Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:18

Məktəblər düzəlir, bəs təhsil? [Video]


Məktəblər düzəlir, bəs təhsil?
Gözlə

No media source currently available

0:00 0:04:58 0:00
Direct-ə keçid
-
Bakıda orta məktəblərin çoxunda təmir gedir. Dərslərin başlanmasına sayılı günlər qalsa da, hələ də orta məktəblərdən boya, əhəng iyi çəkilməyib. Hələ də divar üzləyənlərin qulaq batıran səsi ağız deyəni qulaq eşitməyə qoymur.

«BURDAN İLHAM ƏLİYEVİN, ÜMUMMİLLİ LİDERİN ŞƏKLİ ASILACAQ»

Xətai rayonundakı 25 saylı məktəbin direktoru Nəbi Ağayev özünün də, müəllimlərin də fəhlələrə kömək etdiyini, axşam saat 11-dək işləyəcəklərini deyir. Hətta şəklini çəkməyə qoymur ki, köhnə-kürüş geyib. Amma birtəhər razı salırıq. Dövlət televiziyasından çəkilişə gəlməlidirlər deyə, məktəbdə ciddi hazırlıq gedir. Direktor sinif otaqlarını göstərir.

- Burdan İlham Əliyevin, ümummilli liderin şəkli asılacaq.

Direktor kimya, fizika, biologiya kabinetlərinin yenidən qurulacağından danışır. Hətta bu dəfə ayrılan kompyuterlərin yerli istehsal olmadığını da vurğulayır.

- Əvvəl «Kür»ün istehsalı idi. İndi isə Almaniya malıdır... Düz 1977-ci ildən bu günə kimi məktəb təmir olunmamışdı. Bərbad halda idi. Amma indi elə təmir olunub ki, gözlərimizə inanmırıq. Döşəmə taxtadandır, yanğından mühafizə sistemi, işıqlandırma, kanalizasiya sistemi qurulub. Mən nə deyərdim, bizdən ancaq şagirdə təhsil vermək qalır, bu da hamımızın borcu olmalıdır. Mən neçə ildir işləyirəm, belə şey görməmişəm, Türkiyə, İspaniya kafel-metlaxından istifadə edilib.

«ƏVVƏL DEYİRDİLƏR Kİ, MƏKTƏB PUL YIĞIR, BUNDAN SONRA BELƏ SÖHBƏT OLA BİLMƏZ»

Nəbi Ağayev deyir ki, əvvəl məktəbdə şüşə sınanda da öz hesablarına düzəltdirirdilər:

- Əvvəllər deyirdilər ki, məktəblər pul yığırlar. Bundan sonra belə söhbət ola bilməz. Hökumət hər şeyi edib. Deyir ki, gəl dərsini keç.

«UÇUQ-SÖKÜK YERDƏ DƏRS DEMƏYƏ KİMİN HƏVƏSİ OLAR?»

25 saylı məktəblə yanaşı yerləşən 88 saylı məktəbin direktoru Həcər Rəhimova isə deyir ki, məktəb təmirli də olsa, təmirsiz də onların bircə borcu var – yüksək təhsil vermək:

- Hər halda, heç nə birdən olmur. Ölkəmizin iqtisadi səviyyəsi artdıqca, müəllimlərin də maaşları da hissə-hissə artır, diqqətdən kənarda qalmır. Bu qədər xərc çəkilirsə, təmir edilirsə, demək millətin təhsili, gələcəyi hökuməti narahat edir. Paralel getməlidir. Uçuq-sökük, başından daman yerdə dərs deməyə kimin həvəsi olar? Bu dəqiqə paralel gedir hər şey...

«NƏ QƏDƏR YAXŞI MƏKTƏB TİKİRSƏN TİK...»

Təhsil üzrə ekspert Əlövsət Osmanlı deyir ki, məktəblərin təmiri yaxşıdır. Amma vaxtı çatıb ki, məktəbin içindəki təhsilin keyfiyyətinə də diqqət yetirsinlər:
Əlövsət Osmanlı
Əlövsət Osmanlı

- Nə qədər yaxşı məktəb tikirsən tik, nə qədər yaxşı avadanlıqla təchiz edirsən et, onun içində tədris yoxdursa, tədrisin məzmunu yoxdursa, dərs keçilmirsə, müəllim dərsinə biganədirsə, bunun sonucu yaxşı ola bilməz. Əsas odur ki, ordan çıxan şagirdlər keyfiyyətli olsunlar, rəqabətə davamlı olsunlar.

«ÜSTÜ BƏZƏK, ALTI TƏZƏK OLMASIN»

Rauf Həsənov valideyndir. Deyir ki, uşaqlarının təmiz, səliqəli məktəbdə oxumasına sevinir. Amma:

- Atalar misalı var: üstü bəzək, altı təzək... Elə də lazım deyil axı...

Qətibə Məmmədova bu məktəblərdən birinə nəvələrini göndərir:

- Nəvələrim məktəbə gedir, narazıyam ki, pul yığırlar, hər şeyə pul yığırlar. Bir də görürsən uşaq deyir ki, filan şeyə pul ver, bəhmən şeyə. Bundan prezidentin xəbəri yoxdur axı... Amma gedib içərisinə baxmışam, gül kimi ediblər.

Eldar Eynullayev isə hesab edir ki, yeni təmirdən çıxan məktəbə yeni qaydalar, dəyişikliklərlə getmək lazımdır:

- Bəzi-bəzi müəllimləri ələkdən keçirmək lazımdır. Dərs keçmirlər, səhlənkarlıq edirlər. Təmir də yaxşıdır. Amma bir balaca təhsilə fikir versələr yaxşıdır...

Valideynlərin bu arzusu eşidiləcəkmi? Amma bu gün məktəblər təmir hay-küyünün bitib, nəhayət ilk zəngin vurulmasına tələsirlər.
XS
SM
MD
LG