Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:28

Etibarnaməyə etibar edən ailə küçədə qalıb


Arxiv foto
Arxiv foto
«70 min pul verib ev alasan, axırda «bomj»ların palatkasına sığınasan».

Bakı sakini Şərqiyyə Mansurova «Qaynar xətt»ə şikayət edib. Deyir, 3 il əvvəl «Neftçilər» metrosu yaxınlığındakı ev bazarında ev dəllallığı ilə məşğul olan Seyran Canbaxışovun vasitəçiliyi ilə Firdovsi Qayıbov adlı şəxsdən 3 otaqlı ev alıb. Ancaq evi etibarnamə əsasında alması indi onu dul qızı və nəvələri ilə küçələrdə qoyub.

«MƏHKƏMƏ DƏ KÖMƏYİM OLMADI»

«Evimi 65 min manata satdım ki, bir az geniş ev alım, əri vəfat etmiş və iki uşağı ilə tək qalmış qızımla birlikdə yaşayım. Bazarın üstündə mənə 70 min manata 3 otaqlı ev tapdı. 5 min də borca-xərcə tapıb evi aldım. Evin sahibi dedi ki, çıxarışda bir az problem var, gəl əvvəl sənə evi etibarnamə ilə verim, sənədin problemini həll edəndən sonra adına keçirək. Düşündüm ki, daş binada, münasib mərtəbədə 3 otaqlı evi əldən verməmək üçün müvəqqəti çətinliyə dözərəm və razılaşdım. Notariusdan mənə etibarnamə verdi. 1 il evdə yaşayandan sonra xəbər tutdum ki, etibarnaməni ləğv etdirib. Məhkəmə də köməyim olmadı».

Şərqiyyə Mansurova deyir ki, Nizami rayon Məhkəməsi Firdovsi Qayıbovun iddiası əsasında onu və ailəsini evdən çıxardıb:

«Bir də gördük ki, Nizami rayon Məhkəməsindən bildiriş gəlib ki, evin sahibi mənim evdən çıxarılmağım barədə iddia qaldırıb. Məhkəmə icraçıları gəldilər, bir saatın içərisində avadanlıqlarımızı tökdülər küçəyə. Küçədən də kim, hara daşıdı, apardı, xəbərimiz olmadı».

«3 GÜN «BOMJ»LARIN PALATKASINDA QALDIQ»

Şərqiyyə Mansurova indi qızı və iki nəvəsi ilə küçələrdə qalıb:

«Nə özüm işləyirəm, nə də qızım. Kirayə pulu da verə bilmirik. Ona görə də heç yerdə bir aydan artıq qala bilmirik. 1 ildir ki, küçələrdəyik. Qışda 3 gün «bomj»lar üçün qurulmuş «palatka»da qaldıq, onların yeməyindən yedik. Ancaq o barədə düşünürdüm ki, 70 min pul verib ev alasan, axırda «bomj»ların palatkasına sığınasan. Nəvələrimin biri 4, o biri 5-ci sinfə getməlidir. Konkret yaşayış yerimiz olmadığı üçün o uşaqları da məktəbə qoya bilmirik. Hər gün özümü öldürmək barədə düşünürəm, ancaq yenə də bu azyaşlı uşaqlara görə fikrimdən daşınıram. Axırımız necə olacaq, bilmirəm».

Firdovsi Qayıbov isə «Qaynar xətt»ə bildirib ki, Şərqiyyə Mansurovaya evi ona görə etibarnamə əsasında verib ki, qadın ona evə görə pul verməyib:

«PUL VERMƏDİ, MƏN DƏ EVDƏN ÇIXARTDIM»

Şəfa Camalzadə
Şəfa Camalzadə
«Gördüm küçədə qalıb, özündən çox uşaqlara yazığım gəldi, özüm Rusiyada yaşayıb işləyirəm, düşündüm boş evdir, savabdır, verdim qaldılar. Dedi ki, Naxçıvanda ev-eşikləri var, gedib satıb gətirib mənə pul verəcək, evi alacaq. Mən də ona yalnız etibarnamə verdim, razılaşdıq ki, alqı-satqı olandan sonra evi adına keçirəcəm. Evi almadı, mən də Rusiyadan qayıdanda etibarnaməni ləğv etdirdim».

Şərqiyyə Mansurova deyir ki, aralarında rəsmi alqı-satqı olmayıb, pulu Firdovsi Qayıbova maklerin yanında nağd şəkildə verib.

Vəkil Şəfa Camalzadə hesab edir ki, ev asqı-satqısında aldanmanın əsas səbəbi tərəflərin hüquqları haqda məlumatsızlığından irəli gəlir.

«Adamlar hesab edirlər ki, baş etibarnamə əsasında əmlakın ötürülməsi alqı-satqı kimi qiymətləndirilə bilər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi notarial qaydada bağlanmış müqavilə əsasında mümkündür. Onun etibarnamə əsasında ötürülməsi alqı-satqı müqaviləsi hesab oluna bilməz. Ola bilsin ki, həmin mənzilin sənədləri qaydasında olmayıb, ona görə də notarial qaydada alqı-satqı müqaviləsinin bağlanması da mümkün olmayıb. Çünki mənzilə dair qeydiyyat şəhadətnaməsi yoxdursa, təbii ki, notarius həmin mənzilin alqı-satqısı ilə bağlı müqaviləni təsdiq edə bilməz, Etibarnamə verən şəxs onu istənilən anda ləğv etmək hüququna malikdir».
XS
SM
MD
LG