Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:57

AFFA DÇ-2014-ün seçmə mərhələsi ilə bağlı məqsədini açıqlayıb


Azərbaycanın futbol üzrə milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsində 7-dən çox xal toplamağı qarşısına məqsəd qoyub. Bunu Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov bildirib.

«Azərbaycan yığması ötən seçmə mərhələdə öz tarixində rekord səviyyədə - 7 xal qazanıb. Bu dəfə məqsədimiz daha çox xal toplamaqdır», - o deyib.

Baş katib qeyd edib ki, Azərbaycanın yer aldığı «F» qrupunda əsas favoritlər Portuqaliya və Rusiyadır, həmçinin Şimali İrlandiya da futbol ənənəsi olan ölkədir. «Lakin unutmaq lazım deyil ki, Avro-2012 seçmə mərhələsində Azərbaycan millisi qrupun əsas lideri sayılan Türkiyə yığmasını məğlub etmişdi», - Məmmədov deyib.

O bildirib ki, istər klub səviyyəsində, istərsə də milli yığma səviyyəsində Azərbaycan futbolu son 4 ildə sürətlə olmasa da, inkişaf edib.

«Azarkeşlər də, biz də istərdik ki, Azərbaycan millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazansın. Amma anlamalıyıq ki, bunu stadionsuz, infrastruktursuz etmək mümkün deyil. Avropanın böyük futbol ölkələrinin futbol infrastrukturuna, məktəbinə baxandan sonra anlayırıq ki, onların final mərhələsinə vəsiqə qazanması məntiqlidir», - Məmmədov deyib.

Baş katib vurğulayıb ki, Azərbaycanda idman infrastrukturu son 6-7 ildə sürətli inkişafa başladı - olimpiya kompleksləri tikildi, klubların nəzdində infrastruktur yaradılmağa başladı. Onun sözlərinə görə, hazırda deyə bilərik ki, 12 klubdan 6-nın stadionu var.

Məmmədov qeyd edib ki, Azərbaycan yığmasında bu gün çox cavan heyət formalaşıb - orta yaş səviyyəsi 23-dür. «Təbii ki, əlavə gənc futbolçular cəlb ediləcək. Bu da onu göstərir ki, bu komanda 4-5 il oynaya, nəticə göstərə bilər», - o deyib.

Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində ilk oyununu sentyabrın 7-də Bakıda İsrailə qarşı keçirəcək, sonra isə sentyabrın 11-də səfərdə Portuqaliya ilə qarşılaşacaq. Azərbaycanın yer aldığı qrupda Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburq yer alıb.
XS
SM
MD
LG