Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:47
85-ci teatr mövsümünü açan Dövlət Gənc Tamaşaçılar Teatrı səfərə hazırlaşır.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Xəbərdə bildirilir ki, mövsümün ilk beynəlxalq festivalında iştirak etmək üçün teatrın direktoru Mübariz Həmidovun rəhbərliyi ilə 10 nəfərlik nümayəndə heyəti sentyabrın 6-dan – 12-dək Belarusa səfər edəcək.

Brestdə keçiriləcək XVII «Belaya Veja – 2012. Klassika Plus» festivalı sentyabr ayının 7-dən - 14-dək davam edəcək.

Hər il keçirilən ənənəvi «Belaya Veja» («Bəyaz Qala») teatr festivalında kollektiv İtaliya aktyoru və dramaturqu Peppino De Filipponun «Don Rafael trombonçu» tamaşası ilə çıxış edəcək.

Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan tamaşada rolları əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar İradə Rəşidova, Aydın Dəmirov, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa edəcək.

Dünyanın 11 ölkəsindən 26 teatr kollektiv ən yaxşı klassik əsərləri ənənəvi və yeni interpretasiyalarda təqdim edəcək.

FESTİVAL «AĞILDAN BƏLA» İLƏ AÇILIR

Festivalda Azərbaycan, Belarus, İsrail, Moldova, Rusiya, Ukrayna, Estoniya, Yaponiya və dünyanın digər ölkələrinin dram, kukla, poeziya, meydan, musiqili teatrları iştirak edəcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı artıq üçüncü dəfədir ki, sözügedən festivala dəvət olunur.

Brestlilərə və şəhərin qonaqlarına Azərbaycan, Belarus, rus, polyak, Ukrayna dillərində və başqa dillərdə (rus dilinə tərcümə ilə) tamaşalar təqdim olunacaq.

Festival həftəsi sentyabrın 7-də M. Qorki adına Milli Akademik Dram Teatrının «Ağıldan bəla» tamaşası ilə açılacaq.

«Bəyaz Qala» Beynəlxalq Teatr Festivalı Brestdə 1996-cı ildən keçirilir.

Məqsədi müxtəlif ölkələrin klassik səhnə ənənələrini inkişaf etdirən və müasir teatr ifadə vasitələri axtarıb tapmağa çalışan milli teatrları təbliğ etməkdir.

Xəbərdə vurğulanır ki, adlı-sanlı rejissorlar və aktyorlar, musiqiçilər və rəssamlar, habelə gənc istedadlar üçün Brest festivalı öz əsərlərini teatr xadimlərinin və tamaşaçıların mühakiməsinə təqdim etmək üçün gözəl imkandır.

Festivalın təşkilatçıları Brest Vilayət İcra Komitəsi, Belarus Mədəniyyət Nazirliyi və Brest Akademik Dram Teatrıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG