Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:57

Elmar Şahmar. Polemikaya öz şeirlərimlə qoşuluram...


-

Salam, Oxu zalı, "Ulduz" jurnalının gənclərin ixtiyarına verilmiş sayları ilə bağlı polemikaya mən də öz şeirlərimlə qoşulmaq istəyirəm. Qoy oxucu özü qərar versin... şair sözüylə tanınmalıdır, dedi-qodusu ilə yox...


Elmar Şahmar


Sevdim səni

Oxunmamış şeir bildim,
Həyəcanla hey oxudum,
Kəlmə-kəlmə sevdim səni...
Bər-bəzəksiz xalı bildim,
Naxış vurdum, hey toxudum,
İlmə-ilmə sevdim səni...
Bax beləcə
yavaş-yavaş sevdim... ama
sevdim səni...

Daşınmalı bir yük bildim,
Olduğundan böyük bildim,
Qram-qram sevdim səni...
Əl dəyməmiş çiçək bildim,
Qönçə bildim, ləçək bildim,
Aram-aram sevdim səni...
Bax beləcə
qanasa da könül yaram,
sevdim səni...

Titrək, zərif bir səs bildim,
Addım-addım səsə gəldim,
Gələ-gələ sevdim səni...
Yaşamağa nəfəs bildim,
Nəfəs ala-ala öldüm,
Ölə-ölə sevdim səni...
Bax beləcə
öz başıma gülə-gülə
sevdim səni...

Gözəllərdən gözəl bildim,
Əlin tutdum, öz yolumu
Aza-aza sevdim səni...
Vaxtsız gələn əcəl bildim,
Öz əlimlə məzarımı
Qaza-qaza sevdim səni...
Bax beləcə
şeir, qəzəl yaza-yaza
sevdim səni...

Vaxt ötməyən saat bildim,
Səhər-axşam, gündüz-gecə
Küçə-küçə sevdim səni...
Dəli-dolu həyat bildim,
Yaşadım – öz həyatımdan
Köçə-köçə sevdim səni...
Bax beləcə
hər şeyimdən keçə-keçə
sevdim səni...


Gəlmə, səhər, getmə, gecə...

Daha sənə ümidim yox,
Gəlmə, səhər... gəlmə, səhər...
Gecəni oyaq qalmışam,
Bilmə, səhər... bilmə, səhər...

Dərd içində könlüm bişib,
Rəngim solub, gözüm şişib,
Gecə ulduzlar gülüşüb,
Gülmə, səhər... gülmə, səhər...

Bəxtin səndən niyə küsdü?
Ağlayırsan? Bu nə səsdi?
Bu günə bir ölü bəsdi,
Ölmə, səhər... ölmə, səhər...


* * *


• Məni bitirdin, eybi yox,
Bitmə, gecə... bitmə, gecə...
Tapammaram, gözlərimdən
İtmə, gecə... itmə, gecə...

Bu bədəni, bu da qanı,
Övladını yaxşı tanı,
Sənə tapşıracaq canı,
Ötmə, gecə... ötmə, gecə...

Qoynunda çırpınan quşam,
Dağılıb toz olmuş daşam,
Səhərə gəlmə demişəm,
Getmə, gecə... getmə, gecə...


* * *


Bu gecə də belə gəldi,
gedir - sabah yoldadı...
Ahım ürəyimi dəldi,
sabahkı ah - yoldadı...

Kimi öpüb əzizləyər,
kimi acı söz deyər.
Yığılıb məni gözləyir,
neçə günah - yoldadı...

Baxar Aya, baxar Günə,
bəşər sevinməz yenə.
Hər insanın ürəyinə
gələr Allah - yoldadı...


Bu dünyanın axırına...

Getmə, yenə düşər işin,
Sonrasını özün düşün...
Heç bilmədim bu görüşün
Əvvəli nə, axırı nə...

Qoy başını sinəmə, yat,
Budur sevgi! Budur həyat!
Bizimlə bir uçur saat,
Vaxt su kimi axır sona...

Əllərimdə solan çiçək,
Saçlarını yolan mələk,
Gəl qol-qola çıxıb gedək
Bu dünyanın axırına...


Tələsmə

Yarım məni gözləyir,
Külək, dayan! Yel, əsmə!
O, sizlərdən gözəldi,
Çiçək, dayan! Gül, əsmə!

Nolsun, səbrin azalıb,
Ayaq, dayan! Bel, əsmə!
Vüsalına az qalıb,
Dodaq, dayan! Tel, əsmə!

Qucaqlayıb sıxarsan,
Bilək, dayan! Əl, əsmə!
Daha çox darıxarsan,
Ürək, dayan! Tələsmə!


Unutdu... unutdu...

Gedəcəkdi, gözləmədi,
o getdi... o getdi...
Gedişiylə isitmədi,
üşütdü... üşütdü...

Nə düşündüm – xəyalımda
o bitdi... o bitdi...
Qəlbimdəki ağrıları
böyütdü... böyütdü...

Son ümid də sevgi kimi
bəsitdi... bəsitdi...
Bəlkə bir gün harayımı
eşitdi... eşitdi...

Soyuq, qarlı qış gecəsi
qayıtdı... qayıtdı...
Qucaqlayıb əllərimi
isitdi... isitdi...

Hayatımın tamamını
o tutdu... o tutdu...
Sezen abla, çok soruşma,
unutdu... unutdu...


"Ulduz" jurnalı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG