Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:53

Peyğəmbər və Qacar nəslindən olduğu deyilən milyarder Ağa Xan kimdir?


Böyük Britaniya - Ağa Xan həyat yoldaşı Bəyim İnarə ilə, 11 noyabr 1998
Böyük Britaniya - Ağa Xan həyat yoldaşı Bəyim İnarə ilə, 11 noyabr 1998
-

Gülnaz İsfəndiyari


Bu yaxınlarda Tacikistanda qanlı toqquşmalardan sonra hökumət qüvvələrinə təslim olan yaraqlıların lideri Tolib Ayombekov bəyan etmişdi ki, bu addımı Ağa Xanın çağırışı ilə atıb.

Kimdir Ağa Xan?

Ağa Xan toqquşmaların baş verdiyi Dağlıq Bədəxşan bölgəsində sıx yaşayan İsmaili təriqətindən olan müsəlmanların dini lideridir.

İsmaili təriqəti şiəliyin ikinci böyük qolu sayılır.

Amma Ağa xan Tacikistanda yaşamır və onun nüfuz dairəsi Dağlıq Bədəxşan bölgəsindən çox genişdir.

İsmaili təriqətindən olan müsəlmanların sayı dünyada təxminən 15 milyon nəfərdir.

Onlar Ağa Xanı özlərinə imam sayırlar

Ağa Xan ruhani lider olmaqla yanaşı həm də multi-milyarderdir. O, xeyriyyə işlərinə də çoxlu pul xərcləyir.

Azərbaycanlı muğam ustası Alim Qasımovun məşhur Kronos kvarteti ilə birgə ifalarının təşəbbüskarı da Ağa Xanın xeyriyyə fondu idi.

Tolib Ayombekov
Tolib Ayombekov
Amma bunlarla yanaşı beynəlxalq media Ağa xanın dəbdəbəli həyat tərzi keçirməsindən, gözəl qadınlara, bahalı maşınlara və cıdır atlarına xüsusi marağından da yazır.

Onun tam adı Əlahəzrət Şahzadə 4-cü Qasım Ağa Xandır.

İmamı olduğu İsmaili təriqətə tapınanlar dünyanın 25 ölkəsində yaşayırlar.

Əsasən də Pakistan, Əfqanıstan, Tacikistan və İranda. ABŞ, Kanada və Britaniyada da İsmaili icmaları var.

75 yaşlı Ağa Xanın Məhəmməd peyğəmbərin nəslindən olduğu iddia edilir.

O, İsmaililərin 49-cu imamıdır

İsmaili imamları özlərini və ailə üzvlərini şahzadə adlandırırlar.

Bu titul onlara şah babalarından qalıb: 18-ci əsr İran hökmdarı Fətəli şah Qacardan.

Bu titul Britaniya hökuməti tərəfindən rəsmən tanınıb.

“Əlahəzrət” titulu isə Ağa Xana 1957-ci ildə, o, imam məqamında babasını əvəzlərkən Britaniya kraliçası Yelizaveta tərəfindən verilib.

O zaman Ağa Xanın 20 yaşı vardı. O, Britaniya vətəndaşıdır.

“Əlahəzrət” titulu yalnız onun özünə aiddir və atadan övlada keçmir.

Ağa Xan Kaliforniay qubernatoru Arnold Şvartsnegerlə, 2008
Ağa Xan Kaliforniay qubernatoru Arnold Şvartsnegerlə, 2008
Ailə heç bir coğrafi ərazi üzərində hakimiyyətə malik deyil.

"Forbes" jurnalı Ağa Xanı dünyanın monarx nəslindən olan 10 ən varlı şəxsinin siyahısına salıb.

Onun var-datını 800 milyon dollar kimi göstərib

Digər mənbələr isə Ağa Xanın var-datının təxminən 3 milyard dollar olduğunu bildirir.

Bu pulların əsas mənbəyi dünya boyu İsmaili təriqətinə mənsub şəxslərin verdiyi iyanələrdir.

Məlumata görə, İsmaililər öz illik gəlirlərinin 10 faizini dini liderlərinə verirlər.

Amma aydın deyil ki, imam həmin iyanələrdən qazanc əldə edirmi? Onun tərəfdarları deyir ki, pulun böyük hissəsi Ağa Xanın həyata keçirdiyi böyük xeyriyyə kampaniyalarına sərf edilir.

Əsasən də böyük İsmaili icmalarının olduğu ölkələrdə təhsil, inkişaf və s. layihələrin rellaşdırılmasına.

Bundan başqa, məlumatlara görə, Ağa Xan bizneslə də məşğuldur. O cümlədən eksklüziv otel şəbəkələrinə, eləcə də Fransa və İrlandiyada bahalı cins atçılıq zavodlarına malikdir.

Ağa Xanın dini lider obrazı ilə yanaşı “playboy” həyat tərzi sürən şəxs imici də var.

Harvard Universitetinin məzunu olan Ağa Xanın tərəfdarları onun dini liderliyini,
Tacikistan prezidenti İmamoli Rahmon Ağa Xanla birlikdə Tacikistanla Əfqanıstanı birləşdirəcək yeni körpünün təməlini qoyur, 2011
Tacikistan prezidenti İmamoli Rahmon Ağa Xanla birlikdə Tacikistanla Əfqanıstanı birləşdirəcək yeni körpünün təməlini qoyur, 2011
xeyriyyəçiliyini qabartsalar da, paparatsilərin diqqəti imamın nikahları, boşanmaları və nikahdan kənar əlaqələrinə yönəlib.

2 QADINDAN 4 UŞAQ

İmam birinci arvadı ilə 25 il birlikdə yaşayıb. Keçmiş model Sarah Croker Poole müsəlman adı – Bəyim Səlimə adı götürmüşdü.

Bu nikahdan onların 3 uşağı var. Boşananda Bəyim Səliməyə, qarşılıqlı razılaşmaya görə, 30 milyon dollar pul və təxminən 27 milyon dollarlıq zinət əşyaları qalmışdı.

1998-ci ildə Ağa Xan almaniyalı Gabriele zu Leiningen ilə evləndi.

Bu nikahdan Ağa xanın bir oğlu var.

Amma 6 illik birgə həyatdan sonra ailə dağılır.

Bəyim İnarə adı götürmüş qadın məhkəməyə boşanma ərizəsi verir.

Əsas kimi də imamın nikahdan kənar əlaqələrini göstərir.

Boşansalar da, onların məhkəmə çəkişməsi davam edir. Keçmiş arvadı imamdan 80 milyon dollar istəyir.

soldan sağa: sonuncu İran şahının xanımı Fərəh Pəhləvi, Ağa Xan və keçmiş Fransa prezidenti Jak Şirakın xanımı Bernadett Şirak
soldan sağa: sonuncu İran şahının xanımı Fərəh Pəhləvi, Ağa Xan və keçmiş Fransa prezidenti Jak Şirakın xanımı Bernadett Şirak
​İmamın at zavodları, çoxlu malikanələri və hətta adası olsa da,

Heç bir ərazidə şahlıq etmir

Əsasən İsmaililərin yaşadığı Dağlıq Bədəxşan bölgəsi Tacikistanda muxtariyyətə malikdir.

1990-cı illərdə belə şayiələr gəzirdi ki, İsmaililər Tacikistandakı qeyri-sabitlikdən, vətəndaş müharibəsindən istifadə edib özlərini müstəqil dövlət elan edə bilərlər.

Ona görə də tacik jurnalisti Rajabi Mirzo deyir ki, Tacikistan hakimiyyəti hələ də Ağa xana müəyyən şübhə ilə yanaşır.

Çünki onun bölgədəki nüfuzu Tacikistan liderlərindən daha çoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG