Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:04

«Əmlak hüquqlarımı ya qol, ya da qanun gücü ilə bərpa edəcəm»


Vaqif Babayev
Vaqif Babayev
Kürdəmirdən Vaqif Babayev «Qaynar xətt»ə şikayət edib. Deyir, 2011-ci ilin oktyabr aynın 24-də Kürdəmir şəhəri, Heydər Əliyev prospektində yerləşən, ona məxsus olan dəri sexi köşkü qanunsuz uçurulub. Sexin içərisində olan əşyalar aparılıb, sex köşkü qaynaq vasitəsilə doğranılaraq satılıb.

«GÖZÜM BAXA-BAXA ƏMLAKIMI DAĞITDILAR»

«Mən o köşkü 1994-cü ildən işlədirdim. Sahəsi 35 kvadratmetr idi, təyinatı dəmir sexi köşkü olsa da bir tərəfində qab-qacaq, bir tərəfində göy-göyərti qoyub satırdım. Ötən il oktyabrın 24-də Kürdəmirin icra hakimiyyətinin işçiləri qəflətən başımın üstünü aldılar, dedilər bu köşk burdan götürülməlidir, sahəsi də bazarın sahəsinə qatılmalıdır. Elə həmin gün özləri köşkün içində nə vardısa mənə hələ də məlum olmayan yerə daşıdılar. Qaynaqçı gətirib köşkü hissələrə böldülər, hissələri gözümün qarşısında metal toplayanlara satdılar. Əlim heç yerə çatmırdı, yalnız Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edə bildim, ordan da tədbir görən olmadı».

Vaqif Babayev deyir ki, köşk və köşkün altındakı torpaq sahəsi çıxarışla ona məxsus olub. Ancaq bu sənədlərə Kürdəmir rayon icra hakimiyyətinin işçiləri kimi məhkəmə də məhəl qoymayıb.

«RUZİ MƏNBƏYİ OLAN O BALACA KÖŞK... »

«Ailəmin ruzisi o balaca köşkdən çıxırdı. İndi işsiz qalmışam. Mən əmlakımı geri qaytarmağa çalışarkən öz sağlamlığım əlimdən getdi».

Vaqif Babayev Şirvan İnzibati iqtisad Məhkəməsinə şikayət edib. Ancaq məhkəmə onun şikayətini təmin etməyib. Məhkəmə qərar çıxarıb ki, Vaqif Babayev qanunsuz söküntü işlərində Kürdəmir rayon İcra Hakimiyyətini günahlandırsa da, köşkün həmin qurum tərəfindən söküldüyünü sübut edə bilməyib. Buna görə də məhkəmə onun iddiasını təmin etməyib.

Kürdəmir rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vasif Məmmədov məhkəmədə bildirib ki, Vaqif Babayevi rayon sakini kimi tanıyır. Başçının 21 sentyabr 2011-ci tarixli sərəncamı ilə Heydər Əliyev prospektində yerləşən «Kürdəmir bazar» ərazisinin yenidən planlanması və tikililərin müasir memarlıq üslubu ilə rekonstruksiyası zərurəti yarandığına görə bazarın fəaliyyətini dayandırmaq qərarına gəliblər. Bazarın rəhbərliyi orda rekonstruksiya işləri aparır. İcra başçısının birinci müavini deyib ki, Vaqif Məmmədova məxsus köşkün sökülməsindən İcra Hakimiyyətinin xəbəri yoxdur. Ona da həmin köşkün sökülməsi barədə rəhbərlik tərəfindən heç bir göstəriş verilməyib. O ki qaldı köşkün doğranaraq satılmasına, icra başçısının birinci müavini bildirib ki, onda olan məlumata görə bunu elə köşkün öz sahibi edib.

İndi Vaqif Məmmədov qərardan apellyasiya şikayəti verəcəyini deyir: «Əmlak hüquqlarımı ya qol, ya da qanun gücünə bərpa edəcəyəm».
XS
SM
MD
LG