Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:22

Milli Kitab Mükafatında yeni münsiflər: Əkrəm Əylisli, Elxan Qaraqan... (VİDEO)


-

Yeni münsiflər: Elxan Qaraqan, Pərviz Cəbrayıl, Sabir Rüstəmxanlı, Əkrəm Əylisli, Qənirə Paşayeva

Əsər qəbulu avqustun 28-dən başlayır və noyabrın 16-a qədər davam edəcək.

Rəşad Məcid və Çingiz Abdullayev qayıtdı, Rəbiyyət Aslanova yox.

Şeir nominasiyası təsis edilir, rusdilli əsərlərə görə ekspertlər heyətinə 2 nəfər də əlavə edilir.



Bu il Milli Kitab Mükafatının münsiflər heyətində yenilik edilib.

Münsiflərin sayı 2 nəfər artırlıb və bu il 19 olacaq.

Ötənilki münsiflərin əksəriyyəti qalmaqla heyətə şair Sabi Rüstəmxanlı, yazıçı Əkrəm Əylisli, deputat Qənirə Paşayeva da daxil edilib.

Bundan başqa yeni qaydalara görə, müsabiqənin əvvəlki qalibləri də münsif olacaqlar.

Bu ilki heyətdə yazıçılar Elxan Qaraqan və Pərviz Cəbrayıl da təmsil olunacaq.

Bu yeniliklər avqustun 28-də müsabiqənin elanı ilə bağlı Bakıdakı Beynəlxalq Media Mərkəzində düzənlənən mətbuat konfransında açıqlandı.

Ötən ilki seçimə etiraz olaraq münsiflər heyətini tərk etmiş Azərbaycan Yazıçılar Birliyinin katibləri Rəşad Məcid və Çingiz Abdullayev yenidən münsifdirlər.

Amma istefa vermiş digər münsif, millət vəkili Rəbiyyət Aslanova, eləcə də ötən il əsərləri oxumamış səs verdiyi haqda iddialar səslənmiş şair Vaqif Sənədoğlu heyətdə yoxdurlar.

Müsabiqənin təşkilatçısı, “Əli və Nino” nəşriyyatının rəhbəri Nigar Köçərli bildirdi ki, əsər qəbulu avqustun 28-dən başlayır və noyabrın 16-a qədər davam edəcək.

Martın 1-də ekspertlər uzun siyahını (20-lik), martın 15-də isə qısa siyahını (10-luq) elan edəcəklər.

Bundan sonra isə onluqdakı əsərlər münsiflərə təqdim olunacaq.

Onların seçdiyi qaliblər müsabiqənin iyunun 4-də keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək.

Mükafatlar ötən il olduğu kimi 1-ci yer üçün 3 min, 2-ci yer üçün 2 min, üçüncü yer üçünsə min manatdır.

Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300 AZN, ən yaxşı gənc yazara 300 AZN və ən yaxşı şeirə görə 300 AZN məbləğində mükafat veriləcək.

Bu ilki yeniliklərdən biri də şeir nominasiyasının təsis edilməsidir.

Amerika səfirliyi yenə də ingilis dilindən ən yaxşı tərcüməyə 1000 manat mükafat verəcək.

Ekspertlər heyətinə isə rusdilli yazarlara görə xüsusi olaraq 2 nəfər əlavə ediləcək.

Müsabiqənin baş sponsoru “Baksell” şirkəti 1,2 3-cü yerlərin sahiblərinin əsərlərini elektron formatda çap edəcək və dünyanın öncül internet satış şəbəkəsi olan amazon.com-da satışını təşkil edəcək.

20-liyə düşən əsərlər həm də “Əli və Nino”nun “Bookclub”ında müzakirə olunacaq.

Milli Kitab Mükafatına aid sualın var? Nigar Köçərli canlı efirdə cavablandıracaq. (Bura daxil ol)


Mətbuat konfransından ətraflı video material axşam saytımızda olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG