Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:33

Traktorçu, dəmirçi və xanəndə... [Video]


Usta Falat Hüseynovla görüşmək üçün Astara rayonunun Şiyəkəran kəndinə yollanırıq. Onunla görüşmək istəyimiz heç də səbəbsiz deyil. Deyilənə görə, usta Falatın həm ağır zəhmət tələb edən dəmirçilik, həm də xüsusi istedad tələb edən xanəndəlik bacarığı var. Üstəlik, o, uzun müddət kənddə traktorçuluq da edib. Kəndin girəcəyində usta Falat Hüseynovun evini soruşduq. Dedilər ki, ustanın evi kəndin o biri başında, çayın kənarında yerləşir. Sakinlər onu əsasən xanəndə kimi tanıdıqlarını deyirdilər. Usta Falatın evinə çatana kimi 4-5 məhəllədən keçdik. Məhəllələrdə daha çox sovet dövründə tikilmiş evlər gözə dəyir. Əzəmətli, yeni tikilmiş evlər də inşa edilib. Sakinlərin demələrinə görə, yeni evləri inşa edənlər Rusiyada çalışanlardır.

Məhəllələrdə söhbət etdiyimiz adamlar giley-güzar da etdilər. Onların sözlərinə görə, pensiyalar vaxtında verilmir. Narkomanlıq baş alıb gedir. Şikayətə baxan yoxdur. Onların sözlərinə görə, qonşu Kakalos kəndində Heydər Əliyevə heykəl qoyulub. O heykəlin hesabına məmurların diqqətini kənddə olan problemlərə yönəltmək istəyirlər.

USTA FALATIN EVİNDƏ...

Gəlib usta Falatın evinə çatırıq. Usta iş başında idi. Usta Falat balta, kətmən, bel və sair alətlərin saplarını düzəldir. Bu alətlərin dəmirdən olan hissəsini yenidən qaydaya salır, uc hissəsini dəyişir. Bir sözlə dəmirçilik edir. Deyir ki, bu alətlərin dəmirləri keyfiyyətsizdir. Bu baxımdan da alətlərin üstündə işləmək lazım gəlir:

«KİMİN KƏND TƏSƏRRÜFATI ALƏTİ SINIR GƏTİRİR ONU DÜZƏLDİRİK»
«Kimin kənd təsərrüfatı aləti sınır gətirir onu düzəldirik»

«Kimin kənd təsərrüfatı aləti sınır gətirir onu düzəldirik»


«Mənim atam da bu işləri görüb, mən də ondan götürmüşəm. Traktorçu idim. Siftə xanəndə olmuşam, 5-10 il toylara getmişəm. Ondan sonra texnika götürdüm. 71-ci ildən 96-cı ilə kimi əmək fəaliyyətim var. O da getdi. İndi çıxmışam dəmir işinə. Kimin kənd təsərrüfatı aləti sınır gətirir onu düzəldirik».

Usta Falatın dediyinə görə, Azərbaycan kəndlərində texnika inkişaf etməyib. Bu baxımdan da əl əməyi üstünlük təşkil edir və bu cür alətlərə də ehtiyac var. Hətta onun deməsinə görə, indi torpağı traktorla yox, xışa öküz qoşub şumlayırlar. Üstəlik müxtəlif peşələrdə çalışmasına baxmayaraq iqtisadi vəziyyətinin ağır olaraq qalmasından şikayətlənir:

«OĞLAN ÜÇÜN TOY ELƏDİM, NƏ QƏDƏR BORCUM VAR»

«Çox da yaxşı deyil....Oğlan üçün toy elədim, nə qədər borcum var. O vaxtları hökumət traktoru vermişdi, həm hökumət üçün həm də özüm üçün işləyirdim. İş gedirdi...O ağır işdən düşmüşəm bu ağır işə. Pensiyada almıram. İndi çətin işdir. Traktorçuluq da çətin iş idi, bu da. Yalandan dolana bilirsən, çox da yaxşı deyil».

Usta Falatın bildirdiyinə görə, kənd sakinlərin çoxu Rusiya ilə dolanır:

«Çoxu Rusiya ilə dolanır. Burda iş az gedir. Əkin az gedir. Sovxoz olsaydı, millət hamısı işləyərdi. Bizdən də gedərdi. Sahə var heç cürə imkanım yoxdur, uzaqdır. Pulum yoxdur əkdirim, qalıb orda. Neçə ildir veriblər 50 sot torpağı, belə də qalıb. İmkanım yoxdur».

Ustanın sözlərinə görə, insanlar ümidsizdir. Adamları ümidsiz edən də yoxsulluqdur. O deyir ki, hər dəfə xeyrə, şərə getmək lazım gəlir. Gedəndə də gərək pul yazdırasan. Üstəlik kənd sakinlərinin alıcılıq qabiliyyəti aşağıdır. Onun sözlərinə görə, kəndin mağazalarının hamısında nisyə dəftərlər var:

«ƏLLİ NƏFƏR FƏHLƏ OLSA, 50 ƏDƏD BEL İSTƏSƏLƏR,...»

«Oğlan üçün toy elədim, nə qədər borcum var»

«Oğlan üçün toy elədim, nə qədər borcum var»

«Mənim mərkəzdə olan mağazaya 85 manat borcum var. Siyahıya 50 nəfərdən çox borcu olan düşüb. Çoxu işləmir. Əkin sahələri başlı-başına qalıb. Yaxşı iş getsə, briqada olsa camaat da gələr bura. Əlli nəfər fəhlə olsa, 50 ədəd bel istəsələr, nə qədər mənə dayaq olar».

Falat Hüseynovun fikrincə, Azərbaycan kəndinin inkişafından danışmaq hələ tezdir. İnsanlar yaşamaq uğrunda mübarizə aparırlar. Hətta onun deməsinə görə, bəzi insanlar zinət əşyalarını satıb tərəvəz əkirlər. Məhsul isə çox vaxt sahələrdə qalıb çürüyür. O deyir ki, torpaq sahibinin işi onu əkməkdir. Məhsulun satılmasına gərək dövlət kömək etsin:

«Pensiyaya bir ildən də çox qalıb. Bilmirəm çata bilərəm, sağ qalaram? Qocala-qocala adamda ağrılar meydana gəlir...».

Falat Hüseynovdan xahiş edirik ki, xanəndəlik bacarığını göstərsin. Əvvəlcə tərəddüd edir. Gözləri dolur. Sonra sözə başlayır:

«Asəf Zeynallıya getdim. Hacıağa Hüseynov orda direktor idi. O bizdən imtahan götürdü. «Çahargah» dəsgahı mənə düşdü. Birinci hissəsini də oxudum, ikincini də oxudum, Mənsurədə qurtardım...Mənim yaxşı səsim olub».

Arxiv foto:Astara

Arxiv foto:Astara

Və ana mahnısını oxuyur...

- Şairin, alimin, dilsiz körpənin...

QARANLIQDA KEÇİNƏNLƏR...

Qaranlıq düşüb, geri qayıdırıq. Kəndin zülmətə bürünmüş küçələri ilə hərəkət etmək o qədər də asan deyil. Tək-tük evlərdə işıq yanır. Əvvəl elə başa düşdük ki, kənddə işıq yoxdur. Bizə bələdçilik edən kənd sakini deyir ki, həyət-bacada işıq nadir hallarda yandırırlar. Elektrik enerjisi baha olduğundan adamlar pulunu ödəyə bilmirlər. Buna görə də həyət- bacada xüsusi ehtiyac olmayanda qaranlıqla keçinirlər.
XS
SM
MD
LG