Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:09

Azərbaycanda banklar inhisara alınır?


Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı
-
Son günlər bank sektorunda narahatlıq yaşanmaqdadır. Səbəb Mərkəzi Bankın iyulun 25-də verdiyi qərardır.

Həmin qərarda qeyd olunur ki, 2014-cü il yanvarın 1-dən ölkədə fəaliyyət göstərən banklar məcmu, yeni yaradılan banklar isə nizamnamə kapitalının minimum miqdarını 50 milyon manata qədər artırmalıdırlar. Bundan əvvəl həmin məbləğ 10 milyon manat olub.

MƏRKƏZİ BANKIN ƏSASLANDIRMASI

Mərkəzi Bank hesab edir ki, bu qərar bankların kapital bazasının gücləndirilməsi, onlara etimadın daha da artırılması və beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından vacibdir. Bankın yaydığı məlumatda həmçinin qeyd olunur ki, bu, bank xidmətlərinin çeşidinin genişlənməsinə, dəyərinin ucuzlaşmasına dəstək verəcək.

«BANK RESPUBLİKA»NIN OPTİMİZMİ

Hazırda məcmu kapitalının minimum həddi 50 milyondan çox olan banklar narahatlığa əsas görmürlər. «Bank Respublika»nın marketinq departamentinin müdiri Əli Daşdəmirov deyir ki, bankın məcmu kapitalı 57 milyon manatdır və bu, tələb olunan məbləğdən 7 milyon da artıqdır. Bu baxımdan da o, Mərkəzi Bankın qərarını öz bankları üçün problem saymır:

«Narahatlığa səbəb yoxdur. Bu, düzgün addımdır. Çünki bu, bank sektorunun inkişafına təkan verəcək ki, banklar maksimum sabit və sürətli inkişafa nail olsunlar».

BİR İLƏ 20 MİLYON MANAT TAPMAQ OLACAQMI?

Məcmu kapitalı 30 milyona yaxın olan «TuranBank»da 2014-cü ilin yanvarına qədər bu məbləği daha 20 milyon artıracaqlarına ümidlidirlər. «TuranBank»ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Məhərrəmov:

«Bir il ərzində hər halda müdiriyyət və səhmdarlar lazımı tədbirlər görərlər. Bilirsiniz, kim desə «tapmaq olmayacaq», ona da inanmaq lazım deyil. Bir ildən artıq vaxt qoyulub. İnanmıram ki, kapitalı artırmaq «TuranBank» da daxil olmaqla real imkanları olan digər banklar üçün problem olsun».

«MƏBLƏĞƏ GÖRƏ MÜDDƏT ÇOX AZDIR»

Amma iqtisadçı Nazim Məmmədov hesab edir ki, Mərkəzi Bankın qərarı tədricən həyata keçirilsəydi, daha yaxşı olardı:

«Mən bunu yarımçıq qərar sayıram. Həm də hesab edirəm ki, nizamnamə kapitalının artırılması ilə bağlı tələblər həddən artıq sərtləşdirilib. Bu, yeni bankların yaranmasını əngəlləyən amildir».

Nazim Məmmədov
Nazim Məmmədov
İqtisadçı bu qərardan sonra bazarda oliqarx məmurların himayəsində olan bankların daha çox üstünlük təşkil edəcəyini düşünür. Hesab edir ki, əksər iri layihələrə 100 milyonlarla pul xərcləyən nazir və komitə rəhbərlərinin himayəsində olan bankların məcmu kapitalını 50 milyona çatdırması da elə çətin bir iş deyil.

«KİÇİK BANKLAR MƏCBUR OLUB BİRLƏŞƏ BİLƏR»

Özəl banklar Mərkəzi Bankın bankları bir-neçə əldə cəmləmək istəməsi barədə ehtimalları qəbul etmirlər. Ancaq bu tələbi yerinə yetirə bilməyəcəkləri halda, bazardan çıxacaqlarını da etiraf edirlər.

«TuranBank»ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Məhərrəmov mənsub olduğu bankın bu aqibətlə üzləşəcəyini istisna edir. O, bazardan çıxan banklarla bağlı narahatlığa da əsas görmür:

«Kiçik banklar məcbur olub birləşə bilər və ya hansısa böyük banklar xırda bankları ala bilər. Bu şəkildə həll yolu tapıla bilər. İnanmıram ki, bankların bağlanmasına imkan verilsin. Bir-iki bank bağlansa, bu, ölkədə ajiotaj ola bilər. «RoyalBank»ı xarıtlayırsız. Bu, bank sektoruna mənfi təsir edə bilər. Təbii ki, Mərkəzi Bank da belə qərar qəbul etməklə istəyir ki, banklar daha dayanıqlı olsun».

Samir Əliyev
Samir Əliyev
BANKLAR MƏSƏLƏSİNDƏ PƏRDƏARXASI MƏQAMLAR

İqtisadçı Samir Əliyev əmanətçilərin müdafiəsi baxımından Mərkəzi Bankın qərarını müsbət saysa da, bu məsələdə pərdəarxası məqamların olmasına diqqət çəkir.

Samir Əliyev deyir ki, Mərkəzi Bankın 2009-cu ildə birləşmələri üçün banklara verdiyi tövsiyələrə indiyə qədər əməl olunmayıb. İndi bunu inzibati yolla həyata keçirirlər:

«Bu gün ölkədə fəaliyyət göstərən 43 bankın yalnız 15-ə qədərinin məcmu kapitalı 50 milyondan çoxdur. 1 il 4 aya yaxın vaxt qalır və bu vaxta qədər bəzi banklar məcmu kapitalını deyilən normaya qaldıra biləcək. Yəqin ki, haradasa 10-a yaxın bank bazarı tərk etməli olacaq».

Samir Əliyev bildirir ki, bank sektorunda problemlərin yaşanmaması və bu sahədə monopoliyanın olmaması üçün Mərkəzi Bankın tələblərini yerinə yetirə bilməyən kiçik bankların bir-biri ilə birləşməsi məsləhətdir. O, kiçik bankların böyük banklara birləşməsi tendensiyasını isə bank sektoru üçün qorxulu nəticələrə səbəb ola biləcək hal sayır. İqtisadçı bir neçə bankın ölkə üzrə bütün bankları ələ keçirməsini arzu olunan hesab etmir.

Səslənən fikirlərə Mərkəzi Bankdan da münasibət öyrənmək istədik. Amma yazılı və şifahi müraciətlərimizə cavab verən olmadı.
XS
SM
MD
LG