Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:40

«Mülkiyyət hüquqlarımızı məhkəmələr də təmin etmir»


Arxiv foto
Arxiv foto
Mehdiabad qəsəbəsinin sakinləri Vidadi QasımovEldar İsmayılov «Qaynar xətt»ə şikayət ediblər. Onlar 3 ildən artıqdır ki, torpaq mülkiyyətçisi kimi hüquqlarının pozulduğunu deyirlər.

Vidadi Qasımov: «Dədə-babadan qalan torpağımı hasara alıblar. Nə tikirlər, mənə məlum deyil. 3 ildən artıqdır mən bunlarla mübarizədəyəm. Məhkəmələr də bizim mülkiyyətçi hüquqlarımızı tanımaq istəmir».

Mehdiabad sakini Eldar İsmayılov da ona məxsus olan böyük torpaq hissəsinin zəbt olunduğunu deyir:

«Torpağımıza həsrət qalmışıq. 15 ildən artıqdır ki, burda torpağım var. O vaxt torpaq islahatı aparılanda torpaqlar kənd sakinləri arasında bölündü. Bizim hər birimizdə hasara alınmış bu torpaqların qanuni sənədi var. 5-6 il əvvəl qəflətən üstümüzə gəldilər ki, bu sahələr dövlət əhəmiyyətli obyekt üçün ayrılıb. Sonradan həmin ərazini hasara aldılar».

Eldar İsmayılov deyir ki, yerli bələdiyyədən tələb ediblər ki, əgər torpaqlar dövlət əhəmiyyətli obyektlərin tikintisinə görə onlardan alınırsa, onlara bu barədə rəsmən bildirilsin. Onlar da əllərindən alınan torpaqlara görə kompensasiya tələb etsinlər. Ancaq bələdiyyə tələbə məhəl qoymayıb.

30-A YAXIN AİLƏ ŞİKAYƏTÇİDİR

Eldar İsmayılov deyir ki, Mehdiabadda yaşayan 30-a yaxın ailə mülkiyyət hüquqlarının bərpası və zəbt olunmuş torpaqlarının boşaldılması tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib. Ancaq məhkəmənin qətnaməsi onları qane etməyib:

«Sanki bizi ələ salırlar. Məhkəmə deyir torpaqlar sizin olsa da, sizə məxsus mülklərin ətrafı bələdiyyənin mülkiyyətindədir. Bələdiyyə isə öz mülkiyyətində olan həmin əraziləri satıb».

Mehdiabad qəsəbəsinin icra nümayəndəliyindən «Qaynar xətt»ə bildiriblər ki, iddialara məhkəmə qiymət veribsə, məhkəmənin qərarından sonra icra nümayəndəliyinin nə isə deməsi yersizdir.

Bələdiyyədən isə bildiriblər ki, qeyd olunan ərazilərdə yalnız bələdiyyəyə məxsus torpaqlar satılıb və tikinti aparılır.

Sakinlər deyirlər ki, onları ərazidə tikilən obyektin təyinatı maraqlandırmır. Onlar əllərindən alınmış torpaqlara görə hökumətdən kompensasiya tələb edirlər.
XS
SM
MD
LG