Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:57

Dağıstanın dini lideri öldürülüb


Sufi müsəlman lider Səid Əfəndi
Sufi müsəlman lider Səid Əfəndi
Avqustun 28-i axşam saatlarında Dağıstanın dini lideri şeyx Səid Əfəndinin evində terror aktı törədilib. Partlayış nəticəsində şeyxlə birlikdə evdəki digər altı nəfər də həlak olub.

İslam ilahiyyatçısının Buynaksk rayonunun Çirkey kəndindəki evində qadın kamikadze özünü partladıb.

Məlumata görə, hadisə nəticəsində çoxlu sayda yaralanan var.

74 yaşlı şeyxə qarşı sui-qəsd edənin şəxsiyyəti bəlli olub. Dağıstan Daxili İşlər Nazirliyi bildirib ki, Səid Əfəndinin evinə ziyarətçi kimi gələn 1982-ci il təvəllüdlü Mahaçqala sakini Aminat Qurbanova (Saprıkina) şeyxə yaxınlaşıb və belinə bağladığı partlayıcı qurğunu işə salıb. Aminat Qurbanova axtarışda olan döyüşçünün arvadıdır.

Ölənlər arasında təcili yardım maşınında dünyasını dəyişən 12 yaşlı oğlan da var.

Hadisə yerində araşdırma aparılır.

DAĞISTANDA MATƏM GÜNÜDÜR

Şeyxin və 6 nəfərin ölümünə səbəb olmuş terror hadisəsi ilə əlaqədar avqustun 29-u Dağıstanda matəm günü elan edilib.

Səid Əfəndi Dağıstan Müsəlmanlarının mənəvi lideri kimi böyük hörmətə malik sufi-alim idi. 2007-ci ildə ölkənin təhlükəsizlik orqanları məlumat yaymışdı ki, vahabiliyi tənqid edən ilahiyyatçıya qarşı terrorun qarşısı alınıb.

Son illər ənənəvi islami təriqətlərin daşıyıcılarına Rusiyada dəfələrlə hücum edilib.

Son belə hadisə iyulun 19-da Kazan şəhərində baş verib. Tatarıstan müftisi İldus Faizovun idarə etdiyi avtomobil partladılıb, partlayış nəticədə, müfti yaralanıb, bundan bir neçə saat əvvəl isə müftinin müavini Vəliulla Yakupov öz evindən çıxarkən güllələnib.

«GÜCLÜ RUSİYA HEÇ VAXT MƏĞLUB OLMAYACAQ»

«Hansı ideologiyanın arxasında gizlənməsindən asılı olmayaraq terroristlər çox həyasızcasına davranır və onların bir məqsədi var: qorxu və nifrət yaymaq», Rusiya prezidenti Vladimir Putin hadisə ilə bağlı bunları deyib. O, əlavə edib ki, cinayətkarlar heç vaxt öz mənfur məqsədlərinə çatmayacaqlar:

«Onların gələcəyi yoxdur. Onlar bizim böyük ölkəmizin heç bir regionunda nailiyyət əldə etməyəcəklər, çünki vahid, çoxmillətli, güclü Rusiya heç vaxt məğlub olmayacaq».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG