İşlər Nazirliyində İnsan haqları, Demokratikləşdirmə və Humanitar Problemlər departamentinin müdiri Əlmirzamin Əsgərov isə AzadlıqRadiosuna müsahibəsində 300 ildən çox demokratiya təcrübəsi olan Avropanın özündə də ciddi insan haqları problemlərinin qaldığına diqqət çəkir:
Əlmirzamin Əsgərov (ön cərgədə soldan ikinci) konfransda.
Əlmirzamin Əsgərov (ön cərgədə soldan ikinci) konfransda.
- Hətta, demokratik baxımından 300 illik tarixi olan ölkələrdə də insan haqları ilə bağlı müəyyən problemlər var. Fransada erməni soyqırımı ilə bağlı qəbul olunan qanunlar, İsveçrədə məscidlərlə, minarələrlə bağlı problemlər var. İnsanların dini azadlıqları pozulur.

Əlmirzamin Əsgərov deyir ki, Azərbaycanda demokratiya, insan haqları sahəsində hər şeyin yerində olduğunu iddia etmir, amma beynəlxalq təşkilatların hesabatlarında Bakının ünvanına səslənən tənqidləri də obyektv hesab etmir:

- Hesabatlarla tanış oluruq, öz izahatlarımızı, ölkə yanaşmalarını göndəririk. Əksər hallarda qəbul edirlər. Məncə, bu tənqidlərdə birtərəfli yanaşmalar daha çoxdur. Belə hesabatlarında qeyri-hökumət təşkilatlarının qeyri-obyektiv yanaşmalarına əsaslanırlar.

Əlmirzamin Əsgərov konfransda sentyabrın 12-də çıxış edəcək.

Keçmiş Sovet respublikalarında demokratiya, insan haqlarının daha yaxşı inkişafına resept axtaran ictimai fəalların Praqa toplantısı hələ sentyabrın 12-də davam edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG