Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:54
Azərbaycanda büdcə layihələrinin nə qədəri “yeyilir”?
Çoxu deyir ki, yeyilir, ancaq konkret neçə faizi yeyilir?

Bir dəfə bir iş adamı dedi ki, nə qədər yeyildiyi haqda kənar adamların təsəvvürü belə yoxdur.
O öz işini misal çəkdi ki, gördüyü 250 min manatlıq işi 1 milyon 750 min kimi təqdim ediblər.
Yeyinti 85 faizdir. 85 faiz yeyinti ola bilərmi?

Əgər bu doğrudan da belədirsə, onda ikinci sual çıxır ki, bunu necə edirlər? Çünki bunu sənədləşdirmək çətindir. Məsələn, yeyilən pulu maaşa çox yazmaq olmur, çünki maaşdan məcburi ödəmələr var.
Onda bunu necə edirlər?

Bu məsələni izləyən , monitorinq edən bütün iqtisadçıları müzakirəyə dəvət edirik.

1. Gördükləri, şahidi olduqları ən böyük yeyinti nə qədərdir?

2. Bu qədər pulu yeyə bilən bunu necə sənədləşdirir?



Natiq Cəfərli

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli:

Artıq heç kəsə sirr deyil ki, büdcədən, Neft Fondundan təmir-tikinti işlərinə ayrılan vəsaitlərin böyük bir hissəsi mənimsənilir. Bu barədə onlarla fakt ölkə KİV-lərində işıqlandırılıb.

Büdcə və Neft Fondundan birbaşa ayrılan vəsaitlərin korrupsiya yolu ilə mənimsənilməsinin ən ciddi örnəkləri Oğuz-Qəbələ-Bakı su xəttidir.

Cəmi 260 km olan, heç bir nasos stansiyasından istifadə olunmadan çəkilən xəttə bu günə qədər 1 milyard dollara yaxın vəsait xərclənib.

Bu kəmərin borularının tenderini Sumqayıtda olan, və məmurlardan birinə məxsus zavod udmuşdu, maraqlı budur ki, tenderi udan zaman həmin zavodun özülü hələ təzə qoyulmuşdu, yəni, bütün qanunvericilik pozularaq belə bir addım atılıb ki, bu da korrupsiyaya dəlalət edir.

Bundan başqa bulvarın uzadılması ilə əlaqədar Azneft meydanından, Bayraq Meydanına qədər olan 2 km məsafəyə 64 milyon manat vəsait xərclənmişdir ki, bu da ciddi korrupsiya şübhələri yaradır.

Belə faktlar onlarladır, hamısını sadalamağa ehtiyac yoxdur. Ölkədə idarəetmə sisteminin özülü məhz korrupsiyaya söykənir, büdcə oğurluğu sistemə həm də loyallıq təmin etmək üçündür, tək pul qazanmaq üsulu deyil. İldən-ilə bu tip əməliyyatlarda korrupsiya faktları daha da artır. İndi bu tipli proyektlərdə “şapka”, “otkat”, yəni, korrupsiya miqdarı artıq ayrılan vəsaitin 50%-i keçib.

Bəs bu yeyintini necə ört-basdır edirlər?

Bu tipli korrupsiya əməliyyatlarını sonradan sənədləşdirməkdən ötrü, obrazlı desək, “bir günlük” firmalar yaradılır. Bütün sənədlər həmin firmadan alındıqdan sonra, firma vergilər nazirliyi ilə sövdələşərək bağlanılır, sənədlər məhv edilərək, bütün izlər itirilir.

Bu çox yayılmış bir haldır, və ölkə büdcəsinin, Neft Fondundan birbaşa ayrılan vəsaitlərin talan olunması belə üsullarla davam edir, hətta sürətlənir.

Tək bu ilin, 2012-ci ilin büdcəsində təmir-tikinti işlərinə 6 milyard manat vəsaitin ayrılmasını nəzərə alsaq, oğurluqların miqyasını təsəvvür etmək çətin deyil...


Bütün iqtisadçıları, eləcə də mövzu ilə tanış olan bütün oxucularımızı müzakirəyə dəvət edirik.
Bizə yazın, gördüyünüz ən böyük yeyinti neçə faiz olub? Bunu necə edirlər
?

Şərhləri göstər

XS
SM
MD
LG