Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:35
Həbsdə olan jurnalist Fərəməz Novruzoğlu aclıq aksiyasına başlayıb. Bu barədə AzadlıqRadiosuna Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov məlumat verib.

«Fərəməz Novruzoğlu dünəndən (red: avqustun 27-dən) müddətsiz aclıq aksiyasına başlayıb. Bu barədə bizə məlumatı qohumları çatdırıb. Jurnalist qanunsuz həbsinə etiraz əlaməti olaraq aclığa başladığını deyir», Emin Hüseynov bildirir.

Avqustun 27-də Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Fərəməz Novruzoğlunun həbsini pisləyən bəyanat yayıb.

«Hakimiyyət Fərəməz Novruzoğlunu illərdir ki, tənqidi məqalələrinə görə təqib edir» deyə Komitənin Avropa və Mərkəzi Asiya proqramları üzrə koordinatoru Nina Ognianova bildirib.

«Novruzoğlu dərhal azad edilməli, məhkumluğu üzərindən götürülməli və ona qarşı təzyiqlər birdəfəlik dayandırmalıdır», deyə Ognianova vurğulayır.

ACLIQLA BAĞLI RƏSMİ MÜRACİƏT OLMAYIB

Penitensiar xidmətin mətbuat xidmətindən isə Fərəməz Novruzoğlunun aclıq aksiyasına başlaması ilə bağlı deyilənləri təsdiq etmirlər. Xidmətin rəhbəri Mehman Sadıqov deyir ki, o, bu məsələni araşdırıb:

«Əslində Fərəməz Novruzoğlu aclıq aksiyasına başlamaq istəyirsə bu barədə cəza çəkdiyi müəssisənin rəhbərliyinə rəsmən müraciət etməlidir. Bu müraciətdən sonra, o, digər məhbuslardan ayrılmalı və həkim nəzarətinə götürülməlidir. Mən araşdırmışam, onun aclıqla bağlı rəsmi müraciəti olmayıb».

FƏRƏMƏZ NOVRUZOĞLU NİYƏ HƏBS OLUNUB?

Avqustun 22-də Bakının Nizami Rayon Məhkəməsi jurnalist Fərəməz Novruzoğlunu 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, Cinayət Məcəlləsinin 220.2 (Kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə təqsirli bilinib.

Fərəməz Novruzoğlu

Fərəməz Novruzoğlu

İttihamda qeyd olunub ki, Fərəməz Novruzoğlu gənclərin 2011-ci ildə təşkil etdikləri 11 mart - Böyük Xalq Günü aksiyası ərəfəsində «Facebook» sosial şəbəkəsində xalqı kütləvi iğtişaşa dəvət edib, özünü yandıracağını bildirib. Başqa bir ittihama görə, jurnalist Azərbaycan-Türkiyə sərhədini qanunsuz keçib və 2010-cu ilin noyabrından 2011-ci ilin oktyabr ayına qədər qonşu ölkədə yaşayıb.

Fərəməz Novruzoğlu son sözündə «Azərbaycandan İtaliyaya göndərilən neftin taleyi» və «Rusiyadan gələn şamlar hara gedir?» məqalələrində ölkə rəhbərliyini ciddi tənqid etdiyinə görə saxta ittihamlarla həbs edildiyini deyib.

Jurnalist hazırda Bakı İstintaq Təcridxanasında saxlanır.

«AÇILIB-BAĞLANAN HƏBSXANA QAPILARI SİYASƏTİ»

Jurnalistləri Müdafiə Komitəsi bildirir ki, Azərbaycan müstəqil və müxalifyönlü jurnalistlər üçün «açılıb-bağlanan həbsxana qapıları siyasəti» həyata keçirməyə davam edir.

Hazırda Azərbaycan həbsxanalarında azı 8 jurnalist var.
XS
SM
MD
LG