Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28
-
Bloqqer Emin Milli xarici mətbuata müsahibəsində Azərbaycan müxalifətini tənqid edib. Müxalifəti səhvləri etiraf etməməkdə günahlandıran Emin Milli müsahibəsinin bu hissəsini «Bizim niyə zəif müxalifətimiz var?» sərlövhəsi ilə öz bloquna da yerləşdirib.

Amma Emin Millinin bu fikirləri sosial şəbəkələrdə tənqidə tuş gəlib. Bir neçə gündür ki, sosial şəbəkələrdə söz yarışması gedir. Kimin haqlı, kimin haqsız olduğu barədə iki cəbhə yaranıb.

EMİN MİLLİ NƏ İSTƏYİR?

Emin Milli nə yazıb, onun istədiyi nədir? AzadlıqRadiosuna müsahibəsində o, deyir:

«Mən müsahibəmdə suallar qoymuşdum. Birinci məsələ müxalifətin lider problemi ilə bağlı idi. Sonra müxalifət liderlərinin xalqın qarşısında hesabat vermələri, xüsusilə də Müsavat başqanı İsa Qəmbərin 2003-cü ildə prezident seçkisindən sonra meydana çıxanlara qoşulmamağı ilə bağlı idi. Əslində belə reaksiyaları gözləmirdim. Hətta İlham Əliyevi tənqid edəndə, bu qədər hücuma məruz qalmamışdım. Məni təhqir edənlər oldu, hətta ələ saldılar. Mövzuya aid olmayan müzakirələr baş aldı».

Emin Milli deyir ki, onun sualı İsa Qəmbərə idi və təəssüflənir ki, uzun-uzadı müzakirələr getsə də, Müsavat başqanı ona cavab verməyib. Deyir ki, başqa müsavatçılar, o cümlədən Hikmət Hacızadə ona cavab yazıb. Deyib ki, İsa Qəmbərin 16 oktyabr hadisələrində meydana çıxmamağına səbəb onun təhlükəsizliyi ilə bağlı qərarı olub:

«Amma bu cavab məni qane etmir. Mən sualı İsa Qəmbərə vermişəm, o, hələ cavab verməyib. Hesab edirəm ki, onun mənəvi borcudur ki, cavab versin».

İsa Qəmbər

İsa Qəmbər

İSA QƏMBƏR CAVAB VERƏCƏK

Müsavat başqanı İsa Qəmbər bizimlə söhbətdə bildirdi ki, o, bu suallara cavab vermək istəmir, çünki avqustun 28-də AzadlıqRadiosunun «İşdən sonra» proqramının canlı yayımında bütün sualları cavablandıracaq.

Müsavat başqanının gənclərlə iş üzrə müşaviri Səxavət Soltanlı isə sosial şəbəkələrdə gedən müzakirələrə qatılıb. O, İsa Qəmbərin timsalında müxalifətin haqsız ittihama tuş gəldiyini söyləyir:

«Həmin hadisələr zamanı İsa Qəmbərin evi polis nəzarətində olub, faktiki olaraq İsa Qəmbər ev dustağı olub. O zaman o hadisələrə necə qatıla bilərdi? Biz bu cavabı verəndən sonra da bu mövzuda əlavə sual vermək səmimi niyyətdən xəbər vermir».

Səxavət Soltanlı da hesab edir ki, 16 oktyabr hadisələri ilə bağlı suallar meydanda olanlara qarşı zorakı davranış göstərən hakim rejimə ünvanlanmalıdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BU MƏSƏLƏ NECƏ ŞƏRH OLUNUR?

İsa Qəmbərin oğlu İlkin Qəmbər «Twitter»də vətəndaş kimi həm hakimiyyətə, həm müxalifətə, həm İlham Əliyevə, həm İsa Qəmbərə sual vermək hüququ olduğunu bildirən Emin Milliyə yazıb: Erkin Qədirli

Erkin Qədirli


«Heç kim sizin sual vermək hüququnuzu inkar etmir. Sizin yanaşmanız yanlışdır. Müxalifəti tənqid etməklə sizin nüfuzunuz artmayacaq. Bütün diqqətinizi hakimiyyətə yönəldin və onda adamlar sizi dəstəkləyəcək».

Erkin Qədirli isə statusunda yazıb:

«İndi də düşmüsünüz Emin Millinin üstünə? Nə vaxt ciddi olacaqsınız? Mırtdaşa-mırtdaşa məhv olduğunuzu görmürsünüz? Çevrədə onsuz da dəyərli insanımız çox azdır, onları da itirə-itirə gedirsiniz. Özünüzü də itirmiş kimisiniz zatən. Bütpərəstlər!»

2003-cü il oktyabrın 16-da prezident seçkisinin nəticələrinin saxtalaşdırıldığını bəyan edən müxalifət küçələrə çıxıb. Polis və daxili qoşunların əsgərləri «Azadlıq» meydanına daxil olmuş aksiya iştirakçılarını zor gücünə meydandan çıxarıb. Aksiyanın qarşısı alınarkən bir nəfər ölüb, yüzlərlə adam xəsarət alıb, 600-dən çox şəxs həbs edilib. Hakimiyyət bu hadisəni seçkinin rəsmi nəticələri elan edilməmiş iğtişaş salma cəhdlərinin qarşısını alma kimi qiymətləndirib.

Şərhləri göstər

XS
SM
MD
LG