Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:17
«Xurşudbanunun 180 illiyi ilə bağlı axtarışlarımızı genişləndirmişik». Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına MEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov söylədi.

NATƏVANLA BAĞLI TOPLU TAPDIQ

Onun sözlərinə görə, indiyədək Natəvanla bağlı maraqlı tapıntılar olub və onların bir hissəsi mətbuatda dərc edilib: «Ancaq əlimizdə bir kitab vardı ki, müəllifi məlum deyildi. Birinci çapı 1928-ci ildə olmuşdu. Natəvanın həyat və yaradıcılığı barədə bir toplu idi. Sonradan bu əsərin ikinci nəşrinin əlyazmasını tapdıq. «Xurşudbanu Natəvan» adında əlyazmadır. İçində tarix də var—1934-cü il. Xəttindən, həm də oradakı qeyddən aydın oldu ki, müəllif Əlabbas Müznibdir. Bizim bu adda görkəmli bir ədəbiyyatşünasımız olub. 1938-ci ildə repressiyaya uğrayıb...».

İKİ ŞEİR ŞAİRİN İNDİYƏDƏK ÇAP OLUNMUŞ KİTABLARINA SALINMAYIB

Paşa müəllimin bildirdiyinə görə, tapılan əlyazmada Natəvanla bağlı maraqlı faktlar, şeirlərinə yazılmış nəzirələr toplanıb: «Xurşudbanunun həyat və yaradıcılığına dair mənbələr, müəllifin gördüyü və tanış olduğu adamlardan topladığı məlumatlar var. Sonradan nədənsə kitab çap olunmayıb. Burada verilən iki şeir Natəvanın indiyədək çap olunmuş heç bir kitabında yoxdur. Hər ikisi növhədir (Məhərrəm ayında oxunan şeirlər—S.İ.). Birinin rədifi «Zeynəb»dir, o birininki «And verirəm». Şeirlərin hər ikisinin sonunda Natəvan öz təxəllüsünü göstərib. Yəni bu şeirlərin Natəvana məxsusluğu şübhə doğurmur.

NATƏVANI GÖRƏNLƏR NƏ DANIŞIRLAR?

Paşa müəllim bu suala da aydınlıq gətirdi: «Natəvanın qız nəvəsi Əkbər Xan Naxçıvanskinin xatirələri var. Onun xasiyyəti, boy-buxunu, gözlərinin rəngi, insanlarla rəftarı barədə söz açıb. Muğamata, ana dilimizə münasibətindən, xəstələri necə müalicə etməsindən yazıb. İkincisi Mirzə Rəhim Fənanın xatirəsidir. O da «Məclisi-Üns»ün necə yarandığını, orada kimlərin iştirak etdiyini, məclisin necə aparıldığını təsvir edib».

MÜZNİB GENİŞ MATERİAL TOPLAYIB

Paşa Kərimovun fikrincə, Əlabbas Müznibin özü də «Məclisi-Üns»ə qatılanlarla həmsöhbət olub: «1920-ci illərdə onlar sağkən tapıb xatirələrini qeydə alıb. Onu da deyim ki, heç bir yerdə Natəvanın şeirlərinə yazılmış bu qədər nəzirə toplanmayıb. Belə çıxır ki, Müznib çoxsaylı adamlarla görüşüb və zəngin material yığıb. İndi heç bir tədqiqatçının əlində bu qədər material yoxdur».

ƏLYAZMA KİTAB OLACAQ

Paşa müəllim 1934-cü ildən bu yana zamanını gözləyən əlyazmanı axır ki, kitab halında çıxaracaqlarını dedi: «İstəyirik ki, müasir əlifba ilə kitab halında oxucularımıza təqdim edək».

Natəvanın yeni tapılan şeirlərindən parçaları elə buradan eşidə bilərsiniz.

Günün bütün mövzuları

XS
SM
MD
LG