Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:23

Balzakın qısqanclığı, Floberin subaylığı, Selincerin 46 ili...


Xuraman Hüseynzadə
Xuraman Hüseynzadə
-

Balzak otağına qapanar, qapı və pəncərələri kip bağlayarmış ki, otağa işıq daxil olmasın.

Flober tənhalığa elə aludə oldu ki, ailə də qurmadı.

Məşhur “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin müəllifi Serom Selincer həyatının 46 ilini tənhalıqda keçirib...



Xuraman Hüseynzadə


DÖRD DİVAR QOYNUNDA...


Həyatımızda elə məqamlar olur ki, düşüncələrimizlə baş-başa qalmaq istəyirik. Dörd divar, yalqızlıq, xatirələr, düşüncələr...

Bəziləri üçün belə məqamlarda siqaret, içki də yaxşı “dost”a çevrilir. Mənimçünsə tənhalığı stimullaşdıran ağ worddur.

Yarımqaranlıq otaqda, dörd divarın qoynunda ağ word günəş kimi doğur həyatıma... Yazıram. Tənhalığımı monitor absorbsiya edir.

Biz niyə tənha qalmaq istəyirik? Niyə insanlardan qaçıb daş divara, sükuta pənah gətiririk? Deməli, bəzən öz ürəyimizlə, beynimizlə baş-başa qalmağa daha çox ehtiyacımız olur.

Deməli, özümüz özümüzə başqalarından daha çox lazım oluruq; içimizdəki “mən” başqalarından daha ağıllı dost olur bizə. Kimsə düşünməsin ki, yalnız problemli, həyata küskün adamlar dörd divara bağlanır. Tənhalıq xoşbəxtlərə də pullarını hesablamaq,
Jerome David Salinger
Jerome David Salinger
yaxud yaşadıqları qorxunu paylaşmaq üçün yaxşı “partnyor” olur...

Həbsxanada tənhalığı art-istedad aşılayır. Ömür boyu əlinə bir karandaş almayan adam həbsxanda rəssama çevrilir.

Bir dəfə qadın kolonuna getmişdim. Bir dustaq mənə çörəyin içindən hazırlanmış heyrətamiz bir simurq quşu hədiyyə etdi. “Bu, mənim tənhalığımın əsəridir”,-dedi.

Razılaşaq ki, tənhalıq alın yazısına da çevrilir bəzən. Hər şeyə rəğmən, insan əbədi təklikdən qaçmalıdır. Təklik bir tək Yaradanın statusudur... Tənhalıq insanı fatalizmə sürükləyir, ölümü daha da yaxınlaşdırır. Dörd divarın soyuq qucağından da zövq almaq gərək...

***

Məncə tənhalığın ən “rəngarəng” formasını yaradıcı insanlar yaşayır. Yaradıcı insanın yalnızlığı da yaradıcı olur. Flober insanlardan qaçırdı. Tənhalığa elə aludə oldu ki, ailə də qurmadı.

Müəyyən müddətdən sonra yazıçının tənhalığı özünün ən miskin dönəminə qədəm qoydu: o, yalqızlaşdı, cəmiyyətdən tamamilə təcrid olundu.

Həyatının son illərində qloukoma хəstəliyi nəticəsində görmə qabiliyyətini demək olar ki, tamam itirən Jan-Pol Sartr tənhalığın köləsinə çevrilənlərdəndi.

Balzak
Balzak
Balzak, işığı, günəş şüalarını belə öz tənhalığına qısqanırmış. O, otağına qapanar, qapı və pəncərələri kip bağlayarmış ki, otağa işıq daxil olmasın.

Yaşadığı ağır, məşəqqətli həyat Edqar Allan Ponun psixikasına öz təsirini göstərmiş və əsəb pozuntusuna gətirib çıxarmışdı. Ömrünün sonlarına yaxın əzablardan xilas olmaq üçün spirtli içkiyə və narkotikaya qurşanan yazıçının həyatını tənhalıq daha da qısaltdı.

Məşhur “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin müəllifi Serom Selincer həyatının 46 ilini tənhalıqda keçirib. Bu illər ərzində o, yalnız bir dəfə mətbuata kiçik bir müsahibə verib. Platonov, Vısotski, Blok, Kafka və s. də tənhalığa üz tutanlardan olub.

Ümumiyyətlə isə tənhalığa ingilislər daha çox meyl edir. İngilislərin ünsiyyətdən qaçmaqlarını çox vaxt ifrat nəzakətli olmaları ilə əlaqələndirirlər. Hətta bununla bağlı belə bir lətifə də var:

“Adada 30 il tək-tənha yaşayan iki ingilisi heç kim bir-biri ilə tanış etmədiyi üçün tanış olmurlar.”

***

Kamyu insanlardan qaçmağı məsləhət görürdü. Sartr isə bunun əksini deyirdi. “İnsanlar körpü salmaq əvəzinə hasar çəkdikləri üçün tənha qalırlar”-Nyutonun sözləridi. Tənhalığın qınında ölən insanların həyat tərzi də sübut edir ki, yalqızlıq insanı tədricən məzara aparır. Hər halda yaşamaq, həyatdan zövq almaq daha gözəldi...

İrland şairi Uilyam Battler Yits həyatını daim səyahətlərdə keçirmiş, tənhalıqla baş-başa qaldıqda özünü bütünlüklə yaradıcılığa həsr etmişdi. O, dünyasını dəyişəndə tədqiqatçı Riçard Elman yazırdı:

“Seçdiyi yola sədaqəti, yaşına və xidmətlərinə görə tam haqqı olan rahat həyatdan imtinası sayəsində Yits poeziyanın inkişafına, müasir insanın kamilləşməsinə xidmətdə keçən bir neçə ömür yaşadı...”

Və sonda: vaxtımızın qiymətini bilməliyik. Tənhalıqla baş-başa qaldıqda belə sükutdan yararlanmalı, daha dərindən düşünməli, yazmalıyıq. Vısotskinin sevimli sözünü tənhalıqda belə unutmamalıyıq: “İşləmək lazımdı...”

Qafqazinfo
XS
SM
MD
LG