Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:48

«Turan» Fövqəladə Hallar Nazirliyinə qarşı


Kür daşanda - 2010-cu il
Kür daşanda - 2010-cu il
“Turan” informasiya agentliyi Fövqəladə Hallar Nazirliyini məhkəməyə verir.

“Turan” bildirir ki, Kür daşqınları zonasında evlərin tikintisi ilə bağlı yazılı informasiya sorğusunu nazirlik cavablandırmayıb:

«Sorğu iyunun 20-də göndərilib. «İnformasiya əldə etmək haqqında» qanuna əsasən, nazirlik sorğuya yeddi gün ərzində cavab verməlidir».

Agentlik nazirliyə ünvanladığı sualları da açıqlayıb:

- Evlərin, sosial və digər obyektlərin tikintisinə (prezidentin və hökumətin sərəncamları ilə) nə qədər pul ayrılıb?

- Bu məbləğ nə qədər ev və sosial obyektin tikintisi üçün ayrılıb?

- Nə qədər vəsait xərclənib, nə qədər ev və sosial obyekt tikilib?

- Tikilmiş bir obyektin orta dəyəri nə qədərdir?

İkiotaqlı, üçotaqlı, dördotaqlı evin tikinti layihəsi neçəyə başa gəlir?

Məhkəmədə «Turan» agentliyinin maraqlarını Media Hüququ İnstitutu müdafiə edəcək.

Institutun direktoru Rəşid Hacılı belə məhkəmə təcrübəsi ilə bağlı suallarımıza cavab verir:

Azadlıq Radiosu: Azərbaycanda adətən nazirlər jurnalistləri məhkəməyə verir, bu dəfə əksinə, jurnalistlər nazirliyi məhkəməyə çəkir. “Turan”-ın məhkəmə iddiası nə qədər əsaslıdır?

Rəşid Hacılı
Rəşid Hacılı
Rəşid Hacılı: “Turan”ın iddiası qanuna əsaslanır. “İnformasiya əldə etmək haqda” qanuna görə hər bir kəsin hökumətdə olan informasiyaları, sənədləri əldə etmək hüququ var və bu təmin olunmalıdır.
Nazirlik informasiyanı verməməklə qanunu pozur.

Son vaxtlar bir sıra media orqanları nazirlikləri məhz bu qanunu pozmaqla bağlı məhkəmələrə verirlər.

Azadlıq Radiosu: Bəs media bu məhkəmələri uda bilirmi?

Rəşid Hacılı: Düzdür, çətindir, çünki məhkəmələr nazirliklərin əleyhinə getmək istəmir, ancaq medianın udduğu məhkəmələr də var. Elə bizim institut bir neçə belə məhkəməni udub. Bakı şəhər icra hakimiyyəti, Təhsil nazirliyi və bir sıra nüfuzlu qurumlar informasiyanı verməyə məcbur ediliblər, məhkəmə qərarı ilə.

Azadlıq Radiosu: “Turan”ın hüquqlarını sizin qurum müdafiə edəcək. Siz artıq məhkəməyə müraciət etmisinizmi?

Rəşid Hacılı: Nazirliyi məhkəməyə vermək qərarı verilib. İndi sənədləri hazırlayırıq.Yaxın günlərdə məhkəməyə verəcəyik.

Azadlıq Radiosu: “Turan” məhkəməni uda biləcəkmi?

Rəşid Hacılı: “Turan”ın istədiyi informasiyalar açıq informasiyadır və nazirlik verməlidir. Məhkəmənin başqa qərar qəbul etməsi çətin olacaq. Ancaq belə olsa, biz appelyasiya şikayəti verəcəyik və hətta lazım gəlsə, Avropa məhkəməsinə çıxacağıq.
XS
SM
MD
LG