Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:22

«Prezidentimiz, Ali Baş Komandanımız da əsl Azərbaycan kişisidir!»


Mətbuat icmalı
Mətbuat icmalı
«DİPLOMATİK ŞAPALAQ» VƏ YA PREZİDENT ƏSL AZƏRBAYCAN KİŞİSİDİR

«Azərbaycan» qəzeti 4 sentyabr tarixli sayında «Diplomatik şapalaq» adlı yazı yayımlayıb.

«Baş redaktordan» rubrikası altında gedən məqalədə yazılır: «...Biz haqqı, ədaləti, düzlüyü və halallığı sevən xalqıq! Biz düşmənlərimizin də «kişi adam» olmasını istəyirik! Biz insanlardakı mərdliyi, kişi hərəkətlərini və prinsipiallığı yüksək dəyərləndiririk! Prezidentimiz, Ali Baş Komandanımız da əsl Azərbaycan kişisidir! Adı böyük hərflərlə yazılan kişi! Həm xalqına, dövlətinə sahib çıxandır, həm verdiyi hər bir sözə əməl edəndir, həm də çətin duruma düşən vətəndaşının qayğısına qalandır! Belə dövlət başçısı ilə kim fəxr etməz! Seçkilər ərəfəsində «Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam» - demişdi! Dedi və oldu! Verdiyi bütün vədləri şərəflə yerinə yetirdi! «Azərbaycan hərtərəfli inkişaf edəcək» - demişdi. Ölkə başdan-başa yenilənib, təzədən tikilib qurulub, tək paytaxt Bakı yox, regionlar görünməmiş sürətlə inkişaf edib!».

NOVRUZ MƏMMƏDOV: «...QƏRB HƏMİŞƏ ERMƏNİSTANIN TƏRƏFİNİ TUTUR»

«Yeni Azərbaycan» qəzeti isə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun müsahibəsini dərc edib. Novruz Məmmədov zabit Ramil Səfərovun əfv edilməsi ilə bağlı beynəlxalq aləmdə səslənən reaksiyalarla bağlı deyib: «Təəssüflər olsun ki, Ermənistanla Azərbaycan arasında baş verən bütün məsələlərdə Qərb heç bir şeyi nəzərə almadan həmişə Ermənistanın tərəfində mövqe tutur. Artıq bu mövqe o dərəcədə qərəzli formada müşahidə olunur ki, hətta, Qərbin bir çox nümayəndələri, rəsmiləri, deputatları, jurnalistlər, QHT nümayəndələri, strateji araşdırma mərkəzlərinin nümayəndələri və digərləri qeyri-rəsmi söhbətlərdə bunu bizə açıq etiraf edir, təəccübləndiklərini və təəssüfləndiklərini qeyd edirlər».

ALMANİYALI DEPUTAT: «DER SPIEGEL» CİDDİ DƏRGİDİR

«Bizim yol» qəzeti Almaniyanın Avropa Parlamentindəki deputatı İsmayıl Ertuqla müsahibə yayımlayıb. Qarabağ münaqişəsi ilə bağlı İsmayıl Ertuq deyib ki, münaqişənin həllini BMT çərçivəsində görür: «ATƏT-in Minsk qrupu məsələ üzərində işləsə də, mən bu qurumun faydalı bir iş görəcəyini zənn etmirəm. Çünki Minsk qrupuna həmsədr olan ölkələr məsələyə tərəfli yanaşırlar».

Müsahibədə Azərbaycan rəsmi mətbuatının Almaniyanın iqtisadi böhran keçirdiyi, işsizliyin yüksək həddə çatması ilə bağlı reportajlarına və Almaniyanın «Der Spiegel» dərgisinin Azərbaycanda korrupsiya, insan haqlarının pozulması ilə bağlı yazılarına toxunulub. İsmayıl Ertuq deyib: «Der Spiegel» ciddi dərgidir. Bu orqanın müxbiri nə barədə yazarsa, uzun həftələrlə araşdırma aparır. Əlbəttə, heç bir ölkədə ideal vəziyyət olmasa da, Almaniya demokratiya, iqtisadi inkişaf, insan haqları baxımından nümunə sayıla biləcək ölkədir. Kriminalizmin, işsizliyin həlli baxımından ölkəmiz çox-çox irəlidədir».

ÇAP MƏTBUATININ VƏZİYYƏTİ DİPLOMATLARIN MÜZAKİRƏSİNDƏ

«Azadlıq» qəzeti «Mətbuatın vəziyyəti diplomatlarla müzakirə olunub» sərlövhəli yazısında ölkə mətbuatının vəziyyətindən yazıb. Qəzet bildirir ki, «Ayna-Zerkalo», «Azadlıq», «Yeni Müsavat» qəzetlərinin, «Turan» agentliyinin, RATİ-nin təmsilçiləri Bakıdakı diplomatik korpusların nümayəndələri ilə birgə mətbuat yayımı problemlərini müzakirə ediblər: «Avropa Birliyi, ATƏT, Avropa Şurası, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və digər ölkələrin missiyalarından olan nümayəndələrin qatıldığı görüşdə azərbaycanlı jurnalistlər çap mətbuatının yayımı sahəsində vəziyyətin kəskin pisləşdiyini deyiblər.

Qeyd olunub ki, son bir ildə Bakıda «Qasid» yayım firmasının 400-dən çox köşkündən 300-ə yaxını ləğv edilib. Onların əvəzinə qurulan yeni köşklər isə qida məhsullarının satışı ilə məşğuldur. Regionlarda çap məhsullarının yayımı sahəsində vəziyyətin daha acınacaqlı olduğu vurğulanıb».

Qəzet yazır ki, jurnalistlər diplomatların müstəqil KİV-in iqtisadi vəziyyətinə diqqəti artırmasını istəyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG