Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:19

2013-cü il prezident seçkisindən ilkin gözləntilər


İlham Əliyev səs verir, 18 mart 2009

İlham Əliyev səs verir, 18 mart 2009

-
Gələn il oktyabrın 16-da Azərbaycanda növbəti prezident seçkisinin keçiriləcəyi gözlənir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, seçki gününün tarixi Seçki Məcəlləsinə müvafiq müəyyən olunur və bu tarix də 2013-cü il oktyabrın 16-a təsadüf edir.

Ötən prezident seçkisində prezidentliyə 7 namizəd vardı. Hakim partiyanın namizədi indiki prezident İlham Əliyev idi. Ana müxalifəti təmsil edən İsa Qəmbər və Əli Kərimli seçkini boykot etmişdi. Mərkəzi Seçki Komissiyasının açıqladığı yekun nəticələrə görə, İlham Əliyev seçicilərin təxminən 88 faizinin səsini qazanmışdı. İkinci yeri Ümid Partiyasının sədri İqbal Ağazadə tuturdu. Ona seçicilərin 3 faizə qədəri səs vermişdi.

Bəs bu dəfə seçki mənzərəsi necə olacaq?

2009-cu ildə Konstitusiyaya edilən dəyişikliyə görə, bir nəfər prezidentliyə iki dəfədən artıq namizədliyini verə bilər. Hazırkı Prezident İlham Əliyev 2003-cü ildən bəri bu vəzifədədir. Əksək müşahidəçilər həmin dəyişikliyin məhz onun 3-cü müddət üçün prezidentliyə yol açmaq məqsədi güddüyünü deyirdi.

HAKİM DAİRƏNİN NAMİZƏDİ KİM OLACAQ?

Milli Məclisin üzvü, ötən seçkidə İlham Əliyevin vəkili olmuş Musa Qasımlı deyir ki, indiki prezident namizəd kimi verdiyi vədlərini yerinə yetirib və ölkədə sosial, siyasi və iqtisadi stabilliyi qoruyub:

- Azərbaycan Konstitusiyasına görə, bir nəfər bir neçə dəfə prezident seçilə bilər. Ona görə də, hesab edirəm ki, cənab prezident İlham Əliyevin namizədliyi Azərbaycan üçün uğurlu və xeyirli olar.

- Bəs bu Azərbaycanın beynəlxalq imicinə zərər vura bilərmi? Demokratik ölkələrdə prezidentlər yalnız iki müddətə seçilə bilərlər.

Musa Qasımlı

Musa Qasımlı

- Belə düşünmürəm. Hər şeyi qanunlar həll edir. Azərbaycan hüquqi dövlətdir. Qanunlarda o qadağalar yoxdursa, cənab prezident və ya istənilən şəxs namizədliyini bir neçə dəfə irəli sürə bilər. Amma seçim xalqındır. Xalq kimi istəsə, ona da səs verəcək.

Musa Qasımlının fikrincə, ölkənin siyasi həyatı prezident seçkisinin gərgin keçməyəcəyindən xəbər verir:

«İndi nə edək ki, Azərbaycan müxalifəti zəifdir, sosial dayaqlarını itirib. Etiraf etmək lazımdır ki, indiki dövrdə quru tənqidlər üzərində siyasəti qurmaq olmaz. İnsanlar real işi görürlər, bunu qiymətləndirirlər. Güman edirəm ki, Azərbaycan müxalifətinin şansı əvvəlki illərdən qat-qat aşağıdır. Hətta vahid namizəd məsələsini həll etsə belə, seçkini qazanmaq şansı yoxdur».

«QARŞIMIZDA İKİ MƏRHƏLƏ VAR»

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə hesab edir ki, növbəti prezident seçkisi ərəfəsində hakimiyyət yenə də reqressiv üsullardan yararlanacaq və seçkini saxtalaşdırmaq üçün vasitələri işə salacaq. Fuad Qəhrəmanlı

Fuad Qəhrəmanlı

Amma müsahibimiz deyir ki, bununla belə onlar ölkədə seçki mühitinin dəyişməsi, demokratikləşməsi uğrunda mübarizə aparacaqlar:

«Azərbaycan xalqı dəyişikliklər uğrunda kütləvi şəkildə qoşularsa, xalqın həyatında ciddi dönüş mərhələsi olacaq».

Fuad Qəhrəmanlını hakimiyyətin namizədinin kim olması yox, hakim rejimin seçkini nə dərəcədə demokratik şəraitdə keçirəcəyi düşündürür:

«Biz bir məsələni də etiraf etməliyik ki, qarşımızda iki mərhələ var: seçicilərin səsini qazanmaq və sonra da bu səsi qorumaq».

Ötən seçkidə seçicilərin 3 faizə yaxınının səsini alan İqbal Ağazadənin hakimiyyətin demokratik seçki keçirməsinə ümidi azdır. Ancaq deyir ki, regionda baş verən proseslər və daxildə toparlanmış güc hakim rejimi fərqli siyasət yürütməyə məcbur edə bilər.

«2008-Cİ İLDƏKİNDƏN DƏ SAKİT SEÇKİ»

Hafiz Həsənov

Hafiz Həsənov

Hüquqi bazada və ya ölkənin siyasi ab-havasında bir dəyişiklik görmədiyini deyən seçki məsələləri üzrə ekspert Hafiz Həsənovun 2013-cü ilin payızından əlahiddə gözləntisi yoxdur. Onun fikrincə, ölkədə seçici-vətəndaş fəallığı da hiss olunmur:

«Mütərəqqi addımlar atılmazsa, onda 2008-ci ilin seçkisindən də sakit bir seçki keçəcək».

Amma Hafiz Həsənov onu da əlavə edir ki, «hər anın bir hökmü var» tezisinin hər an ortaya çıxa biləcəyi də unudulmamalıdır.

CLİNTON'DAN SİTAT

Azərbaycana yenicə gəlmiş ABŞ səfiri Richard Morningstar jurnalistlərlə görüşündə onların növbəti prezident seçkisi ilə bağlı sualını da cavablandırıb. Amerikalı diplomat ABŞ Dövlət katibi Hillary Clinton’un Bakıya səfərlərinin birində səsləndirdiyi fikirdən sitat gətirib:

«Bizim ölkəmizin ən yaxşı əlaqələri ö ölkələrlədir ki, onlar demokratiya və insan haqlarının təmin olunmasını həyata keçirirlər».

Şərhləri göstər

XS
SM
MD
LG