Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:37

Elbariz Məmmədli. Şeirlər


-

ZAVALLI KÖÇKÜN

Hamı səndə görür günahı, suçu,
Kaş ki, gəlməyəydin, zavallı, köçkün.
Ağzıgöyçəklərə söz olduğunu,
Gəlib bilməyəydin, zavallı köçkün.

O yurdda, o başda ölüb qalaydın,
Sığınıb bir daşda ölüb qalaydın,
Bir ağır savaşda ölüb qalaydın,
Belə ölməyəydin, zavallı köçkün.

Minnətlər boynuna çökdü çul kimi,
Xərclədilər səni qara pul kimi,
Bir tikə çörəyə yazıq, qul kimi,
Kaş ki, gülməyəydin, zavallı köçkün.

Ağ çadır ağ günün olammaz sənin,
Ürəyin ümidlə dolammaz sənin,
Tanrı da dərdinə qalanmaz sənin,
Gəldin, daşa dəydin, zavallı köçkün.

Bir yol başlayaydın üzü yurduna,
Varıb, gətirəydin yazı yurduna,
Gözünün yaşını gözü yurduna,
Kaş ki, silməyəydin zavallı köçkün.


AMAN KƏRKÜK

Suların qan rəngində,
göylərin od ələyir.
Dünyada var olalı,
Hərə bir hiylə qurub,
Ruhunu güllələyir -
Aman Kərkük.

Sinirlərin daralır,
Çəpərlərin yeriyir.
Sən kimə neyləmisən,
Dünən qucaq açdığın,
İndi sənin üstünə,
Geyib şəri yeriyir -
Aman Kərkük.

Kimdi bu, qovğa açan,
Səni gözü götürmür.
Sənə daş atılalı,
Heç yerdə rahatlığı, -
Yerin üzü götürmür -
Aman Kərkük.

Dilin bayatı dili,
Yaşayıb qalmağındır.
Üstünə atılan daş,
Başına gələn bəla,
Türk eli olmağındır -
Aman Kərkük.

Sən Füzuli sorağım,
Üz sürtməyə pirimsən.
Doğu, Batı arası,
Ən əziz ocağımsan,
Ən müqəddəs yerimsən -
Aman Kərkük.

Səni qara əllərə,
Verə biləlimmi, heç.
Adın çəkilən yerdə,
Baxıb çiçək dərdinə,
Dura biləlimmi, heç -
Aman Kərkük.

Ölməzdi türkün ruhu,
Bu sınaqdı, acıma.
Sənə düşmən olanlar,
Bir gün çəkiləcəklər,
Haqqın dar ağacına -
İnan Kərkük.


ALLAH

Gör nə zamana gəlmişik,
Od tutub su yanır, Allah.
Ağ-ağ günlər şər əllərdə,
Zülmətə boyanır, Allah.

Hər an yelinə uçduğun,
Sevib üstünə qaçdığın,
Uğrunda savaş açdığın,
Üzünə dayanır, Allah.

Nəfslər daşı dağlayır,
Göylər göydə qan ağlayır,
Üstündə ölüm çağlayır,
Yer özünü danır, Allah.

Asıb ağlından bəşəri,
Qarışdırır xeyri-şəri,
Cəhənnəmdən üzü bəri,
İblislər oyanır, Allah.


ELÇİN İSKƏNDƏRZADƏYƏ

Yaddaşımın itdiyi yerdə,
Zaman qılınc qurşayıb.
Özünü yeyib-tökür,
Ruhumun xarabalığı,
Buz kimi küləklərin
Sevdasına oynayır,
Yenisey-Təbriz aralığı.
İndi həsrət qoxuyur,
Bomboz Qıpçaq çölünün
Yovşanları,
Son ayaq izlərimi
İtirir qar-boranda
Azğın Sibir soyuqları.
Kədər yüklüdür axşamları
Amma…
Açılan səhərləri
Bir az ümidə oxşayır,
Altaylarda sovuşan gecələrin.
Hələ dağlarda qalıb
Sozalan,
Son barmaq izlərimi.
Deyəsən, yol çəkir gözlərim.
Bayquşa bax, yurd salıb,
Qurdların uladığı ucalıqlarda,
Canımın buzlaqları üzür
Yeniseydə bulanan sularda.
Bu yol harda dolaşıb,
Harda bulanıb sular…
Qan rəngində üfüqlər,
Niyə mənsiz sökülür…
Bu gərdişə, bu haqqa,
Ölməmişəm,
Hələ qalıb ərkim hey…
Özünə dön,
Özünə dön,
Özünə dön, Türküm hey…


BAĞIŞLAMA, VƏTƏN

Mən sənə oğul olmadım,
Qol-budağın budanalı.
Ucqarında son igidin,
Son yarpağın budanalı.
Bağışla Vətən.
Bağışla.

