Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:00

DİN Yol Polisinə dair videonu araşdırır


Videodan görüntü
Videodan görüntü
-
Bu günlərdə «YouTube» sosial şəbəkəsində İmişli rayonunda Yol Polisi maşınında bir vətəndaşla polis əməkdaşları arasında insidenti əks etdirən video yayılıb.

VİDEOYA BURADA BAX

VİDEODA POLİS HARASA ZƏNG EDİR

Videonu portala yerləşdirən İmişli sakini, AXCP üzvü Musa Rahim deyir ki, o, həmin hadisənin təsadüfən şahidi olub və lentə alıb.

Hadisənin bu il mayın sonunda baş verdiyi bildirilir. Musa Rahim görüntüdə vətəndaşa təzyiq edən polisin Əzim Abdullayev, avtomobili idarə edənin isə Ələsgər Məmmədov olduğunu deyir. Videoda Əzim adlı polis vətəndaşın üstünə qışqırıb onu arxa oturacağa tərəf itələyir. Avtomobili idarə edən ikinci polis isə onları sakit olmağa çağırır.

Çəkiliş aparıldığını görən polis hərəkətini dayandırır və harasa zəng edir.

Musa Rahim deyir ki, Əzim Abdullayev adlı polisin döydüyü həmin şəxs onların qonşusu Taleh Məmmədovdur:

«Polislər Taleh Məmmədovun evinin qapısında başqa sürücünü saxlayan zaman hay-küy salıblar, Taleh Məmmədov isə polisləri sakitliyə dəvət edib. Bu etirazından sonra polislər onun özünü maşına mindirərək aparmağa cəhd ediblər».



«BİZ ONU DÖYMƏMİŞİK»

Ancaq İmişli rayon Yol Polisi əməkdaşı Əzim Abdullayev deyir ki, Taleh Məmmədov içkili olub və onu müayinədən keçmək üçün xəstəxanaya aparanda, Musa Rahim onları lentə alıb:

«Biz onu döyməmişik, heç sürücü də demir ki, məni niyə vurursunuz. Sadəcə, Taleh Məmmədov içkili idi, onu xəstəxanaya aparanda, qol-qıçını oyan bu yana atdı. Mən nəyə deyirsiniz and içim, o adama bir çırtma belə vurmamışam. Musa Rahim Ələsgər müəllim oturan tərəfdən bizi çəkib, bəzi sözləri də əlavə edib, yayıb internetdə. Əl-ayağından tutmuşdum, deyirdim ki, «içkilisən maşına dəymə, elə eləmə». Mən QAİ işçisiyəm, mən odunqıran, mal otaran deyiləm. İçkili adama «başına dönüm» deyirəm, qanunu-qaydanı başa salıram. Bəs mən içkili adamı həkimə necə aparmalıyam? O, mənim yanımca düşüb getməlidir?».

POLİS DEYİR İZAHAT VERİBLƏR

Əzim Abdullayev həmin gün sürücünü xəstəxanaya apardıqlarını və müayinə zamanı onun sərxoşluğunun təsdiqləndiyini deyir. Onu da əlavə edir ki, artıq onlar və qarşı tərəf baş verən insidentlə bağlı hüquq-mühafizə orqanlarında izahat veriblər.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov da AzadlıqRadiosuna bildirib ki, hadisədən xəbərdardırlar və videoya baxıblar:

«Biz baxmışıq, bizə də məlumdur. Nazirliyin müvafiq xidmət sahələri yəqin ki, araşdırma aparıb nəticəsindən asılı olaraq tədbir görəcəklər».

Videonu çəkən Musa Rahim isə Yol Polisinin dediklərinin həqiqətə uyğun olmadığını bildirir.

Yol patrul xidməti maşınına mindirilən Taleh Məmmədovla danışmaq hələ ki, mümkün olmayıb.
XS
SM
MD
LG