Üstünə əllər uzandı,
Qılıncı qında çürütdüm.
Papağı gündə yandırdım.
Qeyrəti canda çürütdüm.
Bağışla Vətən.
Bağışla.

Əzabı içəsi oldum,
İçdim ər adımdan oldum.
Canımdan keçən olmadım,
Yurdumdan, odumdan oldum,
Bağışla Vətən.
Bağışla.

Dünya boyda evim vardı,
Gör hardan hara yığıldım.
Göy xaqan çadırından çıxdım
Bir ağ çadıra yığıldım.
Bağışla Vətən.
Bağışla.

Bu dərdi ki, Sənə verdim
Dərd məni boşlayan deyil.
Onsuz sən bağışlasan da
Tanrı bağışlayan deyil.
Bağışlama Vətən,
Bağışlama.


GÖRÜŞƏKMİ?

Səsin-sorağın kəsilib,
Döndük yada, görüşəkmi?
Sinəmizdə həsrət dağ-dağ,
Oda-oda, görüşəkmi?

Yaz görmədik, yaz olası,
Nə yazmışdıq pozulası,
Xeyrə tərəf yozulası,
Bir röyada görüşəkmi?

Taleyimiz düşüb tərsə,
Dön, inadın aman versə,
Vüsalı, ürək istərsə,
Dada-dada görüşəkmi?

Gecəylə gündüz kimiyik,
Doğranmış ulduz kimiyik,
Ayrı-ayrı buz kimiyik,
Düşək oda, görüşəkmi?

Yaşantımız dönüb yasa,
Ümid yox, könlümü asam,
Bu dünyada alınmasa,
O dünyada görüşəkmi?


YOXSA

Böyük Türkün
böyük xanımı
Azərinə

Bu qədər ilhammı olar,
Bu ürək dəryadı, yoxsa.
Qərib ruhları ağlayır,
Dilində fəryadı, yoxsa.

Şəlalədi, aşır-daşır,
Gedib ulusa calaşır,
Qəlb göynəyir, ağıl şaşır,
Xəyaldı, röyadı, yoxsa.

Meydan ki, düşür əlinə,
Hayqırır Oğuz elinə,
Dönür gözümün selinə,
Qurd üzü ayadı, yoxsa.

Nə mütlu, belə avaza,
Çağırır hamını yaza,
Durun gedək, dönər yasa,
Dilində bayatı, yoxsa.


AVTOPORTRET

Adam bu qədər də sadəlövh olmaz,
Hamıya bu qədər inanmaz adam.
Bir ömür yaşayıb bu yer üzündə
Yetənə yardımçı olammaz adam.

Ümid soraqlayır hər qapı döyən,
Düşüb qabağına gedəsən hara.
Bir dediyin sözü, bir də demirsən
Harın adamlara, sərt adamlara.

Çoxdu söz deyənlər, söz eşidəndən,
Hər qəlbə toxunub qırmaq da olmur.
Harın adamların qapılarında,
Basıb hövsələni durmaq da olmur.

Bax, belə dərdi var, düz yaşamağın,
Güllə batmaz bilir, hər görən səni.
Hamının dərdinə əlac gəzirsən
İçinin dərdidi öldürən səni.

Soyuyur ürəklər, itir dəyərlər,
İnsanlıq anbaan geriyə gedir.
Dizi büküldükcə mərd adamların,
El-elat çevrilib sürüyə, gedir.

Sonuncu işıq da sozalır daha,
Ümidlər xəlvəti yolur saçını.
Vaxt özü yetirib mərdanələrin
Bu namərd dünyadan qaçhaqaçını.

Bu sadə ömürlə gəl yaşa indi,
Döz görüm yükünə necə dözürsən.
Aman istəyənin ümidlərini
Oğulsan üz görüm, necə üzürsən.

Belə tanıyıbdı, tanıyan səni
Qapını döyürsə, deməli varsan.
Hamının bəxtinə düşən deyil, bu
Bəlkə bu ömürlə uzun yaşarsan.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG